
Rusiyaya məxsus “Su-24” təyyarəsi Türkiyə tərəfindən bombardman edildikdən sonra iki dövlət arasında yaşanan gərginlik davam etməkdədir. Rusiya Türkiyə ilə bir sıra sahələrdə, o cümlədən, iqtisadi və ticarət əlaqələrinə son qoyub.
Vəziyyətin bu məcrada dəyişməsi Türkiyə dövlətindən siyasi sahədə yeni hədəfləri müəyyənləşdirməyi tələb edir. Artıq yeni hədəf bəllidir. Belə ki, uzun müddətli fasilədən sonra Türkiyə-İsrail münasibətləri yaxınlaşma mərhələsinə qədəm qoymaqdadır.
Bəs bu yaxınlaşma Türkiyə üçün siyasi, iqtisadi sahədə hansı dəyişikliklərə səbəb ola bilər?
Milli Məclisin deputatı Yevda Abramov Modern.az-a açıqlamasında deyib ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi İsrailin Türkiyəyə yaxınlaşmasına səbəb ola bilməz.
“Çünki İsrail dövləti Tükiyədən uzaqlaşmayıb ki, yaxınlaşsın. İsrail Türkiyəyə kompensasiya verməyi də, üzr istəməyi də təklif edib. Sadəcə olaraq, seçki öncəsi Ərdoğan bu münasibətlərin istiləşməsinə maraq göstərmirdi. İsrail isə hər zaman Türkiyəyə qucaq açıb. Onu da deyim ki, uzun illər Türkiyə ilə İsrail dövləti arasında olan problemlər bir sıra məsələlərin həllinə mane olub”.
Yevda Abramov bugünkü situasiyaya diqqət çəkərək deyib ki, Türkiyənin İsrail dövlətindən imtina etməsi mümkün deyil.
“Əvvəla, Türkiyənin başqa çıxış yolu yoxdur. Həmçinin, Türkiyə tamamilə təklənmək də istəmir. Çünki bilir ki, Rusiya onu ordu hesabına mühasirə vəziyyətində saxlayır”.
“Bəs İsrail-Türkiyə yaxınlaşmasından Azərbaycan faydalana biləcəkmi?” sualına Yevda Abramovun cavabı belə oldu.
“Biz bölgə dövlətləriyik. Bölgədə baş verən hadisələr bilavasitə ölkələrin daxili və xarici siyasətinə təsir edir. İsrail-Türkiyə münasibətlərindən Azərbaycan məmnun olacaq. Çünki bölgədə sakitlik əmələ gələcək. İsrailin bölgədə nüfuzu var. Amerikanın partnyorudur. Türkiyə də NATO-ya daxildir. O da Amerikanın strateji partnyorudur. Qüvvələr nisbəti balanslaşanda Azərbaycan ancaq xeyir görə bilər. Bu o demək deyil ki, Azərbaycana gətirib pul verəcəklər. Bu o deməkdir ki, bölgədə sabitlik hökm sürəcək. Sabit dövlətdə isə ölkənin daxili və xarici siyasətini qurmaq asan olur. Yenə deyirəm. Türkiyə blokadadan çıxmaq üçün əvvəlki dostları, qonşuları ilə münasibətlərə yenidən baxmalıdır. Məsələn, qaz məsələsində İsrail Türkiyəyə kömək edə bilər. Rusiyadan olan turist axınının bir neçə faizini İsrail sərbəst doldura bilər.
Eyni zamanda, heç kəs Qafqazdakı nüfuzunu əldən buraxmaq istəmir. Bu, başadüşüləndir. Türkiyənin Cənubi Qafqazda xüsusi maraqları var. Rusiya isə Şimali və Cənubi Qafqazdan əl çəkmək istəmir. Belə olan məqamda İsrailin Türkiyə ilə isti münasibətdə olması və əvvəlki məcraya gəlməsi həm İsrail, həm də Türkiyə xalqının mənafeyinə xidmət etmiş olar”.
Namidə BİNGÖL