Modern.az

Hüseyn Arifin qızı atasından danışıb

Hüseyn Arifin qızı atasından danışıb

Eğitim

12 Mart 2015, 16:25

Şairin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

Martın 12-də Azərbaycan Dillər Universitetində xalq şairi Hüseyn Arifin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən keçirilən tədbirdə əvvəlcə ADU-nun prorektoru Ələddin Əliyev çıxış edib. O, Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı Hüseyn Arifin milli ədəbiyyata töhfələr verdiyini bildirib, xalq şairinin işığından bəhrələnməyin vacib olduğunu vurğulayıb.

Xalq şairi Zəlimxan Yaqub Hüseyn Arif yaradıcılığından danışaraq şairin Azərbaycan ədəbiyyatının baş ucalığı, poeziyamızın zirvəsi olduğunu deyib. Hüseyn Arif poeziyasında dilin doğma, səmimi, şirin, xalqa yaxın olduğunu bildirən Zəlimxan Yaqub Hüseyn Arif şeirlərinin xalqın ruhundan süzülüb gəldiyini vurğulayıb. Xalq şairinin Səməd Vurğundan sonra Azərbaycan dilinə öz yaratdığı əsərlərlə heykəl qoyan ustad olduğunu qeyd edib. Hüseyn Arif yaradıcılığında yer alan baməzə şeirlərin ayrıca bir məktəb olduğunu söyləyən xalq şairi Azərbaycan xalqının var olduğu müddətdə Hüseyn Arif poeziyasının daim cavan qalacağını sözlərinə əlavə edib.

Daha sonra Bakı Slavyan Universitetinin professoru Rüstəm Kamal, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanov, ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev çıxış edərək Hüseyn Arif yaradıcılığında şairin toxunduğu mövzular, yaratdığı əsərlər haqqında danışıb, xalq şairinin şeirlərini təhlil ediblər.

Tədbirdə Hüseyn Arifin sözlərinə bəstələnmiş mahnıları oxunub, sazda ifalar səsləndirilib.

Sonda Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə çıxış edərək atası haqqında xoş sözlər eşitməkdən, şairin qələmindən çıxmış şeirlərin səsləndirilməsindən məmnunluq hissi keçirdiyini deyib. Z.Hüseynzadə keçirilməsində universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov başda olmaqla, əməyi keçən hər kəsə təşəkkürlərini bildirib. 




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı