Modern.az

485 arzuolunmaz fransız...

4 Dekabr 2020, 11:29

Qəzənfər Həmidoğlu

Fransanın xarici işlər naziri Jan İv Lö Drian dekabrın 3-də Fransa Milli Assambleyasında (parlamentin aşağı palatası) qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına dair qətnamənin müzakirəsi zamanı deputatları inandırmağa çalışdı ki, "bizim erməni dostlarımızın özləri də bunu istəmirlər". 


"Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”, - deyən nazir bunu da anlatmağa çalışdı ki, hökumətin belə bir qərar qəbul etməsi Fransanın özü-özünü Minsk qrupunun həmsədrliyindən çıxarması demək olar: "Bu o deməkdir ki, biz vasitəçi rolundan imtina edirik". 


Guya ki, deputatlar Makronun nazirini saymadılar. "Respublikaçılar" fraksiyasının təqdim etdiyi tövsiyə xarakterli bədnam qətnaməni aşağı palatanın iclasında iştirak edən deputatların böyük əksəriyyəti dəstəklədi. Milli Assambleyanın 577 deputatından 207-si səsverməyə qatıldı: 188 deputat sənədin lehinə səs verdi. 3-ü əleyhinə çıxdı, 16 deputat bitərəf qaldı. 


Milli Assambleyanın qətnaməni bəyənməsi ərəfəsində ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin XİN rəhbərləri (Lö Drian, Lavrov və ABŞ dövlət katibinin 1-ci müavini Stiven Biqan) birgə bəyanatlarında Ermənistan və Azərbaycanı


"Minsk qrupu bayrağı altında uzunmüddətli və möhkəm sülh bağlamağa" cağırırdılar...


Əslində, qətnamənəyə necə səs veriləcəyi əvvəldən bəlli idi. Fransanın erməni təşkilatlarının koordinasiya şurasının həmsədri Mirad Papazyan iki gün əvvəl demişdi: "Biz Senatda səsverməni təşkil etdik. İki gün sonra Milli Assambleya qətnaməyə səs verəcək. Yəni Fransa xalqını təmsil edən hər iki qurum Dağlıü Qarabağın tanınmasına tərəfdardır. Biz həmçinin Fransa prezidenti ilə təmas yaratmaq üçün iş aparırıq". Hərifin "erməni məntiqi"nə görə, Fransa Dağlıq Qarabağı mütləq tanımalıdır: "Minsk qrupu həmsədrləri içində "Artsax"ın tanınması ideyasını müdafiə etmək Fransanın borcudur". 


Noyabrın 25-də oxşar qətnaməni Fransa Senatı qəbul etmiş və rəsmi Paris o vaxt da sənədə dəstək verməkdən dərhal imtina etmişdi. XİN-in dövlət katibi Jan-Batist Lemuan da "Dağlıq Qarabağın birtərəfli tanınmasının nə Ermənistana, nə Qarabağ sakinlərinə, nə də Fransaya xeyri var" demişdi.


Yuxarı palatanın 348 üzvü var. Səsvermədə 306 senator iştirak etmişdi: 305-i ermənilərin lehinə, vur-tut bir senator əleyhinə səs vetmişdi. Sonradan 5 senator səslərini geri çağıraraq bitərəf olduqlarını, 3 senator isə səsvermədə iştirakdan imtina etdiklərini bəyan etdilər. Yəni, Senatda açıq düşmən sayı 297-yə düşdü. 


Qətnaməyə Azərbaycan və Türkiyədən sərt etirazlar olmuş, Hikmət Hacıyev bədnam sənədi "kağız parçası" adlandırmışdı.


O vaxt sosialist senator Olivye For DW-yə demişdi ki, dekabrın 6-9-da Dağlıq Qarabağa səfər edəcək: "Biz Rusiyanın bayrağı altında atəşin kəsilməsinə dair imzalanan anlaşmadan sonra möhkəm nizamlamanın olacağına inanmırıq. Situasiya getdikcə pisləşir". 


Erməni lobbisinin Frans parlamentinin iki başına ip salıb oynatdığına inanmaq, qətnamələri fransızların etməniləri sadəcə məmnun etmələri kimi dəyərləndirmək sadəlövhlük, daha pisi özünü aldatmaqdır. Düzdür, Fransa hakimiyyəti pandemiya epoxasında dünyaya siyasi debilizm nümunəsi göstərir. Hökumət parlamentə "Qlobal təhlükəsizlik" adlı qanun layihəsi göndərib və sənədin 24-cü maddəsinə görə, etirazlar zamanı fransız polisinin şəklini çəkmək və videoya çəkmək qadağan edilir. Qanunu pozmağın cəriməsi 45 min avro, həbs cəzası bir ildir. Bu qanunun müzakirəyə çıxarılandan fransızlar küçələrdən yığışmır.


Amma fransız siyasəti hər şeyi erməniyə təslim edəcək dərəcədə abdal ola bilməz. Bu, hökumətlə parlamentin danışılmış oyununa oxşayır. . Makron İkinci Qarabağ müharibəsinin ilk günlərində Azərbaycana qarşı düşmən mövqeyini ortaya qoymuşdu. Sonradan susdu, taktiki səhv etdiyini anladığı üçün bir qədər geri çəkildi. Təbii ki, hökumətin mövqeyində dəyişiklik yoxdur. Lö Drian da dolayısı ilə etiraf edir ki, Fransanın vasitəçilikdən getməsi ermənilərin ziyanınadır. Təbii ki, Parisin imicinə də zərbədir. 


Yeri gəlmişkən, həmsədrlərin sonuncu bəyanatı qurumun "erməni damarı"nın yenə tutduğunu göstərdi: "Vasitəçilər bütün xarici muzdluların bölgəni tam və sürətli şəkildə tərk etmələrini tələb edir, bütün tərəfləri bu gedişi asanlaşdırmağa çağırır". 


Tərəflərdən danışmaq səmimiyyətsizlikdir. Çağırışın birbaşa hədəfi Azərbaycan və Türkiyədir. Hansı xarici muzdlular? Yenə başladılar. Bu feyk-xəbərlər iki mənbədən dünyaya yayılır: Rusiya və İrandan. Azərbaycan sərt cavab verməli və sübut istəməlidir...


Fransa Azərbaycana qarşı qərəzli və təhlükəli oynayır. Paris uzun illər Qarabağ danışıqlarında erməni maraqlarının ifaçısı olub, yenə olacaq - fransız qozbeli heç qəbir də düzəltməz. Digər tərəfdən, Paris əlinin altındakı anti-Azərbaycan qətnamələri təzyiq kimi saxlayacaq və fürsət gözləyəcək. Belə mülahizə də istisna deyil ki, Makron Fransanın həmsədrlikdən kənarlaşdırıla biləcəyi ehtimalından narahat olduğu üçün, 10 noyabrda Rusiyanın ABŞ və Fransanı offsayda saldığı üçün qətnamələri şantaj kimi ortaya çıxarıb. Yəni, bu iş Burbon və ya Lüksemburq saraylarında deyil, Yelisey sarayında bişib. Hər halda, qətnamələrlə bağlı situasiya və risklər ciddi təhlil edilməlidir.


Artıq fransız səfirə nota verməklə və ya "Fransa, Minsk qrupundan rədd ol!" deməklə yetərlənməməli, təsirli addımlar üzərində düşünməliyik. 


Fransız mallarının boykotu, ümumuyyətlə, dövləti hədəf almaq vaxt itkisidir. Qərbin Rusiyaya sanksiyaları göstərdi ki, cəza konktet adama toxunduqda daha effektli olur. 


Məsələn, senator For və bir sıra fransız parlamentari Qarabağa səfər etmək istəyir. Azərbaycan XİN bu situasiya ilə bağlı adətən xəbərdarlıq edir ki, belə səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır, əks halda sanksiya tətbiq ediləcək. Amma belə xəbərdarlıqdan indiyədək nə sərçələr, nə də fransız xoruzu hürküb. Rusiya sülhməramlılarına Azərbaycanın icazəsi olmadan üçüncü ölkənin vətəndaşlarını Laçın dəhlizindən buraxmamağı qandırmaq uzun sürər. Üstəlik, onlar humanitar missiya ilə gələ bilərlər.


Kəsə və sərt yoldan getmək lasımdır. Madam ki, onlar Azərbaycanı hədəf alır, de-yure (qətnamə) və de-facto düşmən sayır və bunu gizlətmirlər, biz nədən üstümüzə xoruzlananları düşmən elan etməyək?!. 


Azərbaycan XİN 485 (297 senator+188 deputat) ermənipərəst parlamentarinin hamısını arzuolunmaz şəxs elan edə bilər. Bunun üçün sərhədi pozmalarına gərək yoxdur, qətnamələrin mətni 485 fransızı azı 5-10 dəfə düşmən elan etməyə yetər.


Siyahılarını dərc etmək, rusların əlinə vermək və bundan sonra tələb etmək lazımdır...


Türkiyə vaxtilə uydurma soyqırımla bağlı sadəcə sözlə hədələməklə kifayətlənmiş, əks tədbirlər görməmişdi. Nəticədə erməni azarına digər parlamentlər də zəncirləmə yoluxdu.


Əgər indi bizdən konkret cavab olmasa, Fransa parlamentinin bədnam təcrübəsi digər ölkələrin qanunverici orqanları üçün presedentə çevrilə bilər. 


Maraqlıdır, Azərbaycanda belə siyasətçi də tapılır ki, Fransa parlamentinin qətnamələrini Azərbaycanın "strateji kursunu Moskvaya doğru" dəyişməsindən Qərbin narazılığı ilə əlaqələndirir. Anlamaq lazımdır ki, danışıqlarda və regionda Rusiyanı neytrallaşdırmaq və ya balans yaratmaq üçün fransız faktoru nəinki faydasız, hətta zərərlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir