Modern.az

İdrak açıq ürək əməliyyatı olunmuşdu - FACİƏ

İdrak açıq ürək əməliyyatı olunmuşdu - FACİƏ

Media

29 Mart 2024, 12:31

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürəktutmasından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən “Amerikanın səsi” radiosu üçün reportajlar hazırlayırdı.

Jurnalistin ürəktutmasından dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünki İ.Camalbəyli təxminən 6 ay öncə - 2023-cü ilin sentyabrında açıq ürək əməliyyatı olunmuş, 4 damarı dəyişilmişdi.

Mərhumla dostluq edən “Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini, Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu Modern.az-a bildirib ki, həkimlər İ.Camalbəyliyə məsləhət görmüşdülər ki, ürək əməliyyatından sonra sağlamlıq durumunu nəzarətdə saxlasın:

“Təəssüf ki, dostumuz özünə baxmır, səhhətinə diqqət etmirdi. Biz də buna görə dəfələrlə onu məzəmmət etmişdik, deyirdik ki, özünü qorusun, çünki ürək damarlarına əvvəlcə stend qoyulmuş, sonra da açıq əməliyyata məruz qalmışdı. Ona sürətli hərəkət, futbol oynamaq, siqaret çəkmək olmazdı. Amma İdrak nə futbol oynamağından qalırdı, nə də siqareti tərgitmişdi. Axırı da belə… Elə dünən futbol oyanayan zaman - stadionda ürəktutmasından vəfat edib. Bu itki İdrakı tanıyanların hamısını çox sarsıtdı”.



Anar Natiqoğlu bildirib ki, Kiyevdə mərhumla vida mərasiminin təşkil olunması nəzərdə tutulub. Hazırda jurnalistin cənazəsinin Vətənə yola salınması üçün sənədləşdirmə işləri aparılır: “Səfirlik və diaspor təşkilatları bu işlərlə məşğul olur. Yəqin ki, yaxın 2 gün ərzində onun cənazəsi Bakıya aparılacaq”.

Qeyd edək ki, İdrak Camalbəyli iki uşaq atasıdır. Onun ailəsi Bakıda yaşayır.

1976-cı il təvəllüdlü İ.Camalbəyli 2003-cü ildən jurnalistika ilə məşğul olurdu. O, “Bakı xəbər” və “Ölkə” qəzetlərində, ANSPress.com və Missiya.az informasiya portallarında çalışmışdı.

Son illər yaşadığı Ukraynada müharibə başlayandan sonra Azərbaycan və xarici media orqanları üçün xəbərlər hazırlayır, “Amerikanın səsi” radiosu ilə əməkdaşlıq edirdi.

48 yaşlı İdrak Camalbəyli martın 18-də ad gününü qeyd etmişdi.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir