Modern.az

"Çığırma, yat, ay ac xəstə, yuxunda çoxca dərman gör"

"Çığırma, yat, ay ac xəstə, yuxunda çoxca dərman gör"

کشور

12 Aprel 2014, 10:08

Boş-boşuna "inkişaf etmiş ölkə" cümləsini deyib-eşitməklə, dünyanın aparıcı ölkələri sırasına qoşulmaq olmur. Ölkənin inkişafını göstərən əsas amillər, onun təhsili və səhiyyəsidir. Təhsil haqqında çox deyib, çox eşitmişik. Ortada da, hələlik, ciddi bir irəliləyiş yoxdu. Keçək, ikinci məsələyə.

Hərçənd, səhiyyə problemləri də, az söhbət mövzusu olmayıb.

Sağlam bədəndə sağlam ruh olar, deyərlər. Sağlam ruh da sağlam təfəkkür yetişdirər. Xəstə, çarəsiz insandan hər hansı dünyəvilik gözləmək, Azərbaycan müəlliminin sosial rifahı qədər qeyri-real görünür.

 Sağlamlıq insan həyatının ən dəyərli nemətidir. Ancaq, görünür, Azərbaycanda yaşayırsansa, bu deviz pulla əvəzlənməlidir. Bəli, pul Azərbaycan vətəndaşının ən dəyərli nemətidir. Pulun yoxdura sağlamlığın da olmayacaq.

Məlum məsələdir ki, insan nə qədər sağlam həyat tərzi keçirsə də, bir müddət keçdikdən-yaş ötdükdən sonra mütləq səhhəti ilə bağlı müəyyən narahatlıqlar keçirməyə başlayır. İstər siqaret və içikdən, istərsə də stress və əsəbdən uzaq olsan da. Odur ki, bəzi "optimistlər"  fikirləşməsin ki, sağlamlıq insanın öz əlindədir.

Ölkəmizin bərabər tutulduğu inkişaf etmiş ölkələrdə, icbari və ya könüllü tibbi sığorta həyata keçirilir ki, bu da insanların sağlığıyla bağlı ən kiçik narahatlıqlarında belə, canından savayı, digər məsələlər haqda düşünməməsini təmin edir. "Allah heç kimin işini xətəxanaya salmasın" arzusu və buna ürəkdolusu "Amin!" reaksiyası, səbəbsiz yaranmayıb xalq arasında.  Məişət qayğıları ilə kifayət qədər yüklənən insanı, səhhətində yaranmış  problem ikiqat qayğılandırır. Aylıq 250-300 manatla dolanan orta statistik Azərbaycan ailəsinin hər hansı məbləğdə büdcəyə malik olması təbii ki, ağlabatan deyil. Odur ki, ailənin hər hansı bir üzvünün ciddi xəstəliyə tutulması onun külli miqdarda borca düşməsinə səbəb olur. Bilmir, canının, xəstəsinin dərdini çəksin, yoxsa borcunun, borclusunun.


Azərbaycanda tibbi sığorta haqqında qanun 1999-ci ildə qəbul edilib. 2008-ci ildə isə bu qanuna əlavə və dəyişikliklər edilib. Qanunun təsdiq olunduğu dövrdən 15 il keçsə də, hələ də icrası xəyal olaraq qalır. Tibbi sığorta icbari, yəni məcburi və könüllü şəkildə həyata keçirilir. Məcburi sığorta həm dövlət sosial sığortasının tərkib hissəsidir, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasını təmin edir.

 2008-ci ildə ölkə prezidenti İlham Əliyevin  Dövlət Sığorta Agentliyinin yaranması ilə bağlı sərəncamı da hələ də icrasını gözləyir. Bununla bağlı yaranmış sualları da iki aidiyyatı orqan bir-birinin üzərinə atır.

Tibbi sığortaya dövlət büdcəsindən 2009-cu ildə 50 milyon manat, 2010-2011-ci illərdə isə 30 milyon manat vəsait ayrılıb. Lakin, vəsait istifadə olunmadığından büdcəyə qaytarılıb. Vəsait bir o qədər çox olmasa da, hər halda qanunun ilkin icra tədbirlıri üçün kifayət qədər yetərlidir. Nəzərə almaq lazımdır ki, bu vəsaitlə minlərlə xəstə sağlamlığına qovuşa bilərdi.

Qanunun icrasıyla bağlı aidiyyatı orqanlara verilən suallara, qanunun icrası hələlik çətin məsələdir, deyə cavab verilir. Nazirlər Kabinetinin 2013-cü ilin sonlarına dair Milli Məclisə hesabatında millət vəkili Hadı Rəcəbli, tibbi sığortanın işləməməsinə diqqət cəlb edərək, bir qədər sərt tərzdə belə bir fikir ifadə etdi: "Kimə də, nə deyirsən deyir, çox ağır məsələdi. Məgər, yol çəkmək ağır deyildi, körpü salmaq ağır deyildi. Başqa məsələlər ağır deyildi?!"

Göründüyü kimi, qanunun icrası qalıb havada. Bunun da acısını vətəndaşlar çəkir. Ölkədə fəaliyyət göstərən xəstəxanalarda xidmətlərin həddən artıq baha başa gəldiyi üçün insanlar arazın o tayına üz tutur. Həmçinin, İran səhiyyəsinin xeyli inkişaf etməsini də nəzərə alsaq, bu səbəbə keyfiyyət göstəricisini də əlavə etmək olar.

Böyüyüb boya-başa çatdığım Ağcabədi rayonunda keçən il dünya standartlarına cavab verən, ən müasir aparatlarla təchiz olunmuş xəstəxana tikilib istifadəyə verildi. Lakin,  xidmətlər hələ də standartlardan çox uzaqdır. Bu yaxınlarda mediada da kifayət qədər səs-küyə səbəb olan  hadisə bunu təsdiq etdi ki,  səhiyyə xidməti arzuolunan səviyyəyə yaxın belə, gəlmir. Üzərinə qaynar su tökülmüş və elə də ciddi xəsarəti olmayan körpənin müalicəsinin həmin xəstəxanada mümkün olmadığı bildirib və valideynlərinə paytaxta aparılması tövsiyyə edilib.

Müəyyən qədər keyfiyyətli xidmət göstərən klinikalarda isə qiymətllər kifayət qədər bahadır. Adicə, xəstəni başqa ölkəyə göndərmək üçün təcili tibbi yardım maşınıyla hava limanına aparılması üçün 700-800 manat pul tələb edilir. Bir neçə ay  çoxlarının diqqət mərkəzində olan, xəstəliyi ilə bağlı yardım aksiyası keçirilən mərhum Nərmin Hüseynli ilə bağlı məsələni, analoji hala nümunə göstərmək olar.

Nə qədər acı olsa da, mövzuya üç nöqtəni Mirzə Ələkbər Sabirin şerindəki bu hissədə kiçik təhrif aparmaqla qoyaq : "Çığırma, yat, ay ac xəstə, yuxunda çoxca dərman gör"...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı