Modern.az

Araz, burdayıq, dur gəl...

Media

7 İyul 2023, 13:12

Bu gün məşhur jurnalist, mərhum dostum Araz Zeynalovun doğum günüdür.

Yaşasaydı bu gün 62 yaşı olacaqdı.

Onun haqqında 2 il əvvəl yazdığım yazını oxumayanlar üçün təqdim edirəm...
 

***
 

Arazın 60 yaşı tamam olur bu gün. Əfsanəvi Hidayət Zeynalov və bənzərsiz Məryəm xanımın oğlu, Aqşinin böyük qardaşı, Orkhan Zeynalli atası, Rəbiyyə xanımın ömür-gün yoldaşı, Afaq Vasifqızının qaynı, Azad Zeynalovun əmisi oğlu, Azer Suleymanovun sinif yoldaşı və ən yaxın dostu, bir çox dostumun Baş redaktoru, Vüqar Həsənovun, Mətin Yaşaroğlunun, Tural Ağatlının Abisi, xeyli həmkarımın Ustadı...

 

"Panorama" qəzeti yayım həyatına başlayanda Eldar Namazov Ankarada, Çankaya köşkündə mənə dedi ki, təzə çıxan qəzetə yazı yaz. "BBC-yə sərf etdiyin vaxtı yenicə ərsəyə gələn qəzetə sərf et. Araza zəng edərsən Bakıya gələndə", – ən axırda belə dedi Eldar müəllim...

 

Bakıya gələndə Araz Qurbanova telefon edib, "Köşə yazmağa fiziki olaraq imkanım yoxdur" dedim. Əziz Araz (Qurbanov) "Nə qəzet, qəzetim zadım yoxdur" dedi.

 

Araz Qurbanovu şəxsən tanıyırdım. Araz Zeynalovu qiyabi tanıdığımdan qarışdırdım iki məşhur Arazı. Və yazmadım. 6 ay sonra Azərbaycan prezidenti mərhum Heydər Əliyev rəsmi səfərlə Ankaraya gələndə "Çamlı Köşk"də mənə "Sən niyə köməkçimin sözünü yerinə yetirmirsən?" deyəndə cavab verməyə söz tapmadım.

 

Səfər başa çatanda prezidentin təyyarəsi ilə Bakıya gəldim. Arazla (Zeynalovla) ilk dəfə qəzetin redaksiyasında, onun böyük kabinetində tanış olduq. Məni Respublika xəstəxanasının yanındakı bir restorana dəvət etdi, "Gedək bir az iş danışaq" dedi. 

 


Çatanda bütün redaksiyanın (kişilər) restoranda (əslində o vaxt Bakıda restoran az idi, kafe idi yəqin) olduğunu gördüm. Yolda Araza çox üz vurmayın ("Siz" deyə müraciət edirdim ilk gün), həftədə 1 yazı yazaram dedim.

 

Bir həftə sonra həftədə 2 dəfə, 3 həftə sonra isə hər gün yazmağa başladım. AzTV-nin sədri prof. Nizami Xudiyev bir ay sonra Ankaraya zəng elədi ki, a bala, sən AzTV-nin müxbirisən, ya "Panorama"nın? Nizami müəllimə dedim ki, bütün iradlarınızı Eldar Namazova bildirin. Bildirmədi. Həm də görünür əla bir qəzetin yayın həyatına başlamasından o da məmnun idi. Ancaq "A bala, həm "Zerkalo"da imzan var, həm "Panorama"da, olmaz axı belə" deyəndə razılaşdım, daha "Zerkalo"ya yazmayacağımı dedim. Ancaq Elçinin (Şıxlı) qəzetinə bir müddət "Bulud Günəş" imzası ilə yazmağa başladım...

 

Arazı işsiz qaldığı günlərdə də müşahidə etdim, illərlə çətinlik çəkdiyi vaxtlara şahid oldum, izlədim. Yoldaş olduq, bir də baxdım ki, dostuq. Dostluq etdik uzun illər, bir də gördük ki, qardaş olmuşuq. Sınmadı Araz, tanıdıqca, ailəsini, Orxanı, HOST-u tanıdıqca, "Torpağı verməyiblər, orda təkcə qəbir qazaq" misralarını dinlədikcə çox uzun yol qət etdik, ölərək, əksilərək, yaşlanaraq gəldik. 

 

"Vesti" mərhələsi başladı. Araz bir kəlmə dedi ki, kömək elə, yaxşı bir media təşəbbüsü var. İlk gündən xəbər yazdım, məqalə, publisistika yazacaq yaşda xəbər yazmağa başladım - dörd, beş cümləlik xəbərlər, çox vaxt imzasız, çox vaxt ünvansız.

 

Araz yenə də bacarmışdı, "Panorama"ya verdiyi sevgini "Vesti"yə yönəltmişdi. Araz yenidən doğulmuşdu, inanırdı ki, faydalı bir iş görür. Və yanılmamışdı. "Araz nəçisən?" deyə sual edəndə təvazökarcasına "Ermənilərlə mübarizə aparırırq" deyirdi...

 

Vətən müharibəsindəki media savaşında Arazın da şəksiz payı var. Arazın da bizim "jenerasyon" kimi tək bir gözləntisi vardı - erməniləri piyada qoymaq, Qarabağ Zəfərinə hazırlaşmaq, Şuşanın dumanlı dağlarına doğru yola çıxmaq...

 

Bakıdayam, bu sətirləri Arazın dostu, vəfalı Siyavushun xudmani məkanında yazıram. Bura Arazın dostları ilə gözəl günlər gördüyü yerdir. Bir saatdır burdayam. Günorta Arazın ata evində, Hidayət müəllimin ocağında idik - Araz, mən, Ağamehdi, Azad (akademik), Aqşin və Siyavuş. 60 yaşını təbrik etdik. Araza kimlər zəng elədi, kimlər ziyarətə gəldilər – oturub izlədim. “İstədiyim adamlar da təbrik edəcəklərmi?” deyə maraq etdim...

 

Heyyyy, vəfasız dünya, heyyyyy, yaxşı günlərin dostları... Axı Araz yaxşıdı, niyə zəng vurmursuz, niyə ona difirambalar düzmürsüz... Bilirəm niyə beləsiz...

 

Araz, burdayam, Siyavuşla məkan bağlanana qədər səni gözləyəcəm. Əminəm ki, gələcəksən. Hələlik...
 

Görüşərik...

07 iyul 2021

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir