Modern.az

Azərbaycana İslam bankları nə üçün LAZIMDIR... 

Azərbaycana İslam bankları nə üçün LAZIMDIR... 

15 Oktyabr 2022, 10:57

Azərbaycanda İslam banklarının yaradılması təklif olunur. Belə bir təklif Milli Məclisin ötən iclasında səsləndirilib. Bildirilib ki, dini inanclı vətəndaşlar ənənəvi bankların xidmətlərindən istifadə etmirlər, nəticədə külli miqdarda vəsait xaricdəki İslam banklarına yönəldilir. Xaricə valyuta axınının qarşısını almaq üçün dini bankların yaradılmasının vacib olduğu deyilir. 

 

Bəs, Azərbaycanda belə banklar yaradıla bilərmi?

 

Ölkəmizdə İslam banklarının yaradılması təklifini irəli sürən Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında deyib ki, dünyanın əksər ölkələrində dini qaydalar əsasında fəaliyyət göstərən banklar mövcuddur. Onun sözlərinə görə, əsas məsələ həmin banklarda faiz sisteminin olmamasıdır:

 

“İslam bankçılığında faiz sistemi yoxdur. Müasir bank qaydalarına əsasən, banka vəsait qoyuruq və bunun konkret faizini alırıq. İslam yanaşmasında isə faizlərin alınması qəbuledilməzdir. İslam bankçılığının modeli odur ki, siz banka pulu yatırırsınız, bank həmin məbləği hər hansı işə yatırır. Sonda əldə olunan gəlir tərəflər arasında bölünür. Razılaşırlar ki, biznesdən əldə olunan gəlirin filan hissəsi pulu yatıran şəxsə, digər hissəsi isə banka veriləcək. İslam bankında mühüm məqamlardan biri də pul yatıran şəxsin ziyana da şərik olmasıdır. Bu sistemdə həm zərərdə, həm də qazancda şəriklik anlayışı var. Əsas məqsəd və hədəf ondan ibarətdir ki, tərəflərdən hansısa biri zərər görməsin. Malayziya, İndoneziya, Türkiyədə və başqa ölkələrdə belə banklar fəaliyyət göstərir”.

 

Deputatın fikrincə, bəzi müsəlman qrupları var ki, onlar bankların təklif etdiyi kartlardan belə istifadə etmirlər:

 

“Hesab edirlər ki, bankdakı bütün pullar faiz pullarıdır. Bu gün bəzi müsəlman dövlətlərində investisiya yatırmaq üçün imkanlar var. Ölkəmizdə dinə böyük maraq var və bizdən asılı olmayaraq dinə meyillilik artır. Hazırda İslam bankçılığının inkişafına ehtiyac var. Qonşu Rusiya uzun müddətdir ki, bu istiqamətdə addımlar atır. Bu prosesdə gecikməmək üçün indidən çalışmalıyıq. Hansısa bir bank yaradıla bilər və ya hansısa bankda İslam bankçılığı inkişaf etdirilə bilər”.

 

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə vurğulayıb ki, Azərbaycanda İslam əqidəli insanlar ənənəvi banklarla əməkdaşlıq etmək istəmirlər. Bunun səbəblərinə gəlincə, ekspert belə izah edib:

 

 

“Çünki orada faiz, yəni sələmçilik var, bu da İslam dinində, eyni zamanda xristian dinində də qadağandır. Filosoflar, alimlər sələmçiliyi qəti şəkildə pisləyiblər. Quranda da yazılıb ki, Allah ticarəti halal, sələmi haram buyurub. İslam əqidəli bəzi şəxslər var ki, yaxşı sahibkar, biznesmen ola bilərlər, amma bankdan faizlə kredit götürmək istəmirlər. Əgər İslam bankçılığı olarsa, bu zaman İslam əqidəli şəxslər həmin bankdan rahatlıqla istifadə edə bilərlər. İndi onların vəsaitləri, sahibkarlıq potensialları kənarda qalır. Digər tərəfdən İslam bankları olsaydı, İslam ölkələri Azərbaycana investisiya qoya bilərdilər. Bu banklar tək müsəlman ölkələrində yox, digər ölkələrdə də inkişaf edib, Məsələn, Böyük Britaniyada...”.

 

Hüquqşünas Azərbaycanda bu sahədə kadrların az olduğunu söyləyib:

 

“Kadr varsa da, barmaqla sayılacaq qədərdir. Əsas məsələlərdən biri ölkə iqtisadiyyatının, təsərrüfat subyektlərinin qeyri-şəffaflığıdır. İslam bankçılığı isə şəffaflığı sevir. Ənənəvi banka pul qoyan zaman üzərinə əlavə məbləğ gəlir, amma məni maraqlandırmır ki, o bankın gəliri olur, yoxsa yox. Amma İslam banklarında proses bu cür deyil. Mən banka əmanət qoyuramsa, onu sələmə vermirəm, bankın şəriki oluram. Sabah həmin bank mənfəətlə işləyəcəksə, o mənfəətdə mənim də payım olacaq. Bank da kredit verdiyi şəxsin biznesinə şərik olacaq. Bu zaman böyük risk yaranır ki, gəlir əldə edən şəxs heç nə ödəməmək üçün gəliri gizlədə bilər. Ölkəmizdə sahibkarların çoxu vergidən yayınmaq üçün gəlirlərini gizlədirdi, indi isə bankdan yayınmaq üçün gizlədəcəklər. Bank isə qanuna görə, heç nə edə bilməyəcək. Azərbaycanda bu halların olmaması üçün obyektiv şərait yaradılmalıdır. Kölgə iqtisadiyyatı ilə bağlı mübarizə gedir, ancaq xeyli işlər görülməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?