Modern.az
Akif Təvəkküloğlu Sözün zamanı, zamanin sözü

Akif Təvəkküloğlu

Sözün zamanı, zamanin sözü

9 İyun 2016, 13:18

Akif Təvəkküloğlu
Əməkdar jurnalist

 

Sözdən söz açmaq istəyirəm... O sözdən ki, insanlar onun vasitəsi ilə ünsiyyət yaradırlar. O sözdən ki, adamları bir-birinə dost edir, düşmən edir, adamı hörmətə mindirir, hörmətdən salır, insanı ucaldır, alçaldır, xeyir gətirir, zərər yetirir... Bu siyahını nə qədər istəsən uzatmaq mümkündür. Deməli, sözün görə biləcəyi işləri dünyada görə bilən ikinci maddi və mənəvi dəyər tapmaq çox çətindir. Çox vaxt sözün dəyərini, qiymətini, böyüklüyünü göstərmək üçün onu ilahiləşdirirlər. Yəni, İlahi Sözün gücündən, qüdrətindən danışırlar.

Dünyanın böyük alimləri, din xadimləri, şairlər, yazıçılar, mütəfəkkirlər, tanınmış çox insanlar söz haqqında kifayət qədər qiymətli fikirlər bildiriblər. Söz  haqqında Müxtəlif xalqların qədimdən söylənmiş çoxlu sayda fikirləri atalar sözü kimi, aforizmlər kimi bugünümüzə qədər gəlib çıxıb, nəinki öz dəyərini itirməyib, qiymətli mənəvi abidəyə çevrilib. Həmin sözlər bütün zamanlarla səsləşir, mahiyyəti dəyişməz olaraq qalır.

Bütün bunlar reallıqdır və mən yeni nə isə kəşf etmək fikrində deyiləm. Sadəcə, müşahidə etdiyim bəzi məqamlar məni də sözdən yazmağa məcbur etdi. Ona  görə söz barədə öz sözümü demək istədim. Sözdən “söz çıxarmaq” istəmirəm, çox xahiş edirəm siz də sözdən söz çıxarmayın...

Elə gün olmur ki, “söz dəyərdən düşüb”, “söz qiymətini itirib”, “indiki zamanda sözün sanbalı yoxdur”, “sözə əhəmiyyət verən yoxdur” kimi fikirləri müxtəlif mətbuat səhifələrindən oxumayaq, gündəlik rastlaşdığımız insanların dilindən və ya efirdən eşitməyək. Burada təəssüf və təəccüb doğuran məqam isə budur ki, çox  vaxt Sözə belə  münasibəti  günümüzün söz xiridarları, ədiblər, şairlər, sənət adamları  göstərirlər...

Amma mən nədənsə, bu fikirləri həzm edə bilmirəm,  indiki zamanda sözün təsirinin azalması ilə bağlı deyilən fikirlərlə də qətiyyən razı deyiləm. Bunun da niyəsini deyəcəyəm. Bəri başdan bildirirəm ki, bu məsələyə özəl yanaşmamdı...

Yəqin ki, hər kəs hər gün dünyada, eləcə də yaşadığı ölkədə baş verən ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdəki yeniliklərlə tanış olmaq üçün informasiya vasitələrini vaxt imkanı çərçivəsində izləməli olur. Kimisi qəzetlər, kimisi televiziya və radiolar, kimisi də son vaxtlar daha geniş yayılmış internet vasitəsi ilə. Peşəmlə əlaqədar olaraq mən də informasiya vasitələrinin bütün növlərindən bəhrələnirəm. İmkan daxilində diqqətimi cəlb edən müxtəlif mövzulu yazıları, müsahibələri oxuyuram, ayrı-ayrı televiziyaların nümayiş etdirdiyi verilişləri izləməyə çalışıram. “Sözün zamanı bitib” deyə sözü aşağılayan fikirləri mətbuatdan oxuyanda və eşidəndə təəccüb, təəssüf etməklə iş bitmir, çoxlu suallar meydana çıxır... Həmin fikir sahiblərinə üz tutub demək istəyirsən ki, əgər sözün dəyəri qalmayıbsa niyə saatlarla müxtəlif tədbirlərdə, efirdə, ekranda dil otu yeyirsiniz? Dəyirman dən üyüdən kimi söz üyüdürsünüz?.. Sözün dəyəri qalmayıbsa niyə yerindən duran qələmə sarılmaq istəyir? Bu qədər yazmaq həvəsi haradan qaynaqlanır? Bu qədər qəzet, jurnal, cild-cild kitablar necə əmələ gəlir? Fikirlərini sözdən başqa ifadə edə bilən ikinci vasitəniz varmı?

Bu gün söz deyənlərimiz də çoxdur, sözü demək üçün meydanımız da. Mən isə “çox” sözünün qarşısına “həddən” sözünü də əlavə edərdim. Belə nəticəyə gəlmək olar ki, söz indiki zamanda daha da inkişaf etməlidir, daha qiymətli və təsirli olmalıdır. Bəs onda niyə sözün qüdrətinə bir çoxları şübhə ilə yanaşır? Bax bu, mənim fikrimin “mustafasını” təşkil edir...

Bəli, bu gün söz deyənlərimiz həddən çoxdur. Bu gün söz meydanımız daha genişdir. Deməli, dediyimiz fikirlərdən bir daha belə bir nəticəyə gəlirik ki, iki əsas məqamın mövcudluğunu və çoxluğunu heç kəs dana bilməz:

  1. Söz meydanı
  2. Söz deyənin kimliyi

Hər iki məqam çox vacib məqamdır və onlarsız ümumiyyətlə, sözdən “söz” açmağa dəyməz. Amma fikrimcə, burada üçüncü daha mühüm əhəmiyyət kəsb edən məqam çatışmır: Yəni söz eşidənlər, dinləyənlər. Əgər deyilən sözü eşidən və ya eşitmək istəyində olan yoxdursa, onda o sözün “bir qara qəpiklik” qiyməti olmaz. Beləliklə, həmin məqamların sırasında mütləq şəkildə üçüncüsü də olmalıdır. Söz  eşidənlər...

Təsəvvürümüzdə iki vəziyyəti canlandıraq. Əvvəla təsəvvür edək ki, ucu-bucağı bilinməyən bir səhradasan. Səndən başqa nəinki canlı, heç cansız əşya da gözə dəymir. Hətta bir neçə illər sonra İsgəndərin buynuzunun olduğunu car çəkən tütək qamışının bitə biləcəyi quyu da yoxdur. Bomboz çöllər, tənhalıq, bir də ulu göylər... Belə bir mənzərədə nə desən, nə danışsan, var  gücünlə qışqırsan  belə Uca Tanrıdan başqa eşidən olmayacaq. Tanrı isə sözü insanların ünsiyyəti, danışmaq və dinləməkləri üçün yaradıb. Dediklərini eşidə bilən insan övladı yoxdursa, o sözün dəyəri də olmaz. İnsan elə vəziyyətə düşər ki, sözün həqiqi mənasında kəlmə kəsməyə tərəf-müqabil tapmaz. Tək və tənha qalar. O zaman insan çarə tapar: özünə qapılar, bir özü olar, bir də daxili aləmi. Bu cür tənhalıq o qədər qorxulu deyil. Çox vaxt ən qiymətli sözlər, fikirlər, ən böyük fəlsəfi kəşflər, ağıllı nəticələr tənhalığın bəhrəsi olur. Bu qənaətə ona görə gəlirəm ki, eşitdiyimə və bildiyimə görə, yaradıcı insanlar bəzən tənhalıqdan xüsusi zövq alırlar və onların yaratdıqlarının çoxu tənha olduqları zaman kəsiyinin məhsulu kimi meydana çıxır.

Tənhalıqda insan Tanrıya daha yaxın olur. Həmsöhbəti Tanrı olur. Tanrı ilə səmimi ünsiyyətin isə mənəvi ənamı daha böyükdür. Bu ənam böyük elmi kəşflər, tapıntılar və yaradıcılıq uğurları deməkdir. Beləliklə, bu oldu bizim təsəvvür etdiyimiz birinci vəziyyət. Bunu belə yekunlaşdırırıq ki, deməyə sözün və meydanın var, amma onu dinləmək üçün adam yoxdur, hər şeydən və hər kəsdən təcrid olunmusan.

Digər halı nəzərdən keçirək. Deməyə sözün də, meydanın da, bu sözü eşitməli, dinləməli olan insanlarin da var. Sən də üyüdüb-tökürsən. Bir anlığa ətrafına baxanda görürsən ki, hərə öz aləmindədir. Heç kəs sənə qulaq asmır. Söz deyilir, ətraf adamla doludur, amma onlar bu sözlərə nəinki əhəmiyyət vermirlər, heç eşitmək belə istəmirlər. Bax bu, birinci haldakından daha dəhşətli vəziyyətdir. Bu faciədir. Danışasan, sənə qulaq asan olmaya, sözünə əhəmiyyət verən olmaya... Zənnimcə, söz qiymətini bu vaxt itirir. Söz deyilirsə dinlənilib, əhəmiyyəti dərk olunmalıdır. Əks halda sözün dəyəri də olmaz, sanbalı da, qiyməti də. Belə vəziyyət doğrudanmı onu təsdiq edir ki, söz gücünü itirib, dəyərsizləşib? Mən bu suala birmənalı olaraq belə cavab verirəm: əsla yox!

