Modern.az

Uşaqların sualları ağır olur

2 İyun 2020, 16:08

 Elçin Alıoğlu

Əmi, sən kimsən?

... 1992-ci il, Ağdərə, Canyataq. 4 yaşlı qızcığaz, əlində kukla. Mənə baxır. Mavi gözlü, qıvrım şabalıdı saçlı. Tərləyib, qaçıb gəlib. Maraqlıdır ona ki, yeri qazıb orada duran bu insan niyə danışmır.

Nə danışaydım?

30 il sonra, 80 yaşımda bəlkə də o ya da bir körpə məni göstərəcək və "Qarabağ savaşını hələ xatırlayır" deyəcək.

Amma nə qədər körpə gördüm ki, onlar heç zaman böyüməyəcək.

Kimliyimi soruşan o qızın indi 32 yaşı olacaqdı. Ana olacaqdı, övladlarını məktəbə yola salacaqdı.

Sevinəcəkdi, qəmlənəcəkdi, kədərlənəcəkdi.

Olmadı bütün bunların heç biri. Heç zaman da olmayacaq.

Uşaqlıq kiçik böyüklükdü. Onlar sadəcə, boyu balaca olan bizlərik. Bizlərdən dəfələrlə ağıllı, gözəl və müdrik bizlər.

Anasının yanında durub barmağını soran, kölməçəyə vəxcdlə baxan, alov görəndə sevinən körpələr. Axı ana, gölməçə və alov çox gözəldir.

Hələ tanımadığı adamlara və tanıdığı pişiklərə dil göstərməyi demirəm.

Uşaqların öz aləmi, öz səltənəti var.

O səltənətdə məhv olan uşaqlar var. O səltənətdən yuxulara ruh kimi girən, susub köks ötürən uşaqlar var.

Savaşların uşaqların gələcəyi üçün olduğu deyilir. Ancaq o savaşlarda ən çox əzab çəkən elə uşaqlardır həmişə. Hər yerdə, hər zaman.

Savaş gərəkəndə savaşsızlığın bəlasını da onlar çəkir, çünki atalarının etmədiklərini, etmək istəmədiklərini, edə bilmədiklərini etməli olurlar.

Böyük kimi - yenə uşaqlar üçün. Nakam uşaqlığın irs kimi ötürülməməsi, bəla və ağrının uzandıqca uzanmaması üçün.
Taleyin əmri, zamanın gərdişi belədir.

İtirdiyimiz uşaqların səsini unutmasaq böyüdəcəyimiz uşaqların səslərinin böyükləşdiyini, ötkəmləşdiyini duyacağıq.

Onlar bizə minnətdar olacaqlarmı? Bilmirəm.

Onlar hakimimiz, əməllərimizə dəyər və ölçü verənlər olacaq. Qəxəblə baxacaqlar, yoxsa təqdirlə?

Kim bilir indi nə qədər gələcək alim, qəhrəman, yazar, rəssam top arxasınca qaçır, gülür, ağlayır.

Kim bilir nə qədər düşünəri, müəllimi, həkimi, aqili itirdik Qarabağda. Hələ uşaqkən.

O uşaqların divanı tarixin və talenin məhkəməsi olacaq.
Qorxduğum məhkəmədir.

Bizdən fərqli olaraq, uşaqlar silah və sursat sarıdan korluq çəkmirlər. Onlar üçün hər taxta - silah, hər daş - mərmidir. Hətta balaca, plastik maşına baxanda belə, uşaq onu silah kimi görə bilər.

Vannada çimən uşaq üçün şəhadət barmağını hərbi gəmiyə çevirmək və sabunlu köpüklərdə düşmənin sabunqabı ilə rezin ayı balasından ibarət hərbi eskadrasını batırmaq an məsələsidir.

Uşaqlar əla silahlanıblar. Onların cəbbəxanası təbiətdir. Mərmi və güllə qismində onlara daşlar, gəmirilmiş alma, düymə, məftil qırığı verir.

Uşağın təxəyyülündəki düşməni yaralamaq, öldürmək istəyi yaxşıdırmı? Onun daim savaş, atışma, gülləbaran havasında olması normaldırmı?

Nə etməli, uşaqların qiymətli qəlblərini savaş ruhunun təsirindən necə xilas etməli?

Əslində, buna zərurət varmı? Ananın zərif əli savaşı uşaqlardan kənarlaşdıra bilməz. Torpağının bir qismini düşmənin tapdaladığı vətəndəki ana uşağına müharibə yoxmuş kimi tərbiyə verməli?

Uşağın qəlbi bəşəri dəyərlərlə bahəm, vətən və millət nəbzi ilə vurmalı. Əksi bütün bəlalardan, sevinclərdən və ağrılardan, itkilərlə qazancların küləklərindən qorunaraq şüşə altında böyüdülən laboratoriya məhsulu olar.

... "Dava-dava" oyunlarında uşaqlar erməni hərbçilər olmaq istəmirlər. Səbəb sadədir. Kimsə pis olmaq istəməz.

Orta əsrlərdə dini misteriyalar zamanı aktyorlar da əksər hallarda Lüsifer və Kain rollarından imtina edirdilər.

... Birinci Dünya Müharibəsi dönəmində, 1914-cü ildə Kiyev Frebel Cəmiyyətinin dərc etdiyi maraqlı "Uşaqlar və savaş" adlı kitab var. Kitabda yazılıb: "Kiyev məktəblərində "savaş" oyununda rol bölgüsü belədir: oğlanlar - ruslardır, qızlar -almanlar. Bu artıq ənənə olub. Əks təqdirdə qızları oyuna qəbul etmirlər. Oğlanlar alman olmağı özlərinə ar bilirlər. Alman olmağa razılaşan oğlan tapılsa belə, onu Rusiya və başqa "dövlət"lər o ki var, döyürlər".

Narahat deyiləm, çünki uşaqlarda "pis erməni"yə olan nifrət zooloji, ermənilərdə bizə olan nifrətin bərabəri deyil. Bizim cocuqlardakı o nifrət hansısa mifik, absolyut və murdar Şərin vücudsuz, laməkan izharına nifrətdir. O nifrətin obyekti gerçək erməniyə xortdan və ya cin qədər bənzəyər ən uzağı.

Çünki bizlər uşağın çarpayısının başında ona layla deyəndə "Erməni gəlib səni aparar, yat" söyləmirik. Uşaqları hansısa xalqa dönməz, bitməz, tükənməz nifrətdə böyütmürük.

Çünki biz insanıq.

Uşaq qəlbində nifrətin hər təzahürunu boğmaq gərəkməz.
Qəzəblənmək uşağın qanuni haqqıdır.

Qəzəblənə bilməyən uşaq korafəhm, qorxaq, müti, miskin böyüyəcək.

Qəzəb dəyərli hissdir. Qəzəb, hirs, qisas hissi olmadan sosial həyatımız necə olardı?

Qəzəblənmiş mənəvi hiss böyük sosial gücdür və gələcək vətəndaşda o hissi boğmaq yaramaz.

Sadəcə, o hissi tənzimləməliyik.

Uşaqların sualları ağır olur.

Gerçəkdən də, mən kiməm?...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır