Modern.az

Babaları İkinci Dünya müharibəsində döyüşən deputatlar - TARİX

Babaları İkinci Dünya müharibəsində döyüşən deputatlar - TARİX

Parlament

Bu gün, 15:01

İkinci Dünya müharibəsi Azərbaycanda demək olar ki, hər ailənin yaddaşında iz qoyub. Kimi atasını, qardaşını, əmisini cəbhədə itirib, kimi də illərlə müharibənin yaraları ilə yaşayan doğmasının həsrətini çəkib. 1941-1945-ci illərdə yüz minlərlə azərbaycanlı ön cəbhəyə yollanarkən, onların taleyi sonrakı nəsillərin də həyat hekayəsinə çevrilib. Bu ağır müharibənin izi bəzi deputatların ailələrindən də yan keçməyib.

Modern.az saytı babaları və yaxınları İkinci Dünya müharibəsində vəfat edən deputatları araşdırıb. 

Deputat Arzuxan Əlizadənin babası Məstan Abdulla oğlu Əliyev 35 yaşında cəbhəyə yollanıb. Onun haqqında məlumat İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərin arxiv materiallarının toplandığı “Xalqın xatirəsi” saytında da yerləşdirilib. Saytda qeyd edilib ki, M.Əliyev 223-cü Atıcı Diviziyanın (I) 1041-ci Atıcı Alayında və 84-cü Atıcı Diviziyanın 41-ci Atıcı Alayında xidmət edib.
Deputatın ata babası Məstan Əliyev 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, "1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə" medalı, 2-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib. Onun əlbəyaxa döyüşlərdə 4 alman əsgərinin təkbaşına öldürdüyü də burada yer alıb. Deputatın babası müharibədə Azərbaycan divizyasının tərkibində döyüşərək müharibədən sağ qayıdan həmyerlilərimiz içərisində olub. Lakin Mozdok istiqamətində döyüşlərdə bir ayağı amputasiya edilib, eyni zamanda əllərində qəlpə izləri hər zaman qalıb. 

"Babam müharibə haqqında heç vaxt bizə danışmayıb, hər şeyi sonradan təsadüfən öyrəndik"

Arzuxan Əlizadə bildirib ki, babası ömrünün sonuna kimi onun yanında qalıb, 1998-ci ildə, 95 yaşında vəfat edib:

“Babam müharibədən sonra bir ayağının üzərində yaşadı. Onunla bütün ailəmiz fəxr edir. Babam bizimlə heç vaxt müharibədən, qəhrəmanlığından danışmayıb. Sadəcə əvvəlki qonşularımız nə demişdilərsə, onu bilirdik. İllər sonra oğlum tam təsadüfən saytdan məlumatları tapıb mənə göndərmişdi. Onda babam da sağ idi və biz eyni evdə yaşayırdıq. Yoldaşım, digər qohumlarımız, hamımız mat qalmışdıq. Bizim evimizdə bir qəhrəman yaşayırdı”.

Deputat Azər Badamovun hər iki babası Zərbəli İsmayılov və Hüseynbala Məmmədov İkinci Dünya müharibəsində iştirak edib. Hər ikisi müharibə başlayandan sona qədər cəbhə xəttində olub:

“Babalarım müharibənin başlandığı ilk gündən sonuna qədər döyüşüblər. Hətta Berlinin alman faşizmindən azad olunması döyüşlərində iştirak edərək yaralanmışdılar. Müharibə başa çatandan sonra hospitallarda müalicə alaraq əlil kimi evə qayıtdılar. Mən babalarımın qərəmancasına keçdiyi döyüş yolu ilə qürur duyuram”, – deyə A.Badamov bildirib.

Deputat Şahin Seyidzadənin babası da müharibədə qəhrəmanlıq göstərən azərbaycanlılardan olub. O müharibəyə gedəndə cəmi 19 yaşının olmasına baxmayaraq aviasiya rabitəçisi kimi xidmət edib.