Məncə, söz yaranışda necə idisə, bu gün də elədir. Hansı mahiyyətə, gücə, qüdrətə malik idisə, bu gün də öz mənəvi yükünü zərrə qədər  azaltmayıb. Bəs onda nə baş verib? Niyə bəzilərimiz sözdən gileyliyik? Mənim fikrimcə, heç kəsin sözdən gileylənməyə mənəvi haqqı yoxdur. Hətta ən məşhur söz ustadının belə. Əksinə, bu gün sözün insanlardan gileyi çox olmalıdır. Çünki bəzən insanlar sözlərinə sahiblik edə bilmirlər. Hər kəs öz sözünün sahibi olmalıdır. Sözü harada, necə, hansı məqsədlə deməyi bacarmaq böyük ustalıq, məharət tələb edir. Yüksək mənəvi keyfiyyətlərə malik olanların sözü daim qiymətli olur. Belə adamların sözünün təsir gücü daha çox olur. Hətta çoxları belə adamlarla söhbətdən ləzzət alır, onların sözünə ehtiyac duyulduğu həmişə etiraf olunur. Sözünün sahibi olan, danışığına sərhəd qoyan, el dilində desək, “ağzından dürr tökülən” adamlar həmişə sayılıb-seçilir, hörmətə layiq görülürlər. Söz o vaxt qiymətli olur ki, o, sanballı, dürüst adamların dilində səslənir. Belə adamların əməli ilə sözü arasında heç bir fərq olmur. Söz konkret hərəkətə, əmələ söykənməlidir. Sözü təsdiq edən əməl varsa, o sözün qiyməti dünyalar qədər olur. Ona görə də, sözün dəyəri kimin dilindən eşidilməsindən çox asılıdır. Buradan belə bir nəticə hasil olur ki, sözün dəyəri əməllə sözün vəhdətinin ölçüsü qədərdir. Amma bəzən başqa mənzərənin şahidi oluruq. Yəni, sözü ilə əməli tamamilə tərs mütənasib olan şəxslər söz meydanında daha çox at oynadırlar. Sözü elədən-elə, belədən-belə o qədər çeynəyirlər ki, həmin söz nəinki dəyərini, hətta “özünü” də itirmək təhlükəsi ilə üz-üzə dayanır. Sözünə və əməlinə yiyəlik edə bilməyən “söz sahibi” və dinləyən arasında yaranan inamsızlıq mühiti əslində elə sözə olan inamın itməsi deməkdir. Sözə inam yoxdursa, bu elə sözün özünün yoxluğu kimi bir şeydir.

 Son vaxtlar bu cür hallara daha tez-tez rast gəlmək olur. Dəhşətlisi odur ki, belə hallar ictimai proseslərin bir hissəsinə çevrilməkdədir. Və belə adamlar istənilən mövzu ilə bağlı ictimai fikrin formalaşmasına həddən artıq nüfuz etməyə çalışırlar. Zənnimcə, bu, çox qorxulu tendensiyadır. Məsələn: mənəviyyatı olmayan insanlara mənəviyyat dərsi keçir. əxlaqsızın birisi əxlaqdan danışır; ata-anasının necə yaşadığından aylarla-illərlə xəbəri olmayan şəxs valideyn-övlad münasibətlərindən bəhs edir, sevginin nə olduğunu qanmayan, onu ayaqlar altına atan və hər zaman bu hissi nəyəsə qurban vermiş olanlar saf və təmiz eşqdən, məhəbbətdən dəm vururlar, ailəsini ən cılız hisslərə qurban verənlər ailə möhkəmliyindən, ailədaxili münasibətlərdən danışırlar... Bu siyahını nə qədər istəsən uzatmaq olar. Burada əsas məqam odur ki, mənəviyyatca çox aşağı səviyyəli adamlar çox asanlıqla əllərinə meydan keçirir, bu meydanda “söz” sulayır, haqları çatmasa da xalqa, millətə mənəviyyat dərsi keçirlər. Ən böyük bəla ondadır ki, bu cür adamları əksəriyyət tanıyır. Onlar əxlaqi cəhətdən ictimaiyyətə yaxşı tanışdır. Bir var danışanın əməlləri cəmiyyətə bağlı, qapalı ola, bir də var ki, həmin adam başdan-ayağa, ayaqdan-başa qədər açıq-saçıq şəkildə ortada ola, cəmiyyətə bəlli ola. Birincilər yenə də birtəhər dözüləndir. İkincilər isə cəmiyyətin faciəsidir. Onların “öyüd-nəsihəti” millət üçün təhqirdir. Belələrinin sözünə kim inanar? Dedikləri sözün dəyəri, təsiri ola bilərmi? Mən birmənalı olaraq bu suallara “yox” cavabı verirəm. Ümumiyyətlə, belə adamların sözünə qulaq asan da olmur. Nəinki qulaq asmaq, onların görünüşü insanlarda qıcıq yaradır, ikrah hissi doğurur. Amma çox təəssüf ki, belələri  söz  meydanından “dədə malı” kimi geninə-boluna istifadə edirlər, meydan sulayır... Bu isə bugünümüzün sabahımıza ağır zərbəsidir...

Yeri gəlmişkən, burada ən böyük məsuliyyət belələrinə  meydan verənlərin üzərinə düşür. Ona görə də, sözdən gileylənənlər sözü aşağılayanlardan, onu qiymətdən salanlardan və belələrinə meydan verənlərdən gileylənsələr daha yaxşı olardı. Xüsusilə, kütləvi informasiya vasitələrinin ən kütləvisi olan televiziyalarımız öz “boyunduruğunu” belələrinin əlindən almalı, meydanı sözünün yiyəsi olan adamlara verməlidir...

 Bəs bu gün nə baş verir? Ən ciddi mövzular belə az qala şoulaşdırılıb təqdim olunur. Bir də görürsən ciddi bir məsələnin müzakirəsinə elə şəxslər cəlb olunur ki, onlar müzakirəyə  çıxarılacaq  məsələdən tamamilə bixəbərdirlər. Axı  müqəddəs  sayılan  hər  şeyini  xərcləmiş biri mənəvi bir  dəyər  haqqında  danışmağa  mənəvi haqqı hardan alır?. Yüngül əxlaqlı adamın ciddi əxlaqi mövzularda efirdən, ekrandan söz deməsi hansı məntiqə sığır? Mənə belə gəlir ki, el arasında işlənən “mollanın dediyini elə, elədiyini etmə” psixologiyasından, məntiqsizliyindən tamamilə uzaqlaşmalıyıq. Çünki belə “mollalar” özlərinə qarşı o qədər inamsızlıq mühiti yaradıblar ki, onların sözü artıq heç bir əhəmiyyət kəsb etmir. Əgər onları dinləyən yoxdursa, söz neyləsin?

Ana, ata, Vətən, ölkə, məhəbbət, adam və s. sözlər həmişə öz çəkisində, dəyərindədir. Onun məna və mahiyyəti heç vaxt dəyişmir. Ona görə də bir daha qeyd etmək istəyirəm, baxır bu sözlər kimin dilindən səslənir. Gənc nəsil söz eşidəndə ona inam bəsləməlidir. Bunun üçün mədəniyyətdən mədəni adam, elmdən bilikli adam, əxlaqdan əxlaqlı adam danışmalıdır. Belə olsa, sözün dəyərinin olub-olmamasını axtarmaq lazım gəlməz.

Bu fikirlərimlə bir daha onu düşüncə müstəvisinə qoymaq istəyirəm ki, “sözün zamanı bitib” deyənlər yanlışlığa yol verirlər. Söz hər zaman təsiredici qüvvəyə, qüdrətli mənəvi dəyərə malik olub, bu gün də belədir, sabah da belə olacaq. Bütün zamanlarda baş verənlər sözlə ifadə olunur. Zaman tarixə çevrilir, amma söz əbədidir. Tarixi yaşadan da elə sözdür. Söz zamandan daha böyükdür. Ona görə, sözün zamanı heç vaxt bitməz. Zamanın sözü də tükənə bilməz. Əksinə, hər zamanın özünə məxsus yeni məna kəsb edən sözləri yarana bilər. Beləliklə, “sözün zamanı və zamanın sözü” əbədi bir prosesdir. Söz dünyanın ən böyük xəzinəsidir. Elə bir xəzinə ki, xərcləndikcə çoxalır, bitib-tükənmir. Mən ikinci belə xəzinə tanımıram. Çünki bu xəzinə dünya boydadır. Bu xəzinəyə nadanları, ləyaqətsizləri buraxmaq olmaz. Xəzinə dağıla bilər. Qoy bu xəzinədən mənəvi haqqı olanlar istifadə etsinlər...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu