Modern.az

Onun da haqqı VAR İDİ...

Onun da haqqı VAR İDİ...

Media

25 Avqust 2024, 19:57

   ...Onun da haqqı var idi azad Xankəndini ziyarət etsin, uzun illər daşnak xislətli mənfur düşmənin at oynatdığı doğma yurdunda ucalan üşrəngli bayrağımıza baxıb fərəh hissi keçirsin. Haqqı var idi ki, bu bayraqdan 100 metr aralıda dünyaya göz açdığı binaya yaxınlaşsın, uşaqlıq illərinin kövrək xatirələrini yaşasın...

   ...Hələ 2 yaşında ikən bu şəhərdə 3 azərbaycanlının görünməmiş bir vəhşıliklə qətlə yetirilməsindən bütün azərbaycanlılar kimi, onun da valideynləri körpə balasını vahimə içərisində qorumağa çalışmışdı. İndi onun da haqqı var idi ki, bir zamanlar mütəmadi olaraq küçələrində millətçi ermənilərin təzyiqinə məruz qaldığı Xankəndini qorxusuz, hürküsüz dolaşsın!

  ...Onun da haqqı var idi ki, vəhşi caynağından azad olunmuş doğma şəhərinin yenidən sakini olsun. Market, restoran açmaq üçün yox – ata-baba yurdunun bir udumluq havasını ciyərlərinə çəkmək üçün, valideynlərinin çalışdığı, özünün isə 10 il oxuduğu Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbi yad etmək, müqəddəs bildiyimiz o təhsil ocağında məktəb yoldaşları ilə görüşmək üçün...

   ...Onun da haqqı var idi tələbə yoldaşları ilə birlikdə bitirə bilmədikləri, 1988-ci il mayın 26-da erməni saqqallıları tərəfindən fiziki və mənəvi təzyiqlərlə binasından qovulduqları Xankəndi Pedaqoji İnstitutunu gənclik duyğuları ilə xatırlasın...

    ...Onun da haqqı var idi Zəfər meydanında bəxtiyar insanların sırasında ömrünün ən xöşbəxt anlarını yaşasın. Sovet dönəminin bayram günlərində bu meydanda parad zamanı anası Şura Məhəmməd qızı doğma Azərbaycan dilimizdə şüarlar səsləndirərək daşnak libası geyinmiş Xankəndiyə milli məfkurəmizi bəxş edərdi. Xankəndinin səmalarına bülənd olan o səs erməni millətçiliyinin üzərində günəş kimi doğaraq ona kölgə salardı.  İndi o səsi məhz Xankəndidə xatırlamağa, Xankəndi nisgili ilə haqq dünyasına qovuşmuş anasını yad etməyə, ana sevgisindən süzülən bir damla göz yaşı ilə Xankəndi torpağını islatmağa onun da haqqı var idi...

   ...Haqqı var idi azad Xankəndini o baş, bu baş gəzsin. Hələ 44 günlük Vətən müharibəsindən öncə “Azərbaycan Ordusu”, “Qarabağ” qəzetlərində, “Yeni Müsavat” və “Modern.az”da neçə-neçə dəyərli və məzmunlu yazıları, kitabları ilə erməni millətçiliyini ifşa edərək xalqımızı qisasa səsləyərdi. Ermənisiz Xankəndidə bu qisasın səadət anlarını yaşamağa bu gün onun da haqqı var idi...

   ...Onun da haqqı var idi azad Xankəndidən Kərkicahan məzarlığına yol alsın, üzərində “Cəmil Cəbi oğlu Xudiyev” yazılmış atasının məzar daşını axtarsın...

    ...Tale isə bu ziyarəti ona nəsib etmədi. İndi yeni bir məzar daşına nakam taleli, Qarabağ nisgilli, Xankəndi həsrətli bir qələm sahibinin adı yazılacaq: İlham Cəmil oğlu Xudiyev... 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri