
Ötən il baş verən ən böyük kadr dəyişikliklərindən biri də əmək və əhalinin sosial müdafiəsi naziri postuna yeni nazirin - Səlim Müslümovun təyin olunmasıdır. O, yeni təyinat aldıqdan sonra bir sıra kadr islahatları həyata keçirdi. İlk növbədə sosial müavinətlərin verilməsində baş alıb gedən qanunsuzluqlara sərt təpki verdi. Əlillik dərəcəsinin təyini və s. müşkül məsələlərdə də yeni nazir ciddi islahatlar vədi ilə çıxış etdi. Bəs sonra?
S.Müslümovun gələcək fəaliyyətində vətəndaşların əsas gözləntisi nədir? Modern.az sosial sahədə ixtisaslaşmış ekspertlər arasında bu mövzuda sorğu keçirib.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı: ““Hələ yaxşı nəticələr əldə olunacaq, bu istiqamətdə işlər görülür. Amma çox qısa zamanda böyük müsbət dəyişiklərin olduğunu söyləmirəm. Bəzi məsələlər var ki, onların həlli üçün vaxt lazımdır. Məsələn, idarəetmə sistemində hansısa qanunların daha da təkmilləşməsi bir az vaxt tələb edir. Bütövlükdə, Səlim Müslümov bundan qabaqkı postunda olduğu müddətdə də ən çox hörməti olan, xalqa, vətəndaşlara, deputatlara yaxın olan, hər zaman bütün məsələlərdə müzakirələrə açıq bir adam idi. Ona uğurlar arzulayıram. Əminəm ki, bu sahədə rəhbərlik etdiyi müddətdə çox gözəl nəticələr olacaq. Qısa müddətdə ondan çox böyük şeylər tələb etmək məncə, bir az ədalətsizlik olar. Amma atdığı addımlar göstərir ki, uğurlu nəticələr əldə olunacaq”.
Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov: “Mən bu sahədə islahat görməmişəm. Ünvanlı sosial yardım alanların siyahısı əvvəldən hazırlanmışdı. Əmək Məcəlləsinə çox ciddi dəyişiklik edildi, amma tətbiq oluna bilmir, havada qalıb. Nə Tibbi-sosial ekspert komissiyalarının işinin təşkilində, nə də Dövlət Əmək Müfəttişliyi xidmətində hələ hər hansı bir islahat olub, yəni mən islahat görmürəm. Bircə onu deyə bilərəm ki, Dövlət Əmək Müfəttişliyi, yerlərdə sosial müdafiə fondlarına, tibbi-sosial ekspert komissiyalarına tapşırıq verilib, onlar rüşvətin qarşısını qismən alıblar. Amma bu islahatın nəticəsi deyil. Bu tapşırığın nəticəsidir.
Ünvanlı dövlət sosial yardımların verilməsi prosesi elədir ki, onu xüsusi qeyd etməklə neqativ halların qarşısını almaq mümkün deyil. Yəni müvəqqəti bu cür saxlamaq olar. Amma orada islahatlar aparmaq lazım idi. Hansısa bir variant fikirləşmək lazımdır. Bu yardımların verilməsi kasıbçılığı aradan qaldırmır. Çünki dinamikaya baxanda 2006-cı ildən bu yana pul alanların, ailələrin sayı, pulun məbləği artır. Bu belə olmamalıydı, əgər kasıbçılığı aradan qaldırırıqsa, əks proses getməliydi. Bu, Səlim Müslümovun problemi deyil. Burada ciddi islahat olmalıdır”.
“Həftə içi” qəzetinin redaktoru Elxan Salahov: “Ümumiyyətlə, Səlim Müslümov işqolik məmurlardandır. İctimaiyyətə də kifayət qədər açıqdır. Onu hələ Dövlət Sosial Müdafiə Fondunun sədri olanda da işgüzarlığı, ictimaiyyətlə, mətbuatla açıqlığı görünürdü. Ünvanlı sosial yardım siyasətinə yenidən baxması, o sahədəki ünvanlı sosial yardım təsis olunduğundan bəri davam edən, artan nöqsanların aradan qaldırılması, məmur özbaşınalığına qarşı sərt tədbirlər, ünvanlı sosial yardımların təyinatında, əlillik dərəcələrinin, yəni Tibbi-ekspert komissiyalarının fəaliyyətində şəffaflıq məsələləri Səlim Müslümovun nazir vəzifəsinə gələndən sonra həyat keçirdiyi ən mühüm dəyişikliklərdir və bu təkcə mətbuat vasitəsilə müşahidə olunmur. Mən səmimi şəkildə deyirəm, cəmiyyətdə də o nazirliyə, o struktura olan gözləntiləri, insanlarda hökümətə etimad hissini bir qədər artırıb. Ünvanlı sosial yardım alanların siyahısının, qaydaların nazirliyin saytında yerləşdirilməsi, müraciətin elektron tətbiqi imkanlarının genişləndirilməsi müsbət məqamlardır və bunlar o nazirliyə olan ictimai inamı artırır. Bu addımların nəticəsinin necə olacağını demək bir qədər çətindir. Məncə, gözləntilər özünü doğruldacaq. Amma bu dəyişiklər bütöv bir siyasi idarəetmə sisteminin bir tərkibi, strukturudur. Bu gözləntilərin özünü doğruldub-doğrultmaması böyük mənada siyasi idarəetmənin təsirindən asılı olacaq.
Mən gözləyirəm ki, ünvanlı sosial yardımın təyinatında islahatlar davam etdirilsin. Ucqar kəndlərdən, məsələn Gədəbəyin bir kəndindən bu yaxınlarda bizə bir müraciət olunmuşdu. Demək ailədə üç qadın – 80-dən çox yaşında pensiyaçı ana, 40 yaşlarında da iki qızdır. Qızların da heç biri ailə qurmayıb, hər ikisi ananın himayəsində yaşayırlar. Qızlardan da biri xəstədir. Onlara nə sosial yardım verirlər, nə də xəstə olana əlillik dərəcəsi. Ona görə gözləntim budur ki, həmin ucqar kəndlərə gedib kim ünvanlı sosial yardım almaq haqqına malikdir və malik deyil, onu nazirlik özü müəyyənləşdirsin. Bunu rayon İcra Hakimiyyətinin tabeliyində olan qurumlara həvalə etməsin. Ünvanlı sosial yardım verilməsini ehtiyac meyarı ilə müəyyənləşdirmək lazımdır. Ola bilər ki, Ağcabədi rayonunda bir ay ərzində müraciət edən hər bir vətəndaşın ünvanlı sosial yardım almaq haqqı var. Ailələrin sayı 20 yox, 80 nəfərdir, amma sən limit qoyub 20-yə verirsən, yerdə qalan 60 ailə necə olur...
Onu da gözləyirəm ki, əlillik dərəcələrinin müəyyən olunmasında süründürməçilik aradan qaldırılsın. Yerli poliklinikalardan xəstəlik haqqında arayış almalısan. Adam orada bir ay da, üç ay da yatır, amma ona arayışı pulla verirlər. Mən istəyirəm ki, orada şəffaflıq təmin olunsun”.
Misranə Həsənzadə