Modern.az

Yerli avtomobillər özünü niyə doğrultmadı: İstehsal artır, keyfiyyət isə...

Yerli avtomobillər özünü niyə doğrultmadı: İstehsal artır, keyfiyyət isə...

İqtisadiyyat

13 Mart 2024, 14:19

Azərbaycanda uzun illərdir avtomobil istehsalı ilə bağlı müzakirələr aparılır. Bir neçə müəssisəsi bu fəaliyyətlə məşğul olsa da, bəzi ekspertlər hələlik ciddi nəticə əldə edilmədiyini deyir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 3738 ədəd minik avtomobili istehsal olunub. Bu, ölkəmiz üçün rekord nəticədir. Azərbaycanda indiyədək heç vaxt il ərzində istehsal edilən avtomobillərin sayı 3 mini keçməyib.

 

2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal olunub. Beləliklə, ötən il əvvəlki illə müqayisədə ölkədə avtomobil istehsalı 82% artıb. 2021-ci ildə 2079, 2020-ci ildə 1950, 2019-cu ildə 2360, 2018-ci ildə isə 969 avomobil istehsal olunub. Bu rəqəmlərə əsasən, deyə bilərik ki, Azərbaycanda son 6 ildə avtomobil istehsalı 4 dəfə artıb.

 

Ekspertlər Azərbaycanda avtomobil istehsalının artımını ölkənin Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqələndirirlər. Belə ki, ötən ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı ilə minik avtomobillərinin istehsalı 10 il müddətinə ƏDV-dən azad edilib. Dövlət başçısı, həmçinin 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad edilən avtomobillərin istehsalı üçün xammal və material növlərinin siyahısını da təsdiqləyib.

 

Ötən il istismar müddəti 10 ili keçən avtomobillərin Azərbaycana gətirilməsi qadağan olunub. Yerli avtomobillərə ƏDV güzəşti daxili bazarda bu avtomobillərə marağı artırmağa yönəlib.

 

Ancaq istehsal edilən maşınların sayı artsa da, avtomobillərin keyfiyyətində ciddi problemlər olduğu deyilir. Üstəlik qiymətlərin baha olmasından da şikayətlənənlər çoxdur.

 

Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı da Azərbaycanda istehsal olunan maşınlarda keyfiyyət probleminin ciddi olduğunu bildirib:
 

“Avtomobillərin Azərbaycanda yığılması yerli istehsal hesab edilmir. Buna sadəcə olaraq Azərbaycanda yığılan avtomobil deyirik. Bir çox ölkələrdə də proses bu formada gedir. "Mercedes", "Toyota" kimi məşhur brendlərin yalnız mənsub olduqları ölkələrdə  yox, həm də digər dövlətlərin ərazisində yığımı baş tutur. Məsələn "BMW" Rusiyada da yığılır. O baxımdan Azərbaycanda da müəyyən avtomobillər yığılır. Bunlar müştərək şirkətlərdir. Çindən və İrandan ehtiyyat hissələri gətirilir və burada yığılır. Bu maşınların ciddi keyfiyyət problemi var. "Lifan", "Khazar", "AzSamand" bunlar Azərbaycanda yığılan maşınlarıdır".

 

Qeyd edək ki, Azərbaycanda avtomobil istehsalına dair ilk addım əsrin əvvəllərindən gündəmə gəlib. Həmin vaxt Gəncə şəhərində yerləşən avtomobil zavodunda VAZ-11113 "OKA" markalı avtomobillər yığılırdı. 2005-ci ildə fəaliyyətə başlayan Şamaxı Avtomobil Zavodunda isə İranla əməkdaşlıq çərçivəsində "Azsamand" markalı avtomobillər istehsal edilirdi. 5 il ərzində sözügedən zavodda 1500-ə yaxın avtomobil yığılıb.


Elməddin Muradlı deyir ki, müştərilər yalnız bu maşınları alanda sevinirlər, bundan sonrakı dövrdə isə bu maşınlardan yalnız şikayətlər edilir:

 

"Adıçəkilən zavodlar reklama, marketinqə maraq göstərmirlər. Yəqin özləri də maşınların keyfiyyəti olmadığı halda reklamına ehtiyac olmadığını başa düşürlər. Bu maşınların təbliğatı çox zəif gedir. Maşınların güclü təbliğatına mən rast gəlməmişəm. Dünyanın "Mercedes", "BMW" kimi məşhur brendləri reklamdan bir gün belə geri çəkilmir. Bizdə bu tör-töküntü maşınları tökür, heç bir reklam da etmirlər. Arxayındırlar ki, dövlət qurumları bu maşınları alacaq. Dövlət qurumları da birinci və ikinci sezon bu maşınları alır. Üçüncü sezonda artıq baxır ki, bu avtomobillər dövlət qurumuna da ziyan vurur, nəhayət, bunun alışından əl çəkirlər”.

 

Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan Naxçıvan Avtomobil Zavodu (NAZ) Çinin dəstəyi ilə "Lifan" maşınları yığılır. Rəsmi məlumata görə, NAZ-da 2020-ci ildə 117 ədəd, 2021-ci ildə cəmi 47 ədəd avtomobil yığılıb.

 

Nəqliyyat eksperti Ərşad Hüseynov sözügedən məsələdə çox incə məqamların olduğunu vurğulayıb:

 

"Azərbaycanda istehsalı olan avtomobillərin geniş yayılıb, populyarlaşmamasının bir neçə səbəbləri var.  Azərbaycanda avtomobil istehsalı ifadəsi işlədilsə də,əslində həmin avtomobillərin detallarının hamısı öz zavodlarında istehsal olunur. Sadəcə bəzi yığma işləri ölkəmizdə həyata keçirilir. Sözün əsl mənasında orada Azərbaycana məxsus olan sadəcə təkərlərin içinə vurulan havadır. Bundan başqa heç bir detal Azərbaycan məhsulu deyil. Həmin maşınların elementar şurubu belə bizdə istehsal olunmur. Digər yandan modellərə baxdıqda onların əksəriyyəti dünya avtomobil sənayesində o qədər də populyar olmayan, sevilməyən modellərdir. Onlardan çoxu öz texnoloji səviyyəsinə görə kifayət qədər köhnədir. Başqa məsələ isə avtomobillərin qiymətləri ilə bağlıdır.  Maşının özünün uyğun olduğu prestijlə satış qiyməti ilə üst-üstə düşmür. Qiymətlər çox yüksəkdir”.

 

NAZ-ın direktoru Səxavət Hümbətov bir müddət yerli mətbuata açıqlamasında zavod üçün geniş imkanlar yaranacağı mesajını verib.

 

Direktorun sözlərinə görə, 2023-2027-ci il Dövlət Proqramına əsasən, azad iqtisadi zona formalaşdırıldıqdan sonra Naxçıvanda avtomobil bazarı üçün böyük imkanlar yaranacaq. O qeyd edib ki, qonşu dövlətlərdən müştərilər cəlb ediləcək, zavodda istehsal edilən avtomobillərin xarici ölkələrə rüsumsuz ixrac edilə biləcək. Direktorun sözlərinə görə, zavodda Çin istehsalı avtomobillər yığılır. Naxçıvandakı zavodda 40-a yaxın işçi çalışır. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 5000 ədəd avtomobildir. Səxavət Hümbətov bildirib ki, hazırda zavodda istehsal edilən avtomobil 23900 manata satışa çıxarılır.

 

Azərbaycanda avtomobil istehsalında əsas yeri Neftçala Avtomobil Zavodu tutur. "Azərmaş" ASC-nin və "Iran Khodro" şirkətinin birgə yaratdığı "Khazar" Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsində ən iri müəssisədir. Zavodda "Xəzər" və "Peugeot" kimi markalar yığılır. Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min ədəddir.

 

Ərşad Hüseynov söyləyib ki, vətəndaşların bu gün daha keyfiyyətli maşın almaq üçün seçim imkanları genişdir:

 

“Bu gün avtomobil almaq istəyənlər üçün geniş seçim imkanlar var. Texnoloji cəhətdən daha müasir, üstün keyfiyyət göstəriciləri, prestiji olan maşınlar var. Azərbaycan istehsalıdır deyilən bu maşınlara maraq həm də buna görə azalıb. Heç kimə də sirr deyil ki, həmin avtomobillərin alıcısı elə dövlət orqanları idi. Bəziləri bu maşınları alıb əlilliyi olan şəxslərə hədiyyə edirdilər. Bəzi qurumlarda isə daha aşağı vəzifəli məmurlar üçün xidməti avtomobil kimi istifadə edilir. Yanaşma budur. Məsələn dövlət qurumlarının rəhbər şəxsləri bu maşınalara heç vaxt maraq göstərməyib”.

 

Yaxın vaxtlarda, həmçinin Azərbaycanda "Chevrolet” kimi maşınların da istehsalına başlanılacaq. Məlumatı Modern.az-a açıqlamasında Elməddin Muradlı açıqlayıb:

 

“İstehsalı yarıtmırlar, başa düşürük. Heç olmasa, yığımı düzgün etsələr, yaxşı olardı. İranla avtomobil yığımı öz müsbət nəticəsini vermir. Çünki bundan əvvəl "AzSamand"ı yığıblar. Maşışnlar getdiyi yerdə tökülürdü. İran nə qədər atılıb düşsə də, avtomobil sənayesində uğur qazana bilmir. Ona görə biz İranla yox, başqa ölkələrlə bu sahədə çalışmalıyıq. Bu istiqamətlərdə işlər başlayıb. Yaxın vaxtlarda "Chevrolet" və digər məşhur markaların ölkəmizdə yığımına başlanılacaq. Baxaq, görək, onların keyfiyyətləri necə olacaq? İndiyə kimi  istehsal olunan avtomobillərin keyfiyyəti ilə bağlı deməyə müsbət nəsə söz tapmıram”.

 

Ötən il iqtisadiyyat naziri Mikayıl Cabbarov elan edib ki, Azərbaycan-Özbəkistan birgə müəssisəsi "Azərmaş CP" MMC tərəfindən Hacıqabul Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 milyon manat olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq. Kompleks 1200 nəfəri işlə təmin edəcək. Ancaq orada hansı maşınların istehsal ediləcəyi hələlik məlum deyil.

 

Turqay Musayev 

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü