Modern.az

Savaşın rəngləri

11 Aprel 2021, 16:19

Elçin Alıoğlu


Savaşın üzünün rəngləri çox. Qara, boz, qəhvəyi, qırmızı, mavi...


Cəngdən keçənlər bilir.


Yanındakı dostunun vurulduğunu görəndə, hayqırmaq istəyəndə, sonra kövrələndə - qara...


Səhər alatoranında səngərdən baxanda - boz...


Düşmən mövqeyini vurub yağını yerindəcə məhv etmək üçün ona tərəf qaçanda baxdığın torpaq - qəhvəyi...


Qəflətən küt ağrı hiss edib dilində duzlu dad duyanda - qırmızı...


Çox nadir fasilələrdə uzanıb səmaya baxanda - mavi...


Amma savaşın bir rəngi də var - bəyaz.


Sevinc rəngidi, bətnində bütün rənglər var.


Vətən Müharibəsi ağrı, acı, qürrə, inad, etibar, güvənc, inad və qüssə olsa da, sonucu sevincdir.


Müharibələrin planı, taktikası, strategiyası olduğu kimi, təsadüfləri də var.


Onların arasında da iki ruhu, iki qəlbi, iki yaşamı birləşdirənlər olur - gözəl, bəyaz.


Bu fotoda gördüyünüz iki gənc savaşın bəyazlarıdır, ümididir, sevincidir.


Ad və soyadlarını yazmıram - nə fərq edər, Ulus övladları, Vətən insanlarıdır.


Hər ikisi Vətəni Və Tən biliblər - yaşamlarına, həyatlarına, ümidlərinə tən bir nəsnə.


O nəsnə ki, uğrunda can və qan vermək yaşama təndir.


Xanım Bakı sakinidir. Vətən Müharibəsi günlərində minlərlə, on minlərlə Vətən qızları təki cəbhədəki əsgərlərə yardım yollayıb.


O yardımlar xatirinizdəmi?


3 yaşlı balaca qumrunun 1 manatından tutmuş, ahıl nənənin kəfən pulunadək.


Azərbaycan xanımı Vətənə "Ana Vətən" deməyimizin səbəbini bir daha göstərdilər o günlərdə.


Fotodakı xanım da yardım yollayır cəbhəyə - pay kimi. Qəlbindən Vətən əsgərinə pay təki.


Pay çatır cəbhəyə, verilir komandirlərdən birinə.


Payda məktub, o məktubda da ad və telefon vardı.


Komandir zəng vurur payı yollayana. Düşünür kiçik qızdır, yavrudur, minnətdarlıq etsin.


Cavab verən gənc qızdı.


Komandir duruxur, nə deyəcəyini bilmir. Susur, sonra "Var olun paya görə, təşəkkür edirəm" deyir. İlk söhbət qısa olur.


Qız da 18-19 yaşlı əsgərlə danışdığını düşünür, cəbhədən zəng vuranın elə özü kimi utandığını hiss edir.


Vaxt keçir.


Komandir yaralanır, Bakıya, hospitala aparılır.


Orada, palatada komandirin yadına ona pay yollayan qız düşür.


Zəng vurur, "Bir daha təşəkkür edirəm" deyir. Qız haradan zəng etdiyini soruşanda "Bakıdan" söyləyir.


Xanım yaralı əsgərə baş çəkməyə qərar verir. Çiçək, meyvə alır, şirniyyat bişirir, yollanır hospitala.


Palataya qədəm qoyanda gözləri gənc əsgəri arayır.


Yaralı komandir gələnin kim olduğunu anlayır, "Buradayam" deyir.


... Nişanlanıblar. Bəxtəvər olacaqlar - şübhə yox.


Çünki Vətən eşqi ilə yoğrulub bu izdivac.


Vətən kimi bəxtəvər olsunlar.


Ad və soyada nə hacət.


Vətən oğlu, Vətən qızı.


Vətən yaxşıdır...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