"Onlara uçuşdan əvvəl cəsarət üçün araq verirdilər, o isə heç vaxt içmirdi"

Deputat bildirib ki, babası müharibə ilə bağlı onlara bir çox xatirələrini danışıb:

“Bəli, babam Seyidzadə Mustafa Mir Cəfər oğlu müxtəlif hekayələr danışardı. O zamanlar biz çox balaca idik, amma bəzi xatirələr yaddaşımıza xüsusilə həkk olunub və bu gün də ailəmizdə tez-tez xatırlanır.
O, müharibəyə gedəndə cəmi 19 yaşı var idi. Aviasiya rabitəçisi kimi xidmət edirdi. Deyirdi ki, uşaqlığı şirniyyatlar, ev yeməkləri və adi, sakit bir həyat içində keçmişdi, amma müharibədə tamam başqa şəraitə uyğunlaşmalı olmuşdu. Danışardı ki, uçuşlardan əvvəl hamıya cəsarət üçün araq verilirdi. Özü isə demək olar ki, içmirdi və ona düşən payı başqalarına verirdi. Əvəzində isə döyüş yoldaşları ona şəkər verirdilər, çünki o, şirniyyatı çox sevirdi. Hətta bəzən səhra şəraitində, mətbəxdə halva da hazırlayırdı.



Onlar çox gənc yaşlarında adi mülki həyatdan birbaşa ağır müharibə reallığına düşmüşdülər. Hər gün yeni tapşırıqlar, risk və təhlükə var idi.

Amma babamın ən çox vurğuladığı məsələ dostluq və qarşılıqlı dəstək idi. Döyüş yoldaşları uçuşdan əvvəl əlavə araq payı aldıqları üçün sevinirdilər, o isə şəkər əldə edib ondan halva hazırlayırdı. Bu, insanların o ağır şəraitdə bir-birinə dayaq olaraq, hər kəsin öz üsulu ilə yaşamağa çalışdığını göstərən sadə, amma çox insani bir hekayə idi”, – deyə deputat qeyd edib.



"Elə bilirdik dayım müharibədə ölüb, amma evimizə məktublar gəlməyə başladı".

Bu sözləri isə deputat Razi Nurullayev müharibədə iştirak edən dayısı haqqında danışarkən deyib:

“Dayım Xanbaba Nurullayev ailənin tək oğlu olub və müharibəyə yollanmışdı. Təəssüf ki, geri dönmədi. Uşaqlıq xatirələrimdə qalıb ki, o illərdə evimizə tez-tez məktublar gəlir, müxtəlif adamlar gələrək deyirdilər ki, Xanbaba Türkiyədə – “Qəriblər” adlı bir kənddə yaşayır. Deyilənə görə, sovet dövründə geri qayıtmaqdan çəkinib, həbs olunacağından qorxub.

Anam bu xəbərlərin izinə düşmək üçün dəfələrlə rayonlara getmişdi. Kiminsə onunla birlikdə xidmət etdiyini deyənlərin ardınca yollanmış, hətta Laçının Minkənd kəndinə qədər getmişdi. Çox axtarış aparıldı, amma konkret nəticə əldə olunmadı. Zaman keçdi, yaxınları bir-bir dünyadan köçdü, amma onun adı dillərdən düşmədi. Deyirdilər ki, orada imkanlı həyat qurub, iki övladı da var. Amma biz yenə də anlamırdıq: əgər sağdırsa, niyə geri qayıtmır, niyə bacılarını axtarmır?

İllər sonra qardaşım da bu məsələni araşdırdı və məlum oldu ki, o, həqiqətən də uzun müddət sağ olub. Təəssüf ki, hadisələrin bütün detalları artıq yaddaşımda dəqiq qalmayıb. Amma bu hekayə ailəmiz üçün həm bir ümid, həm də bir nisgil kimi yadda qalıb”, – deputat bildirib.

Deputat Elnarə Akimovanın isə anasının dayısı müharibədə iştirak edib, bir müddət sonra isə itkin düşüb. Deputatın ana atası isə müharibə dövründə həbs olunub və böyük çətinliklər görüblər. Həmin dövrdə ön cəbhədə olduğu kimi, arxa cəbhədə də gərginlik hökm sürüb, cəbhəyə lazımi köməyi etmək üçün kənd insanları min bir əziyyətə qatlaşmalı olublar:

“Həmin dövrdə bütün bölgələrdə kolxoz və savxozlar yaradılır, insanlar işə cəlb olunurdu. Mənim babam isə kolxoz sədri idi. Bir tərəfdən müharibə, bir tərəfdən də arxa cəbhədə Bakıdan gələn şəxslər bütün kəndin qadınlarını: hamilə, xəstə, yaşlı demədən ağır işlərə cəlb edirdilər. Babam isə qadınların günün altında ağır işlər görməyinə qarşı çıxıb. Nəticədə yüksək vəzifəli şəxs babamı təhqir edib, o isə həmin şəxsə şillə vurub. Ondan sonra 1941-ci ildə, həbsə atıldıqdan 8 ay sonra babam zəhərlənərək öldürülüb”. 

1518804

İkinci Dünya müharibəsində deputat Tahir Rzayevin atası, babası və dayıları iştirak edib. Onun babası və bir dayısı müharibədə vəfat edib, onlar haqqında sonradan heç bir məlumat ala bilməyiblər:

T.Rzayev qeyd edir ki, atası və bir dayısı müharibə bitdikdən sonra evə qayıdıblar:

“Atam 1942-ci ildə 19 yaşı olmamış İkinci Dünya müharibəsinin iştirakçısı olub. Beş il sonra, 1947-ci ildə evimizə qayıdıb. Qayıdandan sonra bir çox vəzifələrdə işlədi, maliyyəçi idi. Atam 85 yaşığında dünyasını dəyişdi. O, hər zaman xatirələrini bizimlə bölüşürdü. Çətin şəraitdə döyüşüb, qəhrəman kimi vətənə geri qayıtmışdılar. Bu da Azərbaycan xalqının başının ucalığı, döyüş məharəti, xalqın torpağa, vətənə, azadlığa olan inamının göstəricisi idi”, – o bildirib.

1518805
Hər iki şəkildə sağdan birinci şəxs

Deputat Elman Nəsirovun babası Sərxan Fəti oğlu Nəsirov da müharibədə iştirak edib:

“Babam 1943-cü ildə Taqanroq şəhərinin alman faşıstlərindən azad olunmasında fərqlənib, medallarla təltif olunub. Həmin döyüşlərdə ağır yaralandığına görə ordudan tərxis olunub və bundan sonra arxa cəbhədə çalışıb”, – deyə o fəxrlə babası haqqında deyib. 

Deputat Nəsib Məhəməliyev: "Ana babam 1936-cı ildə bolşeviklər tərəfindən Zaqatala Qalasında güllələnib, ata babam isə müharibədən əvvəl dünyasını dəyişib.
Həyat yoldaşımın isə hər iki babası müharibədə həlak olub. Biri Berlinə qədər gedib, müharibənin son günlərində həlak olub. Əhmədov Həbibulla Ramazan oğlu 31 yaşında, Qadalov İsmayıl Mahama oğlu isə müharibəyə 29 yaşında gedib”. 

1518806

Deputat Aydın Mirzəzadə bildirib ki, ailələrində İkinci Dünya müharibəsinin ağrılı izləri ilə bağlı ən təsirli hekayələrdən biri nənəsinin dayısı Məhəmmədin taleyidir. Onun sözlərinə görə, ata nənəsinin özündən bir neçə yaş böyük Məhəmməd adlı dayısı olub və onlar bir-birinə çox yaxın olublar. Lakin 1930-cu illərin sonlarında yolları ayrılıb və ailə uzun illər onun taleyindən xəbərsiz qalıb.

Aydın Mirzəzadə deyib ki, illər sonra apardığı araşdırmalar zamanı məlum olub ki, Məhəmməd 1941-ci ildə ailə qurub, həmin ilin mart ayında isə qızı dünyaya gəlib. Ancaq cəmi dörd ay sonra – 1941-ci ilin iyununda müharibəyə aparılıb və bir daha ondan xəbər çıxmayıb. Nə məktub gəlib, nə də öldüyü və ya sağ qaldığı barədə ailəsinə məlumat verilib.

Deputatın sözlərinə görə, Məhəmməddən Rüqiyyə adlı bir qızı qalıb. O da atasının təxminən hansı bölgədən olduğunu bilsə də, qohumları barədə heç bir məlumata sahib olmayıb. A.Mirzəzadə qeyd edib ki, uzun illər davam edən axtarışlardan sonra təxminən 10 il əvvəl həmin qızı və onun ailəsini tapmağa nail olub.

O vurğulayıb ki, Məhəmməd kimi minlərlə azərbaycanlı müharibənin ilk illərində hazırlıqsız şəkildə cəbhəyə göndərilib və itkin düşüb: “Onların bir çoxu rus dilini bilmirdi, döyüş təcrübəsi yox idi. Müharibənin ilk aylarında çağırılıb birbaşa cəbhəyə göndərilmişdilər”.

Aydın Mirzəzadə əlavə edib ki, nənəsinin ömrünün sonuna qədər dayısının taleyindən, onun ailəsindən və yeganə övladından xəbərsiz yaşaması ailədə hər zaman böyük kədər hissi yaradıb.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müsahibələrinin birində babasının müharibədə iştirak etdiyini deyib: "Almanların əlinə 40 milyondan çox insanın qanı bulaşıb. Onlardan biri də elə mənim babamdır. Öldürdülər, qəbrini də tapa bilmədik ki, gedib bir gül qoyam. Buna görə almanlardan çox yanıqlıyam!"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV