“Hökumət” və “Parlament” komandaları arasında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yoldaşlıq görüşü keçirilib.
“Hökumət” komandasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov yer alıblar.
Millət vəkillərindən ibarət “Parlament” komandasının heyətində Şahin İsmayılov, Azər Əmiraslanov, Zaur Şükürov, Ramid Namazov, Vüqar Bayramov, Müşfiq Cəfərov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Emin İmanov və Samir Vəliyev yarışıblar.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yoldaşlıq oyunu 6:6 hesablı heç-heçə ilə yekunlaşıb.
Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirində zədələnmiş deputat Kamran Bayramov bu oyunda iştirak edə bilməyib. O, oyunla bağlı Modern.az-a danışıb:
“Mən rayondaydım, Ulu öndərlə bağlı tədbirlər və görüşlərim vardı. Ona görə də təəssüf ki, oyunu canlı izləyə bilmədim. Amma sonradan oyunun videosunu izlədim, vurulan qollara baxdım.
Ümumiyyətlə, yaxşı bir təcrübədir. Belə oyunlar parlamentlə hökumət arasında münasibətləri daha da gücləndirir. Həm də idmanın təşviqi baxımından yaxşı tədbirdir.
Oyunda maraqlı və yaxşı anlar oldu. Gedişat göstərdi ki, hər iki komanda qələbəyə layiq idi. Amma heç-heçə məntiqli oldu. Mən hesab edirəm ki, bu cür oyunlar davamlı keçirilməlidir. Bu, həm deputatların, həm də hökumət üzvlərinin fiziki hazırlığının yaxşı səviyyədə saxlanılmasına xidmət edir və ictimai maraq doğurur.
Təbii ki, belə tədbirlər təkcə futbolla məhdudlaşmamalıdır. Həm fiziki, həm də zehni idman növləri üzrə də oxşar tədbirlərin keçirilməsi faydalı olar".

K.Bayramovun fikrincə, "Parlament" komandasından İqtisadi siyasət komitəsinin sədri Azər Əmraslanov, "Hökumət" komandasından isə KOBİA-nın rəhbəri Orxan Məmmədov yaxşı oyun nümayiş etdiriblər:
"Vurulan hər bir qol baxımlı və maraqlı idi. Yaxşı kombinasiyalar nəticəsində qollar vuruldu. Bizim komandadan Azər müəllim, qarşı komandadan isə Orxan müəllim yaxşı oyun nümayiş etdirdilər. Amma burada fərdi fərqləndirmə düzgün olmaz, çünki bütün qollar komanda oyununun nəticəsidir. Komandanın hər bir üzvü öz töhfəsini verdi və oyun ümumilikdə maraqlı alındı".
Özünün oyunda iştirak etməməsinin səbəbi ilə bağlı isə deputat bunları deyib:
"Hələ müalicəmi davam etdirdiyim üçün oyunda iştirak edə bilmədim. Sağaldıqdan sonra yaşıl meydana qayıdacağam. Reabilitasiya dövrü bitəndən və həkimlər icazə verəndən sonra komandaya yenidən qoşulacağam”.

Oyunda iştirak edən deputat Müşfiq Cəfərov isə qeyd edib ki, komandalar güc baxımından oxşar səviyyədə idi:
“Kiminsə güclü olub-olmamasını demək bir az çətindir. Komandalar demək olar ki, eyni səviyyədə idi və oyun bərabərə yekunlaşdı. Amma əsas məqsəd dostluq və qardaşlıq idi. Bu baxımdan nəticə normal sayılmalıdır.
Təbii ki, hər iki komandada yaxşı oyunçular var idi. Bizim hazırlığımız bir qədər daha yaxşı idi, çünki bundan əvvəl Türkiyədə keçirilən oyunlarda da iştirak etmişdik və komanda olaraq daha yaxşı formalaşmışdıq. Hökumət komandasının isə hələ tam uyğunlaşma mərhələsində olduğunu düşünürəm. Bu cür oyunlar davamlı olsa, komandalar daha da uyğunlaşacaq.
Birinci hissədə 3:0 hesabı ilə geridə qalmağımız bizi məyus etdi, amma ikinci hissədə ardıcıl 3 qol vurduq. Hər üç qolu komitə sədrimiz Azər Əmiraslanov vurdu. Çox qısa vaxtda - təxminən 3 dəqiqə ərzində bu qollar vuruldu və komanda oyuna qayıtdı.
Qarşı komandada Orxan müəllim və Vüqar Əhmədov da yaxşı oyun göstərdilər. Dövlət Statistika Komitəsindən Elçin müəllim də hazırlıqlı idi və yaxşı təsir bağışladı”.