İnsan həyatına ziyan gətirə biləcək məqamlar çoxdur. İşsizlik, sosial ədalətin pozulması, ekoloji fəlakətlər və s. qeyd etmək olar. Mən yalnız münaqişələrin insan həyatında yaratdığı sarsıntılarla bağlı fikirlərimi açıqlamaq istərdim. Gerçəkdən Qarabağ münaqişəsinin gətirdiyi fəlakətlər hamıya bəllidir. Lakin burada bizim hiss etmədiyimiz çox ağrılı məqamlar var və bütün bunlar dərinləşməkdədir..
Münaqişələr zamanı yaranan stresslər, gərginliklər müxtəlif formalarda özünü göstərir. Bu gün müharibənin törətdiyi fəsadlardan yaranan gərginliklər, insanlarda getdikcə artan aqresivləşmə və digər faktorlar nədənsə ciddi araşdırılmır. Ümumiyyətlə, kifayət qədər vaxt və maliyyə tələb edən tədqiqat işi bu gün arzu olunan səviyyədə deyil. Azərbaycan mühitində bir çox sahələrdə geniş tədqiqat işinə ehtiyac hiss olunur.
Təbii ki, münaqişələrin, müharibənin öz qanunları və çətinlikləri var. Ancaq azyaşlı, məsum körpələrin hansı günahı var ki, münaqişənin fəsadlarından şikəst döğulur. Bu qüsurlar onları ömür böyu təqib edir, cəmiyyətdən təcrid olunurlar.
Bəzi faktları qeyd etmək istərdim. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının dəstəyilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Ermənistan-Azərbaycan münaqişəsinin insan faktoruna vurduğu ziyanla bağlı tədqiqatların aparılması və innovativ təşəbbüslərin artırılması” layihəsini həyata keçirib. Layihə haqqında kifayət qədər məlumatlar ictimaiyyətə təqdim olunub. Lakin bəzi məqamlara ötəri nəzər salaq.
Biz bu layihəni bitirsək də gördüyümüz mənzərələrin stressindən hələdə çıxa bilməmişik. Həmin layihə dövründə araşdırmalar nəticəsində məlum oldu ki, 1989-cu ildə Ağdam rayonunda 1-2 uşaqda qıcolma baş verirdisə, hal-hazırda doğulan uşaqların təxminən 60%-ində bu xəstəlik baş qaldırır. Həmin rayonun Üçoğlan kəndində 20 azyaşlı uşaq iflicdir. Belə xəstəliklər yalnız Ağdamla bitmir. Bizim həyata keçirdiyimiz layihə Ağdamla bağlı olduğuna görə, yalnız həmin rayonun adını çəkirəm. Təəssüf ki, xəstəliklər digər yerlərdə də geniş yayılır.
Cəbhə bölgəsinə gedəndə fikirləşirik ki, görəsən hər hansı təhlükə baş verib-verməyəcək. Bir qorxu, narahatçılıq hissi insanların daxilində qalır. Qorxunu içərilərində boğan həmin cəbhə bölgəsində yaşayan insanların çalışması, uşaqların məktəbə getməsi, müəllimlərin o gərginlik içərisində dərs deməsi fədakarlıqdır.
Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadların təhlilini aparsaq görərik ki, son 20 ildə yetişən gəncliyə bu münaqişə necə təsir edib. Mənim fikrimcə, erməni təcavüzü istiqamətində təbliğatı quran zaman bu məqamlara önəm vermək lazımdır. Axı dünya demokratlarının yuxusuna insan hüquqlarının pozulması haram qatır. Kimin dəstəyilə, kimin fitvası ilə baş verməsindən asılı olmayaraq Ermənistanın təcavüzü özü də insan hüquqlarının 20 ildən artıq pozulması deməkdir.
Bütün dinlərdə, beynəlxalq təşkilatların nizamnamələrində insan hüquqları ən ali bəşəri prinsip kimi qəbul olunur. Müqəddəs kitabımız olan Qurani-Kərimin 49-cu surəsinin 13-cü ayəsində yazılır: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından ibarət yaratdıq, sonra sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız”. Əslində bu ayədən BMT-nin İnsan Hüquqları Bəyannaməsinin birinci maddəsi meydana gəlir. Həmin sənəddə göstərilir: “Bütün insanlar öz hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilmişdir və onlar qardaşlıq münasibətində olmalıdırlar”.
Münaqişənin fəsadlarına nəzər salanda o da aydın şəkildə təsdiqlənir ki, həmin Bəyannamə BMT-nin digər sənədləri kimi kağız üzərində qalıb. Təbii ki, münaqişə dövründə insan faktorunun, xüsusilə, azyaşlıların ziyan çəkməsi məsələsinə ötəri, laqeyd yanaşmaq olmaz. Digər tərəfdən BMT-ni, başqa beynəlxalq təşkilatları tənqid etməklə, asıb-kəsməklə və yaxud ənənəvi deyingənliklə məsələ bitməməlidir.
İnsan faktoru ilə bağlı görülməsi vacib olan ciddi işlər var.
Birincisi, işğal olunan rayonlarla bağlı hər biri haqqında ayrıca araşdırmalar aparılmalıdır. Dünyanı hay-küylə deyil məntiqli, inandırıcı faktla inandırmaq mümkündür.
Ikincisi, bu araşdırmalara təcrübəsi və intellekti olan insanları cəlb etmək effektli olar. Ümumiyyətlə, bu sahədə peşəkar kadr hazırlığı gündəmdə olmalıdır. Təəssüf ki, QHT sistemində davamlı maliyyənin olmamasına görə, bu sahədə formalaşan peşəkarlar öz iş yerlərini dəyişmək məcburiyyətində qalırlar.
Üçüncüsü, faktları ortaya çıxarmaqla, ictimaiyyətə təqdim etməklə iş bitməməlidir. Vurulan ziyana görə məcburi köçkünlərə kompensasiyaların ödənilməsi məsələsini gündəmə gətirmək lazımdır. Bunun üçün beynəlxalq hüquqda kifayət qədər mexanizmlər var.
Nəhayət, münaqişə dövründə insan hüquqları ilə bağlı, insan faktoruna dəyən ziyanla əlaqədər bəzi ölkələrin təcrübəsini öyrənməyə zərurət var. Çünki bu sahədə araşdırma apararkən cəlbedici metodologiyalara rast gəlmək mümkündür.
Əlqərəz bu sahədə daha çox çalışmaq lazımdır. Baş verən vəhşilikləri sadəcə olaraq seyr etmək və hər şeyi zamanın ixtiyarına buraxmaq özü-özlüyündə fəlakətdir. Gəlin, belə etinasızlığa son deyək.