Modern.az

Mütəllibovun didərgin komandası: Onlar haradadırlar? - ARAŞDIRMA

Mütəllibovun didərgin komandası: Onlar haradadırlar? - ARAŞDIRMA

13 Sentyabr 2012, 08:01

Eks-prezidentin mühacirəti dövründə onun “qırğıları” da baş  götürüb hərəsi bir tərəfə dağılışmağa məcbur olub

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov sabiq prezidentlər haqqındakı qanuna əsasən, 20 illik mühacirət həyatından sonra vətənə dönə bildi. Düz 20 il öncə, 1992-ci ilin may ayında Azərbaycan Xalq Cəbhəsinin silahlı dəstələri böyük şövqlə Prezident Sarayaına doğru yürüş edəndə Mütəllibov rus hərbi təyyarəsində paytaxtı tərk etdi. Bundan sonra çağdaş Azərbayacan siyasi tarixi “postMütəllibov” dövrünün bir sıra hadisələrinə şahidlik etməli oldu.

Ayaz Mütəllibovun mühacirəti dövründə onun hakimiyyət komandasının “qırğıları” da başını götürüb hərəsi bir tərəfə dağılışmağa məcbur oldu. Onların adları qarmaqarışıq 90-larda müxtəlif siyasi intriqalarda hallanıb.
Modern.az saytı bir vaxtlar eks-prezidentin siyasi komandasında olmuş şəxslərin taleyi ilə maraqlanıb. Araşdırma nəticəsində məlum olub ki, onların bəziləri Rusiyada yaşayır, bir neçəsi isə “ilıqlaşma” zamanı səssiz-səmirsiz Bakıya dönə bilib.

Mütəllibovun digər silahdaşlarından biri Bakı şəhər Partiya Komitəsinin keçmiş birinci katibi, 1990-92-ci illərdə Bakı Şəhər Sovetinin sədri olmuş Rüfət Ağayevdir. Şəhər rəhbərliyini həyata keçirən Ağayevin adı o zamanların siyasi həyatının ən mühüm fiqurlarından biri kimi xatırlanır. Müstəqil Azərbyacanın İtaliyadakı səfiri vəzifəsinə təyin olunan Ağayev sonralar Azərbaycanı tərk edərək Rusiyaya gedib. O, 1998-ci ildən Ukraynda fəaliyyət göstərən “Nord” ASC-nin Rusiya üzrə nümayəndəsidir. Bu şirkət soyuducu, paltaryuyan maşın, və kondisioner istehsalı üzrə ixtisaslaşıb.
Uzun illər ictimai-siyasi arenada görünməyən Rüfət Ağayev 2003-cü ilin prezident seçkiləri zamanı qəfildən ortaya çıxdı və Azərbaycana gələrək prezidentliyə namizədliyini irəli sürmək üçün MSK-ya müraciət etdi. Onun bu niyyətii siyasi kuluarlarda çox ciddi rezonans doğurdu. O zaman müşahidəçilər “Ağayev faktorunu” Rusiyanın seçkiyə qarışması kimi izah etdilər. Mərkəzi Seçki Komissiyası Rüfət Ağayevin namizədliyini qeydə almaqdan imtina etdi. Rüfət Ağayev Daxili İşlər Nazirliyinə müraciət edərək hədələndiyini bildirdi və təhlükəsizliyinə təminat verilməsini istədi.
Sonralar özü barəsində KİV-ə açıqlamasında Ağayev qeyd edib ki, Rusiyada ictimai fəaliyyətlə məşğul olub. Hətta ABŞ və Rusiyanın təşkil etdiyi “xalq diplomatiyasında”da iştirak edib. Bakının keçmiş meri bəyan edib ki, onun rus siyasi elitasının nümayəndələri ilə kifayət qədər isti əlaqələri var. 2003-cü ildə Azərbaycan MSK-sı namizədlərin sənədləri təqdim etmək üçün nəzərdə tutlmuş vaxtın ötdüyünü bildirərək, RAğayevin qeydiyyatından imtina etdi. MSK-nın bununla bağlı rəsmi açıqlamasında deyilir ki, “Ağayev harada işləməsini təsdiq edən sənəd təqdim edə bilməyib”.
İclasda Ağayevin məsələsi müzakirə olunan zaman MSK-nın o zamankı katibi İnqilab Nəsirov bildirmişdi ki, eks-merin iş yeri kiimi təqdim etdiyi “Nord” Səhmdar Cəmiyyəti beynəlxaq silah qaçaqmalçılığında ittiham olunur.
Ondan sonra Rüfət Ağayev sakitcə Bakını tərk etdi.

Mütəllibov komandasının qalmaqallı fiqurlarından biri də keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin sabiq sədri Vaqif Hüseynov olub. Peşəcə jurnalist olan general-mayor V.Hüseynov 1989-1991-ci illərdə DTK sədri işləyib. Ayaz Mütəllibovun “güc nazirlərindən” olan Hüseynov 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıya hərbi müdaxiləsində əli olan şəxs kimi tanınır. 1992-ci ildə hakimiyyətə gələn AXC Vaqif Hüseynovu həbs etdi. Ona qarşı “SSRİ DİN-in  daxili qoşunlarını və sovet ordu hissələrini istiqamətləndirmək” və AzTV-nin enerji blokunu partlamq ittihamı irəli sürüldü. İstintaq həmçinin müəyyən etdi ki, V.Hüseynov Azərbyacan DTK-da işləyən əməkdaşın erməni əsilli həyat yoldaşına azərbycanlı olması barədə saxta pasport hazırlmaq barədə göstəriş verib. Vaqif Hüseynov sonralar verdiyi müsahibədə bu ittihamı rədd edərək demişdi ki, erməni qadının pasportunun dəyişdirlməsi göstərişi Moskvadan, DTK-nın əsas mərkəzindən verilib və icra edilib. 
Həbsdən azad edildikən sonra Vaqif Hüseynov Moskvaya getdi. Orada Rusiya vətəndaşlığını qəbul edən Hüseynovun adı bir neçə il sonra çox qalmaqallı və siyasi yüklü bir ölüm işində çəkildi: 1996-cı il yanvarın 17-də Azərbaycanın Baş Prokurorluğu Vaqif Hüseynovu  “Azərnəşr”in keçmiş direktoru Əjdər Xanbabayevin öldürülməsində ittiham etdi. Ə.Xanbabyev  mərhum Heydər Əliyevin Azərbaycana qaydışını təşkil edən mühüm fiqurlardan biri idi. H.Əliyev hakimiyyətə qayıdandan sonra bu işi yenidən araşdırmaq göstərişi verdi. Azərbyacanın Baş Prokurorluğu Rusiyadan eks-nazirin ekstradisiyanı istəsə də, qarşı tərəf bundan imtina etdi.
1997-ci ildə Vaqif Hüseynov “Sankt Peterburqskie vedomosti” qəzetinin baş redaktoru Kuzinlə birgə “Rosbalt” İnformasiya Agentliyini yaradıb və bu agentliyin direktorlar şurasının sədri olub. 1998-ci ildən xarici və müdafiə siyasəti üzrə Şuranın üzvü, 2000-ci ildən Strateji Qiymətləndirmə və Analiz İnstitutunun direktorudur. Bundan başqa o, Rusiya-Çin Dostluq Komitəsinin üzvüdür. Rus KİV-lərində tez-tez analitik məqalələrlə çıxış edir. Bu ilin noyabrında DTK-nın keçmiş şefi 70 yaşını qeyd edəcək.

Mütəllibovun prezident olduğu dönəmdə onun informasiya siyasətini Rasim Ağayev həyata keçirib. Prezidentin mətbuat katibi olan Rasim Ağayev Xocalı faciəsi ilə bağlı cəmi iki nəfərin ölməsi barədə verdiyi rəsmi məlumatla yadda qalıb. Onun da siyasi karyerası Mütəllibovdan sonra keşməkeşli olub. 1996-cı ilin noyabrında həbs olunan Rasim Ağayevə qarşı “vətənə xəyanət” maddəsi ilə cinayət işi açılıb. O, dövlət quruluşuna zidd siyasi partiya yaratmada, 1994-cü ilin oktyabrında çevriliş cəhdində iştirakda və eks-baş nazir Sürət Hüseynovla əlaqədə ittiham olundu. “Amnesti İnternşenl” beynəlxalq təşkilatı Rasim Ağayevin siyasi motivlə həbsə salındığını və onun Ayaz Mütəllibovun mətbuat katibi işlədiyi üçün həbs olunduğunu bəyan etdi. 1997-ci ilin yanvarında Ali Məhkəmədə bu iş üzrə 20 nəfərin məhkəmə prosesi keçirilib. Proses zamanı R.Ağayevin üzərindən “vətənə xəyanət” maddəsi götürüldü və yalnız bir maddə-dövlətə qarşı cinayəti bilib xəbər verməmə maddəsi saxlanlıldı. Rasim Ağayev məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edildi.
Hazırda politoloq kimi fəaliyyət göstərən Rasim Ağayev daxili və xarici proseslərlə bağlı təhlillərlə çıxış edir. Onun Rusiyadakı ictimai təşkilatlarla da əməkdaşlığına dair məlumatlar var.

Mütəllibov dövründə Ali Sovetin eks-deputatı və dövlət müşaviri olmuş Adil Hacıyev də  o zamanın siyasi yaddaşında qalan fiqurlardan olub. Ayaz Mütəllibovun müşaviri olan A.Hacıyev 1995-ci il mart hadisələrinə görə ittiham edilib. İttiham aktına görə, Adil Hacıyev 1995-ci ildə “OMON” rəhbəri Rövşən Cavadovla görüşüb. Görüş zamanı Cavadov dövlət çevrilişindən sonra yaranacaq Dövlət Şurasının tərkibinə qatılması barədə Mütəllibovun rəyini bilmək istəyib. Bundan sonra Hacıyev Mütəllibovla əlaqə saxlayaraq, Cavadovun niyyətini ona çatdırıb. A.Mütəlibov isə deyib ki, “əgər tam tərkibdə çağırılmış parlament onu dəvət edərsə, Bakıya qayıtmağa hazırdır”. Mart hadisələrinin qanlı nəticəsindən sonra Moskvada olan A.Hacıyev Azərbyacan hökümətinin tələbi illə saxlanldı. 1996-cı ildə Moskvada həbs olunan A.Hacıyev oradan Azərbaycana gətirildi. Keçmiş dövlət müşaviri Cinayət Məcəlləsinin “vətənə xəyanət” maddəsi üzrə günahlandırılıb və məhkəmənin hökmü ilə 14 il azadlıqldan məhrum olunub. A.Hacıyev barədə məlumat azdır. Onun hazırda Moskvada yaşadığı bildirilir.

Eks-prezident Ayaz Mütəllibovun bu yaxınlardakı “siyasi əfv”indən sonra keçmiş komanda üzvlərinin də siyasi taleyi yenidən gündəmə gəlib. Bu komandanın bir sıra üzvləri sakitcə öz həyatlarını yaşayır, ciddi-cəhdlə siyasi arenada görünməkdən çəkinirlər. Görünür, indi ölkədən kənarda pərakəndə şəkildə yaşayan digər “eks”lər də siyasi talelərinə aydınlıq gətirilməsini istəyəcəklər.

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var