Modern.az

Sinifdə qalan qurumlar

21 İyun 2020, 11:51

Vasif İsmayıl

Pulumuzla rəzil olduq. Özünə hörmət edən ölkələr bir dəfə sərt karantin tədbirləri gördülər, ancaq biz artıq ikinci sərt karantin qərarı qəbul etmişik. Hətta bəzi ölkələr heç karantin tədbiri görmədilər (Türkmənistan və s.), amma orada da insan həyatına qiymət verilmir onsuz da.

Hətta insan həyatına qiymət verməyən ölkələr belə bizdən daha səmimi görünürlər indi.

Niyə belə oldu?

Səbəbi çoxdur.

Amma qısa olaraq bəzi fikirlərimi izah edəcəm.

İndiyə qədər nə TƏBİB-ə, nə də Operativ Qərargaha tövsiyə xarakterli təkliflə çıxış etməməyə çalışmışam.

İndi isə sadə tövsiyəm olacaq.

Çox sadə... qanunların tələblərini icra etmək.

Demək, sərtləşdirilmiş, yumşaldılmış karantin qaydalarının pozulmasına görə fiziki şəxslərə n qədər, hüquqi şəxslərə isə N qədər cərimə tətbiq edilməli idi. Hamımız minlərlə fiziki, eləcə də bəzi hüquqi şəxslərin cərimələnməsinə şahid olduq.

Bu gün virusun yayılmasına ən çox təsiri olan nələrdir?

İctimai nəqliyyat

Dar məkanda əhali sıxlığı

Qapalı məkanlarda keçirilən məclislər

Yaxşı, qapalı məkanlarda məclisləri deyək ki, vətəndaş yas yeri, ad günü adı ilə keçirdi.

Lakin avtobuslarda olan sıxlığa, karantin qaydalarının əsaslarına daban-dabana zidd halların yaşanmasına görə kim məsuliyyət daşıyır?

Vətəndaş?

Yoxsa Bakı Nəqliyyat Agentliyi?

Sizcə BNA karantin qaydalarına əməl etmək üçün gördüyü dediyi tədbirlər nə dərəcə real idi? BNA ictimai nəqliyyatda sıxlığı azaltmaq üçün nə qədər tədbirli, nə qədər istəkli, nə qədər bacarıqlı idi?

BNA-ya nə qədər cərimə yazılıb, bilmək istəyirəm! Lütfən.

Bank şöbələrinin qarşısında millət üst-üstə minmişdi. Şərait olmazsa, minər də, hələ o tərəfə də keçər.

Hansı bank şöbəsinə nə qədər cərimə yazıldı, bilmək istəyirəm! Lütfən.

Böyük marketlərdə əhali sıxlığından nə kassada dura bilirdin, nə də marketdə gəzə bilirdin.

Hansı böyük marketə nə qədər cərimə yazıldı, bilmək istəyirəm! Lütfən.

Bilirəm cərimə yazılmadığını. Bu gün bərbərlər, gözəllik salonları, qismən restoranlar qoyulmuş qaydalara əməl etmək üçün dəridən-qabıqdan çxırılar. Çünki cərimələnəcəklərini yaxşı bilirlər.

Bu gün bir çox kiçik və orta marketlərdə karantin qaydalarına əməl etmək üçün heç olmazsa cəhd hiss olunur. Çünki cərimələnəcəklərini yaxşı bilirlər.

İndi kiçik sahibkarı cərimələmək olar, amma BÖYÜKLƏRƏ dəymək olmaz, niyə?!

Bax, bu işlərin əsl səbəbkarı budur.

Bunu görən vətəndaş yas məclisi də qurar, ad günün məclisi də.

Dövlət baba, dövlət babaya yaxın qurumlar nə vaxt qaydalara əməl etdilər ki, biz də buna etiraz etdik, müqavimət göstərdik?!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok