Modern.az

Sarkisyan nümunəsində revanşistlərə sərt xəbərdarlıq

4 Oktyabr 2021, 17:12

Elman Babayev

Prezident İlham Əliyev Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasının ildönümü günü bu müqəddəs yurd yerimizdə Azərbaycan bayrağını ucaldarkən etdiyi çıxış zamanı təkcə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın şəxsiyyətsizliyi, mənəviyyatsızlığı, cinayətkar əməlləri, simasız birisi olması ilə bağlı faktları açıqlamadı. Ali Baş Komandan Sarkisyanın nümunəsində Ermənistanda bütün revanşist qüvvələri və şəxsləri xəbərdar edərək, onlara layiq olduqları yeri göstərdi.


44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun məhz neçə illərdir barəsində miflər uydurulan Koçaryan-Sarkisyan ordusunu məğlub etdiyi danılmaz faktdır. Azərbaycan əsgəri Ermənistanın keçmiş prezidentlərinə, onların havadarlarına, ümumilikdə Qarabağ siyasəti üzərində oyun oynayanlara heç vaxt unudulmayacaq acı məğlubiyyət yaşadıb. Məhz bu məğlubiyyəti az da olsa unutdurmaq, dirçəlmək üçün Sarkisyan kimilər gah revanşist bəyanatlar verir, gah da keçmişlə bağlı öz mahiyyətlərinə uyğun yalan və iftiralar uydururlar.


Amma Azərbaycan Ordusunun yazdığı şərəfli tarixi, düşmənə Sarkisyanın 10 illərdir qurduğu ordunu bir anda darmadağın etməsini unutdurmaq mümkün deyil!. Azərbaycan Ordusu məhz Xocalı faciəsinin qisasını alıb. O faciənin ki, həmin qətliamların fəal iştirakçısı məhz Sarkisyan idi. Hamının yaxşı xatirindədir ki, Sarkisyan Britaniyalı jurnalist, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaala müsahibəsində “Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”-, deyərək öz cinayətkar kimliyini ortaya qoymuşdu. Sarkisyan bunula erməni qüvvələrinin Xocalıda məqsədyönlü şəkildə dinc əhalini qırdığını və özünün, işğalçı ölkənin əsl mahiyyətini nümayiş etdirmişdi.


Sarkisyan həm də öz ölkəsində 1999-cu ildə parlamentdə törədilmiş terror aktının təşkilatçısı kimi tanınıb. Təsadüfi deyil ki, Erməni Milli Konqresi qanlı terror aktının 10-cu ildönümü ilə əlaqədar açıqlamasında Köçəryan və Serj Sarkisyanı qətllərdə günahlandıraraq bir çox şəxslərin onları hadisələrin əsl günahkarları hesab etdiklərini açıqlamışdı.


Sarkisyanın hakimiyyəti dövründə baş verən cinayətlər, orduda korrupsiya faktları isbat edir ki, o, təkcə Azərbaycan xalqına qarşı deyil, öz xalqının nümayəndələrinə qarşı da qanlı cinayətlər törədib. Çünki onun mahiyyəti cinayətdən, terrordan, yalandan, xəyanətdən ibarətdir.


Vətən müharibəsi zamanı Azərbyacan Ordusunun qarşısında duruş gətirə bilməyib qaçan, fərarilik edən Sarkisyan məğlubiyyəti Paşinyan hakimiyyətinin üzərinə yıxmaq, keçmişlə bağlı uydurmalar səsləndirməklə siyasi xal qazanmaq niyyəti güdür. Amma Ermənistandakı sonuncu seçkilər göstərdi ki erməni ictimaiyyəti həqiqətləri bilir. Əks təqdirdə məğlub olmuş Paşinyana deyil, Koçaryan-Sarkisyan birliyinin bağlı olduğu siyasi qüvvələrə səs verərdi. Bu, Sarkisyan və onun kimilərinin terrorçu, cinayətkar kimi öz xalqlarının gözündə belə sonuncu yerdə olmasının isbatıdır. Erməni xalqı cinayətkar, terrorçu, çirkab içində olan qüvvələrin yenidən hakimiyyətə gəlməsindənsə, məğlub olmuş Paşinyan hakimiyyətinə yenidən səs verməyi üstün tutdu. Tarixdə nadir rast gəlinən rəzil durumdur bəlkə də...


Azərbaycan Prezidenti çıxışında Sarkisyanın mahiyyətini tam çılpaqlığı ilə ortaya qoymaqla, bu gün Ermənistanda revanşist qüvvələrin arxasında duranların əsl kimliyini bir daha göstərdi. “Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır”.


Cinayətkar Sarkisyanın keçmişi də xəyanət və çirkablarla doludur. Prezident İlham Əliyevin toxunduğu gerçəklərə baxaq: “O, hər addımbaşı xəyanət edib. Birincisi, çörəyini yediyi Azərbaycan xalqına. İkincisi, onun rəhbəri olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Gevorkova ki, onun yavəri olub, onun qovluq daşıyanı olub. Bu, onun tərcümeyi-halında da var, bəlkə də onu sildirib, amma bizim arxivlərdə var. Çünki onun vəzifələrə təyin olunması Bakıdan keçirdi. Bizim arxivlərdə hər şey var. Serjik Sarkisyan Boris Gevorkovun rəsmən köməkçisi vəzifəsini daşıyırdı, amma faktiki olaraq nökəri, kabab bişirəni və istirahət məclislərinin təşkilatçısı funksiyasını yerinə yetirirdi. Sonra nə oldu? Sonra separatist hərəkat başlayan kimi Serjik Gevorkovu satdı, xəyanət etdi. Bu, ikinci xəyanət. Üçüncü xəyanət onun rəhbəri olan Köçaryana qarşı idi. İndi Ermənistanda bunu bilməyən yoxdur. Serjiki qulağından tutub vəzifələrə gətirən Köçaryan olmuşdur. Bütün vəzifələrə onu o, təyin edib. Prezident vəzifəsinə də zorla o, təyin etdirib. Halbuki erməni xalqı Serjikə nifrət edirdi. Ondan sonra nə oldu? Heç bir il keçmədi Köçaryanı artıq kənara qoydu, heç telefonlarına da cavab vermirdi. Görün, bu, nə qədər alçaq xislətli bir ünsürdür”.


Müzəffər Ali Baş Komandan İlham Əliyev sərt formada səsləndirdiyi bu fikirlərlə təkcə revanşist qüvvələrə meydan oxumadı. Bir yandan erməni ictimaiyyətinə müharibədən sonra yenə baş qaldırmaq istəyənlərin kimliyini xatırlatdı. Digər yandan Ermənistanda baş verən siyasi proseslərə təsirsiz ötüşməyəcək gedişlər etdi...


Ən nəhayət, status məsələsinin gorbagor olduğunu vurğulamaqla kiflənmiş Sarkisyan kimilərinin yenidən hansısa formada dirçəlməsinin mümkün olmayacağını bəyan etdi: “Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir