Modern.az

Nal-mıx ustası...

18 Dekabr 2020, 13:58

Qəzənfər Həmidoğlu

Putin zəmanəmizin görkəmli nal və mıx ustasıdır. Zəmanəmizin ən yekə mətbuat konfransında Qarabağdan tutmuş Navalnıyadək yorulmadan nala-mıxa vurdu.

Gah dedi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, digər yandan iddia etdi ki, "Dağlıq Qarabağın statusu dəyişilməz qalmalı və gələcəkdə həll edilməlidir".

Hərif hansı statusdan danışır, yəqin ki, özü də bilmir. Yəni, əgər deyirsə ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu ərazidə, bu dövlətdə belə bir status yoxdur və ya 30 il əvvəl ləğv edilib. Əgər söhbət separatçı rejimin özünə biçdiyi "status"dan gedirsə, onu heç Ermənistan tanımayıb.

Rusiyanın regiona soxulması Qarabağ məsələsini həll etmək niyyəti güdmür, Cənubi Qafqazdakı geosiyasi maraqları ilə bağlıdır. Təbii ki, rus qüvvələrinin Qarabağda mövcudluğu başlı-başına riskdir.

Amma realpolitik şərtlərinə uyğun oynamaqda davam edəcəyik. Siyasət imkan və fürsətlər sənətidir. Vətən Müharibəsində nə mümkün idisə, əldə etdik. İndi postsavaş dövründə, masada və Rusiya ilə yeni oyun düsturu çərçivəsində, zəhləmizi töksələr də, əlləşəcəyik, haqqımız nə isə, onu sökə-sökə almağa çalışacağıq. Kreml Ukrayna və Gürcüstandakı kimi ilhaq xəyalları ilə yaşaya, davrana bilər, amma bu dəfə yanımızda Türkiyə var: qardaş dövlət suverenliyimizin ciddi və mühüm qarantıdır...

Rusiya cəmiyyətinin siyasiləşmiş qismi artıq Putinə güvənmir və qulaq asmır. Covid-19 "bunkerdə gizlənən" Putinin xarizmasını cızıq-cızıq etdi. RF liderinin teledinləyiciləri yaşı 60-ı keçmiş ded və babusyalardır. O da sadiq elektoratının qulağından lapşa asır, gopa basır, Marşakın təmsillərindən, kot Leopolddan danışır, multikdən sitat gətirir.

Co Baydenin dövlət katibi olacaq Entoni Blinken deyir ki, "Putin yalanı yalana qoşur və bunu necə nəfəs alırsa, elə asan edir".

Kreml sahibinin basıb-bağlaması ilə bağlı Rusiya cəmiyyətini belə təsnif etmək olar:

Birincilər: Putin nə deyirsə, düz deyir.

İkincilərə görə: RF lideri Rusiyanın gəlmiş-keçmiş ən mahir və parlaq gopçusudur.

Üçüncü qrup isə əmindir ki, öz yalanlarına Putinin özü də inanır...

Yəni, irəlidə çox əlləşəcəyik. Əslində, az qala bütün dünya rus faktoru ilə əlləşir...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok