Modern.az

Halaldı, halal!

23 Noyabr 2018, 13:27

Hidayət Elvüsal



Zamirədən tutmuş Ziyaya qədər söküb, yeyib, dağıtmaq istədikləri dövlətimi deyirəm. Keçmiş nazirlər - Əli Abbasovun, Ziya Məmmədovun, Eldar Mahmudovun, Səlim Müslümovun… oğulları bu dövlətin, bu millətin pulunu aparıb Londonda şirkət açırlar. Dövlətimiz hələ də dözür. Millətimiz ayaq üstədir. Hətta pensiyamızı alırıq.

Noulsun ki, Zamirə Hacıyeva milyonlarla dolları oralarda havaya sovurur, heç vecimizə də almırıq. Maaş da alırıq, üstəlik pensiyamız da var. Dövlət də ki, yerindədir.

64 yaşımda hovuza girib “Özümü 40 yaşında hiss edirəm” deyən deputat xanımın evləri, villaları, avtomobilləri… daha nələri və nələri. Noulsun? Hələ də dövlət yaşayır. Ayaq üstədir.

O gün deputat Fəzail Ağamalı dedi ki, keçmiş nazirlərin mülklərini satıb qazilərə, əlillərə paylamaq lazımdır. Niyə? Niyə, deputat? Topdağıtmaz dövlətimiz var. İndi də nazirlərimiz var, icra başçılarımız, başqa məmurlarımız var. Onların sərvətləri, villaları, orada-burada pulları…

Və dövlətimiz var. Nə qədər söküb-dağıtmaq istəsələr də ayaq üstədir. Yaşayır, yaşayacaq! Hələ pensiyamızı da verəcək… Nə olsun ki, pensiyamız o nazir balalarını haram sərvətlərini yanında heç qoz dənəsi boyda da deyil. Amma var! Pensiyamız var! Yevlaxa, Masallıya, hətta Gədəbəyə gedib-gələ bilirik. Hələ siqaret də alırıq. Niyə o saat Zamirə Hacıyevanın milyonlarını gözümüzə soxursunuz? Nazir övladlarının dollar tayalarından bizə nə? Yaşasın Dövlətimiz!

Var olsun pensiyamız! Dünən özümə bir cüt corab da aldım, o keçmiş nazirlərin acığına…

Yox! Özümüzü demirəm. Dövlətimizi deyirəm. O qədər böyük, uca, möhkəm, varlı, şanlıdır ki, bu qədər oğrunun, rüşvətxorun, korrupsionların, satqının, xainin, qarşısında qürurla dayanıb. Ayaq üstədir. Əbədidir.

Və…

Bizə pensiya da verir. Halaldır! Halal!!!

Bax, elə buna görə də deputat Qüdrət Həsənquliyev deyir ki, bizə 8.000 maaş verin, 2.500 azdır. Düz deyir.

Tarixçi deputat:

- Əlilliklə, zəlilliklə dövlətdən pul qoparmaq olmaz!

Düzdür! Dövlətdən pulu Zamirə kimi qopararlar. Səlim Müslümov, Ziya Məmmədov, Əli Abbasov, Eldar Mahmudov kimi… qopararlar. Yoxsa bu əlildir, bu zəlildir, bu qazidir, o veterandır…

Dövlətə bax, İlahi! Möhkəmdir. Varlıdır, güclüdür, əzəmətlidir.

Çünki… onun şəhidi var, qazisi var, fəhləsi, kəndlisi var. Müəllimi, həkimi, əsgəri, polisi, sənətkarı var. Hələ desən pensiyası da var.

Hamı oğru deyil ki…  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var