Modern.az

Ağdama akademik baxış

Ağdama akademik baxış

Ölkə

12 Sentyabr 2013, 16:18

Evimiz məscidin yanında Mizə Fətəli küçəsində idi. Məscidlə üzbəüz şəhərin ilk univermağı açılmışdı. Univermağın təməli isə 1937-cu ildə qoyulmuşdu. Sonradan, 70-ci illərdə o söküldü, yerində gül-çiçəklik salındı. Məşhur “Çay evi” məhz həmin univermağın yanında  ucaldılmışdı...

Atam dünyasını dəyişəndən sonra həyatyanı torpaq sahəsinin bir hissəsini əslən Quzanlı kəndindən olan Qafar Qədirova satdıq. Qafar müəllim uzun müddət Quzanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışmışdı...

Məscidin arxa hissəsində 50-ci illərdə məhkəmə binası,  ona bitişik isə “pekarnı” var idi. Rayonda ilk çörəkbişirmə  zavodu xeyli müddət idi ki burada fəaliyyət göstərirdi.

Müharibədən əvvəl biz atamın işi ilə bağlı  Bakıya köçmüşdük. O zaman Bakı Şəhər Milis İdarəsinin rəis müavini təyin etmişdilər atamı. Ondan sonra isə “narkomzem”də (torpaq komitəsində) vəzifə də çalışdı. Yay aylarını demək olar ki, atamın işi ilə əlaqədar Laçın dağlarında keçirirdik.  Hələ 1938-1939-cu illərdə ermənilər torpaq məsələsini  ilk olaraq yerlərdə qaldırmışdılar. Lakin iş elə gətirdi ki,  atam şəhərdən şəkilçəkən gətirib dağlarda olan  qədim müsəlman qəbrstanlıqlarının şəklini çəkib yuxarılara və ermənilərə göndərdi...

Bu dağlarda yaşayan və istirahətə gələnlərin arasında mən erməni görmədim. Aran Qarabağdan olanlar  yay aylarını  yalnız  Minkənd ,Turşsu, Koladay  və  Şuşada keçirərdilər...    

Beləliklə,  Ağdama o dövrdə  yenicə “rayispolkom” təyin edilmiş Şəmil Mirzəyevin təkidi ilə 1941-ci ilin sonlarında gələsi olduq. Ş.Mirzəyev Mir Cəfər Bağırovun razılğını alıb atamı rayonda saxladı. Araları yaxşı idi.  Vaxtında atası Camal bəy Mirzəyevin etdiyi yaxşılığı M.C.Bağırov unutmurdu.

Müharibəyə getmək üçün ərizə versədə atamı rayonda saxlayıb Çörək zavoduna müdir təyin etdilər. Müharibənin sonunadək o dövrdə ən strateji sahəyə atam rəhbərlik edəsi oldu. Müharibə dövründə mən bir nömrəli məktəbdə oxuyurdum. Səkkizinci sinifdən onuncu sinfə kimi S.S.Axundov küçəsində olan Abbas bəyin məktəbində təhsilimi  davam etdirdim.

Müharibədən sonra atam “sobezə” sosial-təminat şöbəsinə müdir keçdi. 1952-ci ildə rayonun birinci katibi ilə sözləri düz  gətirmədi.  Yadımda  qalan odu ki, atama qarşı haqsızlıq oldu. Birinci katibin təhriki ilə həbs olundu. Bir il iki aydan sonra bəraət alıb türmədən  çıxdı.  Doqquz gün sonra isə ürəyı partladı...

Qırx doqquz yaşında  atamızı itirdik...

Bütün bu hadisələr 1953-cü ilin əvvəlində baş vermişdi.

Mən isə 1949-cu ildən  uşaq məsləhətxanasında çalşırdım.  Sonralar  məsləhətxananı uşaq poliklinikasına çevirdilər. Uşaq məsləhətxanası Muradbəyli yolunda, Bünyad Sərdarov küçəsində  ikimərtəbəli binada yerləşirdi. Bu binada həmdə nümunəvi uşaq baxçası fəaliyyət göstərirdi. Uşaq xəstəxanası da o vaxtlar bu küçədə idi. 50-ci illərdə uşaqların peyvənd edilməsinə ciddi şəkildə diqqət yetirilirdi.  Sahə həkimi olaraq ərazimdə olan ailə və uşaqlar haqqında geniş bilgilər indi də yadımdadır...

Tanınmış həkim Fərrux bəy Əliverdibəyovun evi də həmin səmtdə, “selxoztexnikum”la üzbəüz idi. Müharibə dövrü Fərrux bəy evini Ağdamda  olan hospitalın Zeynalov familiyalı baş həkiminə təmənnasız olaraq vermişdi. Hospital isə Qara bəyin evi ilə üzbəüz ərazidə olan internat məktəbin binasında yerləşirdi. Müharibədən sonra o binada Ağdam İkiillik Müəllimlər İnstitutu fəaliyət göstərmişdi. Müəllimlər institutunun, “voenkomatın”, həmdə beş nömrəli məktəbin binasını babam Kəbla Vəli (Kərbalayi Vəli Vəliyev) inşa etdirmişdi.  Həmin əraziyə Kəbla Vəli məhləsidə deyərmişlər. Beş qardaş olublar. Qardaşlar biri tez tez  Piterə mal dalınca  gedərmiş.   Kərbalayi  Vəli Vəliyev mənim ana babam idi. O, Seyidli kəndindən olub imkanlı və bacarıqlı tacir idi...     


Bu   xatirələrini bizimlə bölüşən akademik Adilə Namazova  ilə  bir daha  xəyalən  Agdamlı günlərə qayıtdıq. Hər cümləsində səsi titrəsədə özünü tox tutur, inamını itirmək istəmirdi. Beləcə, xeyli danışdıq. “Aranı daga, dagı arana” qatdıq. Amma Ağdamdan kənara çıxmadıq. Gah kəbla Vəli məhləsini, gahda məscid məhləsini dəfələrlə dolaşası olduq. Maraqlı idi ki, yorulmurduq. Niyə də yorulmalıydıq?  Neçə vaxtı idi ki, bu yerləri gəzmirdik axı...

Bir xeyli Adilə xanımla söhbət etdik. Qarabağın tanınmış nəsllərindən olan Vəliyevlər, Qurbanovlar və Piriyevlərlə yaxın qohumluq əlaqələrinin olmasından, habelə Ağdam Tibb Texnikumda dərs deməsindən başlamış, Moskvada təhsil aldığı illərdə rayona gəlişinədək...

90-cı illərdə SSRİ xalq deputatı kimi fəaliyyətindən də danışdıq.  Maraqlı bir faktı da xatırlatdı Adilə xanım:

- Anam 1990-cı ildə vəfat etmişdi.  Təcili şəhərə gəlib rəhmətliyin dəfni ilə məşğul oldum. Lakin çox çətin vəziyyət yaranmışdı. Şəhərdə fövqəladə rejim hökm sürürdü. Mən rus generalından “Qaraağacı” qəbrstanlığında  dəfn üçün şərait yaratmağı tələb etdim. Gərgin bir şəraitdə anamı ailə məzarlığında yanında dəfn etdik. Bu hal onun başdaşını götürəndə bir daha təkrar olundu. Mənə maraqlı gələn o oldu ki,  generalın bir tapşırığı ilə həmin günlər tam  sakitlik hökm sürdü. Sanki prosesi idarə edən məhz rus generalı idi.  Demək bu işin həlli heçdə tək ermənilərdən  asılı deyildi...

Ağdam dünyanın ən gözəl yeriydi. Həm insanları, həmdə torpağı ilə seçilirdi Ağdam.                     

Torpağa düşən qələm növbəti il bar verərdi. İnsanları mehriban, hormətcil, bu dünyanı başa düşən biləndilər. Son illər cənnətə dönmüşdü...

Hər gün azan səsinə yuxudan ayılır və bu səslə də yuxuya gedərdim. Sanki bu səs mənə gündəlik fəaliyyət üçün enerji verirdi. İndi azan səsi eşidəndə səksənirəm. Bir anlıq küçəmiz, həyətimiz yadıma düşür....

Ağdama gedəndə ilk olaraq “Qaraağacı”ya atamın, babalarımın, anamın, qardaşımın qəbrlərini ziyarət edəcəyəm. Ən böyük arzum isə Ağdamın məscidini bərpa etdirməkdir.

Söhbətimiz kövrək notlarla bitdi...

Ancaq görüşlərim davam edir. Ruhlar şəhərini xəyalən gəzirik, ancaq  real olaraq şəhərin küçələrini gəzəcəyimiz günü hər birimiz səbrsizliklə gözləyirik...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı