Modern.az

Çörək

17 Sentyabr 2016, 10:56

QABİL

 

 

Çörək dükanlarının qapısında gəzənlər,

Çörək dolu rəflərə baxıb ağız büzənlər,

“İstisini ver” – deyə satıcını üzənlər,

Gecə bişən çörəyi səhər nankor süzənlər

Ağından, qarasından... hər cüründən bezənlər!

Qədərsiz olsa çörək,

Qədirsiz olur demək?!

 

Ey evində çörəyi... çörəkçin dayananlar,

“Təzə çörək gəlmədi?” söylənib deyinənlər,

Təkərlər üstündəki təknəyə boylananlar,

Gözlədiyi çörəyi... görməyib hay salanlar,

Dükan dolub daşınca dükandan seyrələnlər!

Unutmayın bir şeyi:

Çörək sevmir gileyi...

 

Sizdən öyrənir uşaq, sizdən götürür, əlbət,

Yaşlılar, yaddaşlılar! Sizə vacib bu söhbət,

Yadınızdan çıxıbmı çəkdiyiniz zəlalət,

Onda bir tikə çörək süfrələrdə səadət...

İndi tullantı olur süfrələrdə bərəkət.

Aşıb-daşsa da çörək

Ona ehtiram gərək.

 

Yurdun çörəyi boldur, hədər deyildir ancaq,

Qanımızla sulanıb çörək verən bu torpaq.

Blokada dastanı yazılmayıbdır nahaq...

O vaxtdan sinələrdə hələ də var düyün-dağ...

Nə aclıq, nə harınlıq bilməsin oğul-uşaq:

Nə israf olsun çörək,

Nə bizə qıtlıq gərək.

 

Bir sünbülün dənini min quşdan qorumuşuq,

Küləkdən qorumuşuq, yağışdan qorumuşuq,

Səksəkəylə bəd gözdən, baxışdan qorumuşuq,

Od ələyən Günəşdən, sərt qışdan qorumuşuq,

Lap anadan, bacıdan, qardaşdan qorumuşuq...

Bugünkü günlər üçün

Bugünkü günlər üçün.

 

Ana haqq-sayını gözünün nurunda gəz,

Çörəyi də anatək müqəddəs sayırıq biz,

Ana ilə çörəyi ödəməz heç bir əvəz...

Ana ilə çörəyə ağ olan ruzu görməz,

Ana ilə çörəyə dünyada pis deyilməz.

Ana – namus, dəyanət,

Çörək – xeyir, bərəkət,

Çörək – qüvvət, mətanət.

 

1971

 

 

 

DUZ

 

Duz!

Hər yerdə dolu,

Hər yerdə ucuz.

Ucuzdur iynədən, sancaqdan.

Düymədən, daraqdan,

Acı siqaretdən,

Şit qaletdən.

Duz!

Qışda-qarda

Duzdan baha olur

Bir parça

Buz...

Qonşudan duz istəyəndə

Adam utanmır heç,

Rişğənd ediləcəyinə

İnanmır heç.

Duz üstündə heç kimin

Tamahı sürüşməyib.

Duz üstündə bir kişi

Bərkə-boşa düşməyib.

Duz

Duz

Duz!

Hər yerdə dolu,

Hər şeydən ucuz...

 

                        * * *

 

Naxçıvanda bir gün,

Guya vaxtı öldürmək üçün

Məni duz mədəninə apardılar.

Elə bil qar yağmışdı

Narın qar...

Duz

Taptalanır,

Xırçıldayırdı

Ucuz-ucuz...

Torpağın böyük neməti,

Həyatın əbədi ehtiyacı,

Zərurəti –

Çörəyin duzu,

Sözün duzu –

Bu – məcazi mənasıdır hələ

Duzun –

Hər şeydən ucuzun

Brilyanta bərabər

Kristal, ağ dənələr!..

Duz –

Başa gəlmirdi rahət,

Asudə, ucuz!..

İnsanlar tər tökürdü, tər,

Nərə çəkirdi maşınlar – nəhənglər.

Ciyərlərə toz yatırdı.

Ciyər,

Nəfəs,

Ömür – insan baha...

Duz – ucuz!

Uzanırdı uzaqlara

Kanatlar.

Vaqonetkalar axırdı

Qatar-qatar,

Toqquşurdu bəzən.

Qəfil göy gurultusundan

Diksinən kimi olurdum mən.

Nə çətin iş, nə ağır zəhmət!

Nə böyük sərvət.

Duz!

Bir stəkan qazlı sudan

Ucuz!..

Yerin altına endik,

Ora döndük, bura döndük.

Şaxtalar şaxələndi,

Başımıza duz ələndi.

Ətraf ləl-cəvahirdi,

Daş-qaşdı.

Dörd dövrəmiz işıq saçan

Sehirli daşdı.

Duz,

Duz,

Duz,

Dərinlərə getdi yolumuz.

İnsanlar layları yarırdı,

Külçələr qoparırdı.

Üst qatlar

Onların üstündə tutmuşdu qərar.

Parıltıdan göz qamaşırdı.

Təzyiqdən

Nəfəs daralır,

Hava sıxlaşırdı.

Kompressorlar axın verirdi

Hər an.

Durulur, coşurdu qan.

İnsanlar mərd, yorulmaz, qoçaq,

Yerin üstü də ağ,

Yerin altı da ağ.

Duz,

Duz,

Duz.

Bahadır, qiymətlidir

İnsanın zəhməti kimi,

Boldur –

Geniş ürəklərin

Səxavəti kimi.

Hər şeydən baha,

Hər şeydən

Ucuz!

Duz!

 

1966

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi