Avropa siyasəti adətən quru bəyanatlar, sərt diplomatik jestlər və ciddi protokol qaydaları ilə yadda qalır. Amma arada elə səhnələr də olur ki, siyasi gündəliyə bir az rəng qatır və etiraf edək ki, bir az da təbəssüm doğurur.
Albaniyanın baş naziri Edi Ramanın italiyalı həmkarı Ciorcia Meloniyə qarşı nümayiş etdirdiyi qeyri-adi diqqət və jest də məhz belə məqamlardandır.
Bir baş nazirin digər baş nazir qarşısında hansı səbəbdən olursa olsun, diz çökməsi rast gəlinən hal deyil. Biz belə səhnəni yalnız Edi Rama - Ciorcia Meloni duetinin timsalında görürük və inandırıcı deyil ki, başqa vəzifəli şəxslər bunu təkrarlayacaqlar...
Siyasətdə “diz çökən romantizm”?
Edi Rama artıq neçənci dəfədir ki, Ciorcia Meloninin qarşısında diz çökərək ona olan heyranlığını zarafatla və ya bəlkə də yarı-ciddi şəkildə ifadə edir. Bu səhnə diplomatik etikada rast gəlinən nadir hadisə sayılır. Adətən dövlət başçıları görüşəndə əl sıxır, maksimum halda yüngülcə qucaqlaşırlar. Amma Edi Rama sanki “siyasi teatr” nümayiş etdirir.

Mayın 4-də İrəvanda keçirilən Avropa Birliyinin Siyasi Sammitində Edi Rama yenə fürsəti əldən verməyərək Ciorcia Meloninin qarşısında “təzim etdi”, xanım baş naziri köksünə sıxıb qucaqladı, hatta saçlarından öpdü. Kənardan baxanlar üçün bu səhnə bir az romantik komediyanı xatırladırdı: biri həddindən artıq emosional, digəri isə bir qədər təmkinli və ehtiyatlı baş nazirlər...
Bundan əvvəlki Tirana sammitində də Edi Rama Meloniyə bu cür zarafat xarakterli jest etmişdi. Ümumiyyətlə, Edi Rama tez-tez qeyri-adi və yumorlu davranışları ilə tanınır və bu jest də həmin üslubun bir hissəsi kimi qiymətləndirilir.
Maraqlısı odur ki, Meloninin reaksiyası hər dəfə bir qədər ölçülü olur. O, nə bu jestləri açıq şəkildə təşviq edir, nə də sərt şəkildə rədd edir. İtalyan baş nazir sadəcə diplomatik təbəssümlə vəziyyəti “idarə edir”.
Diplomatik protokollardan kənara çıxan bu səmimi davranış hər dəfə sammit iştirakçıları arasında şən anlara səbəb olur.
Bəzi ekspertlər deyirlər ki, Edi Ramanın bu hərəkətinin arxasında Albaniya ilə İtaliya arasında mövcud olan tarixi və mədəni bağların dayanmasından irəli gəlir. Doğrudanmı belədir?..

Edi Rama kimdir?
Edi Rama sıradan bir siyasətçi deyil. O, siyasətə gəlməzdən əvvəl rəssam olub, sonra nazir kimi də fəaliyyət göstərib. Boyu, xarici görünüşü və rəngarəng geyim tərzi Edi Ramanı klassik “kostyumlu siyasətçi” obrazından fərqləndirir.
Edi Rama 1964-cü ildə doğulub, 62 yaşındadır. Əvvəllər peşəkar basketbolçu olub, 1 m 98 sm boya malikdir. O, həm də peşəkar rəssamdır, Albaniya Rəssamlıq Akademiyasının professoru olan Ramanın bir neçə fərdi rəsm sərgisi keçirilib.
Albaniyanın 33-cü baş naziri üstəlik fəal yazıçıdır. Onun müxtəlif qeydlərdən ibarət "Düşüncələr", “Qurban”, "Edi Rama" adlı kitabları nəşr olunub.
Edi Rama bir neçə il ölkənin paytaxtı Tirana şəhərinin meri olub.

Ümumiyyətlə, baş nazir seçilməzdən əvvəl Edi Rama bir sıra vəzifələrdə çalışıb. 1998-ci ildə Edi Rama sosialist lider Fatos Nano tərəfindən formalaşdırılan hökumətdə mədəniyyət, gənclər və idman naziri vəzifəsinə təyin olunub. Onun ölkədə incəsənət və mədəniyyətin inkişafı üçün tətbiq etdiyi yaradıcı və effektiv yanaşmaları xüsusilə gənclər tərəfindən müsbət qarşılanıb. Bu da 2000-ci ildə onun paytaxt Tirananın bələdiyyə sədri (mer) seçilməsində mühüm rol oynayıb. Müstəqil namizəd kimi 57% səs toplayaraq bu vəzifəyə seçilib. 2003-cü ildə (59% səslə) və 2007-ci ildə (56% səslə) yenidən mer seçilən Edi Rama 2011-ci ilə qədər Tiranaın bələdiyyə sədri vəzifəsində qalıb.
Mer olduğu dövrdə paytaxtın görünüşünün dəyişdirilməsinə töhfə verib: qanunsuz tikililər sökülüb, küçələr abadlaşdırılıb, parklar salınıb, binaların fasadları rənglənib. Bu fəaliyyətinə görə 2004-cü ildə “Dünya meri” adına layiq görülüb.
2003-cü ilin payızında Edi Rama Albaniya Sosialist Partiyasına (ASP) qoşulub. 2005-ci ilin oktyabrında partiya sədri seçilib. O, indi də Albaniya Sosialist Partiyasının sədridir.
2013-cü ildə E.Ramanın rəhbərlik etdiyi mərkəz-sol partiyalar koalisiyası sağçı Albaniya Demokratik Partiyasını məğlub edərək parlament seçkilərində qalib gəlib. O, 15 sentyabr 2013-cü ildən ta bu günədək Albaniyanın baş naziri olaraq fəaliyyət göstərir.
E.Ramanın bir çox prioritetləri var, bunların arasında cinayətkarlıq və korrupsiya ilə mübarizə, işsizliyin aradan qaldırılması, Avropa İttifaqına inteqrasiya da yer alır.
Edi Ramanın şəxsi həyatı da maraqlıdır. Atası Kristak Rama məşhur heykəltaraş, anası Aneta Rama tibb işçisi olub.

Edi Rama erkən yaşlarından rəsm çəkməyə başlayıb. O, əvvəlcə Tiranadakı Cordan Misya İncəsənət Liseyinini bitirib. Yeniyetmə ikən Rama paytaxtın “Dinamo” komandasında peşəkar basketbolçu kimi oynayıb. Eyni zamanda Albaniya milli basketbol komandasında çıxış edib (1984-1989-cu illərdə).
Edi Rama 1985-ci ildə Tirana İncəsənət Akademiyasını bitirib. Bir müddət həmin akademiyada dərs deyib, həmçinin ABŞ-ın Massaçusets, Boston və Harvard universitetlərində qonaq professor kimi fəaliyyət göstərib. 1994-cü ildə Fransaya köçüb, orada memarlıq üzrə təhsil alıb və rəssamlıqla məşğul olub. Onun əsərləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib.
E.Rama 1998-ci ildə Albaniyaya qayıdıb.
O, katolik olaraq vəftiz edilib və özünü katolik olaraq tanıdır. İndiki dini inanclarına gəlincə, Rama özünü aqnostik adlandıraraq, "Mən özümdən və digər insanlardan başqa heç bir inanc qəbul etmirəm və Tanrının varlığının və ya yoxluğunu heç düşünmürəm" deyir.
Edi Rama üç dəfə evlənib. İlk evliliyi aktrisa Matilda Makoci ilə olub və bu nikahdan iki övladı var - qızı Ri və oğlu Qreqor. Baş nazirin ikinci evliliyindən (Delina Fico ilə) isə Zaho bir oğlu dünya gəlib.

Edi Rama hazırda üçüncü evliyiyini yaşayır. Baş nazirin həyat yoldaşı Linda Rama iqtisadçıdır. Onlar intellektual və kifayət qədər balanslı cütlük kimi tanınırlar. Bu baxımdan, Edi Ramanın italiyalı baş nazir Ciorcia Meloniyə qarşı nümayiş etdirdiyi bu “şouvari diqqət” daha çox onun xarakterinin oyunbaz və teatral tərəfini göstərir, nəinki şəxsi hisslərini.
Ramanın əsas xüsusiyyətlərindən biri də məhz budur: o, siyasətdə sərhədləri bir az yumşaltmağı, rəsmi mühitə qeyri-rəsmi çalar qatmağı sevir. Bəzən bu, simpatiya doğurur, bəzən isə tənqid.
Edi Rama doğma alban dilindən başqa, ingilis və fransız dillərini bilir.
Meloni: soyuqqanlı və ya cazibədar?
Ciorcia Meloni isə tam fərqli tipdir. O, son illərdə Avropa və dünya siyasətində diqqətçəkən fiqurlardan birinə çevrilib. C.Meloni ölkəsində "İtaliya Qardaşları" adlı sağçı-millətçi partiyanın lideridir. Onun rəhbərlik etdiyi partiya 2022-ci ildə keçirilən seçkilərdə qalib gələrək koalisiya hökuməti qurub və Ciorcia Meloni İtaliyanın ilk qadın baş naziri seçilməklə tarixə düşüb. Xanım Meloni siyasətdə sərt mövqeyi, güclü nitqi ilə seçilir.

O, 1977-ci ildə Romada doğulub. Siyasətdə sağ-mərkəzçi siyasi xətti təmsil edir. Ailəsindəki çətinliklər və atasının onları tərk etməsi Ciorcianın həyatına dərin təsir göstərib. Atası Francesco Meloni ailəni Ciorcia hələ 1 yaşında ikən tərk edib. Atasının onları atıb getməsi C.Meloninin xarakteri və dünyagörüşündə dərin iz buraxıb. Anası onu və böyük bacısı Araiannanı (1975-ci il təvəllüdlü) təkbaşına böyüdüb. Ciorcia bu çətinliklərə baxmayaraq, güclü, müstəqil bir şəxsiyyət kimi formalaşıb.
C.Meloni xarici KİV-lərdən birinə müsahibəsində heç vaxt atası Françesko Melonidən müsbət emosiyalar almadığını bildirib: “Atam öləndə heç nə hiss etmədim. Bu məni qəzəbləndirir, çünki heç olmasa ona nifrət etmək istərdim”, - deyə xanım baş nazir qeyd edib.
C.Meloni deyib ki, məhz atasının onları çətin vəziyyətdə atıb getməsi səbəbindən maddi problemlər yaşayıb və universitetə davam edə bilməyib. O, pul qazanmaq üçün uşaq baxıcısı, barmen, ofisiant, market satıcısı kimi işlərdə çalışıb.
Ciorcianın anası Anna Paratore əri onu qızları balaca ikən atıb gedəndən sonra çox çətin günlər yaşayıb. Övladlarını təkbaşına böyüdən Anna Paratore "Josie Bell" və "Amanda King" təxəllüsü ilə sevgi romanları yazıb. Onun təkcə "Josie Bell" təxəllüsü ilə yazılmış 140 sevgi romanı var. Amma onun ədəbi gəliri kifayət etmədiyindən dolanışıq üçün bir neçə işdə çalışmalı olub.
Ciorcia Meloni orta məktəbi bitirəndən sonra, 1996-cı ildə Romada "Ameriqo Vespuççi Kollecində dilçilik üzrə orta ixtisas təhsili alıb. Diplomunu aldıqdan sonra bir müddət jurnalistika ilə məşğul olub.
Meloni daha sonra Roma Sapientsa Universitetinə daxil olsa da, oranı bitirə bilməyib. Bəzi məlumatlara görə, siyasətə qoşulması səbəbindən ali təhsili yarımçıq buraxıb. Başqa sözlə, siyasi karyera onun prioriteti olub.

Ciorcia Meloninin şəxsi həyatı onun siyasi karyerası qədər olmasa da, ictimaiyyətin diqqətini çəkən maraqlı detallarla zəngindir. O, bir qız anasıdır.
Xanım Meloni hazırda rəsmi olaraq evli deyil, lakin o, uzun illər jurnalist Andrea Ciambruno ilə münasibətdə olub. Onların qız övladı – Ginevra 2016-cı ildə dünyaya gəlib. Andrea Ciambruno "Mediaset" telekanalında aparıcı və jurnalist kimi çalışıb. Vaxtilə Meloni ilə siyasi baxışlarda bəzi fərqlilikləri olsa da, onların münasibətləri uzun müddət davam edib.
Ciorcia Meloni 2023-cü ilin oktyabr ayında Andrea Ciambruno ilə münasibətinin bitdiyini sosial mediada açıqlamışdı. O bunu şəxsi həyatının "ən çətin qərarlarından biri" olduğunu yazmışdı. Onların ayrılmasına səbəb Andreanın digər qadınlar haqqındakı seksist şərhləri olmuşdu.
Ciorcia Meloni erkən gənclik illərində siyasətlə maraqlanmağa başlayıb və 1990-cı illərdə İtaliyanın sağçı gənclər təşkilatlarında fəal rol oynayıb. 2006-cı ildə 29 yaşı olarkən parlamentə seçilib və İtaliya tarixində ən gənc deputatlardan biri kimi tanınıb.
Silvio Berluskoni üçüncü dəfə İtaliyanın baş naziri seçiləndə (2008-2011) o, Cirocia Melonini gənclər və idman naziri təyin etmişdi. Onda 31 yaşlı Meloni İtaliyanın ən gənc naziri də olmuşdu.
C.Meloni "İtaliya Qardaşları" partiyasını 2012-ci ildə qurub. Bu partiya əvvəllər az tanınırdı, lakin Meloninin xarizmatik liderliyi və sərt anti-immiqrasiya, milli dəyərləri vurğulayan ritorikası ilə partiya qısa zamanda populyarlıq qazanıb.
Meloni çox enerjili, güclü natiqlik qabiliyyəti və emosional çıxışları olan lider imici ilə tanınır. Onun ən məşhur şüarlarından biri "Tanrı, Vətən, Ailə"dir.
Ciorcia Meloni özünü ciddi siyasi fiqur kimi tanıtsa da, əslində pop mədəniyyətə də maraq göstərir. O, fantastik ədəbiyyatı çox sevir.
İtalyanca ilə yanaşı, Ciorcia Meloni ingilis dilini də yaxşı səviyyədə bilir. Bundan başqa, fransız və ispan dillərində də danışır. Beynəlxalq tədbirlərdə və xarici liderlərlə görüşlərdə dil baryeri olmadan sərbəst ünsiyyət qura bilir. Bu onun Avropa səviyyəsində daha çevik diplomatik fəaliyyət aparmasına kömək edir.
Xanım baş nazirin stil və geyimində sadəlik və əlçatanlıq önə çıxır.
C.Meloni italyan mətbəxinə çox bağlıdır. O, İtaliyanın qida ənənələrinin qorunmasını milli kimliyin bir hissəsi hesab edir.
1 m 60 sm boya malik olan Ciorcia Meloni haqqında fikirlər iki yerə bölünür. Bəziləri onu cazibədar, xarizmatik və güclü qadın lider kimi görür. Digərləri isə onu daha çox sərt, emosiyadan uzaq və klassik siyasi fiqur hesab edir.
Siyasi jest, yoxsa diqqət mərkəzində qalmaq istəyi?
Siyasi dairələrdə Edi Rama və Ciorcia Meloniyə olan fərqli yanaşmalar maraqlı kontrast yaradır: bir tərəfdə emosional və artistik Rama, digər tərəfdə isə intizamlı və praqmatik Meloni.
Edi Ramanın Ciorcia Meloniyə qarşı davranışı - onun diz çökməsi, italyan baş naziri qucaqlaması, öpməsi - müxtəlif cür yozulur. Bəziləri bunu sadəcə zarafat, dostyana jest kimi qəbul edir. Digərləri isə hesab edir ki, bu, diqqət çəkmək üçün düşünülmüş bir “piar” addımıdır.

Xarici mətbuatın bu olaya yanaşması göstərir ki, siyasi dairələrdə də hadisəyə münasibət birmənalı deyil: kimisi bunu diplomatik etikaya uyğun saymır, kimisi isə siyasətdə “insan faktorunun” ön plana çıxmasını müsbət qiymətləndirir
Amma Albaniya mətbuatı yazır ki, Edi Rama nə etdiyini bilir. O, klassik siyasətçi kimi yadda qalmaq istəmir. Onun məqsədi fərqlənməkdir və bu, Ramada kifayət qədər uğurla alınır.
Edi Ramanın Ciorcia Meloni ilə qeyri-adi davranışı göstərir ki, siyasət yalnız sərt bəyanatlardan ibarət deyil. Bəzən bir jest, bir təbəssüm, hətta bir az “artıq emosional davranış” gündəmi dəyişə bilir. Necə ki, iki baş nazirin hər görüşü bunu edir, diqqətləri özünə çəkir, medianın manşetlərinə çıxır.
Edi Rama ilə Ciorcia Meloni arasındakı bu maraqlı ünsiyyət sanki bizə bunu xatırladır: liderlər də insandır, sadəcə, onların jestləri bir az daha çox diqqət çəkir.
İndi bəlkə də ən maraqlı sual budur: Edi Rama növbəti görüşdə yenə diz çökəcək, yoxsa bu dəfə Ciorcia Meloni onu qabaqlayıb "təzim etməsinə" imkan verməyəcək?..
Əfqan Qafarlı