Modern.az

Üzeyir fenomeni

Üzeyir fenomeni

Təhsil

18 Sentyabr 2014, 10:55

Cəsarət Valehli

XX əsrin əvvəlləri Azərbaycan milli düşüncə tarixinin qızıl dövrüdür. Bu tarixi şaxələndirən insanlar bir millətin əsrlər boyu yaşamaq və var olmaq enerjisini ötürüblər. Əgər XX əsrin əvvəllərinin Azərbaycanın şəxsiyyət potensialı ilə XVIII əsrin sonları Fransanın şəxsiyyət qalereyasını müqayisə etsək hər iki xalqın passionar yaddaşında bu amilin nə qədər böyük rol oynadığını görərik. Cünki bu amil millətin identifikasiya kodlarının ayrı-ayrı fövqəlşəxsiyyətlərdə təcəssüm olunan yaddaş nişanələri idi. Azərbaycan xalqının və tarixinin səs yaddaşını yaradan Üzeyir bəy həm də Azərbaycan xalq cümhuriyyətinin milli ideoloqu idi. O, XIX əsrdə Mirzə Fətəli ilə başlayan millətin özünütənqid və özünüdərk ruhunu musiqi notuna köçürdü. Bununla da, millətin haradasa 90% qədərinin oxuyub-yaza bilmədiyi ölkəsinin göz və qulaq yaddaşına üstünlük verdi. XX əsrin əvvəllərində Bütün Qafqazda, İranda-Turanda Üzeyir bəyin ruhu cağlayırdı. Azərbaycan tarixində bir çox ilklərin müəllifi, Qori müəllimlər Seminariyasının məzunu olan Üzeyir bəy həm də Azərbaycanın ilk ixtisaslı müəllimlərindən idi. Peyğəmbər yaşında dünyasını dəyişən Üzeyir bəy peyğəmbərcəsinə millətinin başına gələcəkləri həm musiqi notunda ifadə edirdi, həm də elmi-publistik yazılarında. Baxın, siz Koroğlu uvertürasını həyəcansız dinləyə bilirsiniz? Mən musiqiçi olmasam da, fəhmimlə demək istəyirəm ki, təkcə Koroğlu uvertürasında səs yaddaşına çevrilən Azərbaycanın mental-tarixi təsviri ən böyük eposların verə bilmədiyi ahəngi yaradır. Budur Üzeyir bəy!



Bir də Üzeyir bəy musiqisinin başqa çaları haqqında. Ermənilər tarixən torpaqlarımızın işğalını Üzeyir musiqisinin işğalı ilə eyni vaxtda aparıblar. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edəndən bir gün sonra Tiflisdə Ohanyan və Kostanyanın Bakıdan gəlmiş truppası Üzeyir bəyin “Əsli və Kərəm” operasını ifa ediblər. Özü də bu operanı Ermənistanın siyasi müstəqilliyini elan etmiş şəxslər də seyr ediblər. Burada məsələ başqa şeydədir. Deməli, ermənilər hətta öz müstəqil dövlət qurumlarının ilk günlərini Üzeyir bəy musiqisi ilə qeyd ediblər. Üzeyir bəy musiqisinin bu möcüzəli halə effekti həm qəribə paradoks yaradır, həm də dərin araşdırma tələb edir. Düşüncəmə görə isə kimliyindən, düşmənindən, dostundan asılı olmayaraq Üzeyir musiqisində fövqəl azadlıq, ruhi təcəlla və bəşəri miqyas var. Bu musiqi ilə toxtaqlıq tapır və ruhən azad olursan..

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı