Modern.az

Azərbaycan Avropaya qaz ixracını ARTIRACAQ

Azərbaycan Avropaya qaz ixracını ARTIRACAQ

İqtisadiyyat

1 Fevral 2022, 09:45

Avropa İttifaqı Rusiya ilə problemlər fonunda Azərbaycandan qaz tədarükünü artırmaq istəyini təsdiqləyib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell deyib ki, diplomatiyanın uğursuz olacağı, Rusiyanın tədarükünü kəsmək və ya dayandırmaq qərarına gələcəyi təqdirdə ABŞ, Qatar və Azərbaycandan qaz tədarükünü artırmaq məsələsini nəzərdən keçirirlər.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a məsələni şərh edərkən bildirib ki, artıq bu istiqamətdə müraciət mövcuddur:

 

“Hazırda Azərbaycan TAP layihəsi çərçivəsində Avropaya qaz ixrac edir. Yəni bundan əlavə təkliflər olarsa, müəyyən qaydalar ətrafında razılığa gəlmək mümkündür. Burada bir nüansa diqqət yetirilməlidir ki, qazın boru vasitəsi ilə ixracında müəyyən hədlər var. Bizim hazırda istifadə etdiyimiz qaz ixracı həcmi cəmi 30 milyon kubmetrə yaxındır. Bundan artıq qaz ixrac edə bilmirik. Mənim əldə etdiyim məlumata görə, artıq qaz ixracı ilə bağlı müəyyən müraciətlər var. Bu barədə qarşılıqlı müzakirələr aparılır”.

 

İqtisadçı Natiq Cəfərli isə deyib ki, bu il ərzində Azərbaycanın qaz ixracı həcmi 7 milyarddan 10 milyard kubmetrə çatacaq:

 

“Azərbaycan artıq iki ilə yaxındır ki, TAP layihəsi çərçivəsində Avropa Birliyinə qaz ixrac edir. İndiki həcm 6-7 milyard kubmetrdir. Həcmin bu il ərzində 10 milyard kubmetrə çatdırılması mümkündür. Azərbaycanın boru xətlərinin TAP layihəsinin qaz nəqletmə gücü ümumilikdə 30-32 milyard kubmetrdir. Sadəcə Azərbaycan qazının hamısını doldurmaq imkanı yoxdur. Azərbaycanın qazla bağlı əsas müqaviləsi İtaliya ilə, daha sonra Bolqarıstan və Balkan ölkələri ilədir.

 

Qiymətlərə isə dünya bazarlarında neft qiymətlərinə uyğunlaşdırılmış şəkildə 6 aydan bir baxılır. Yəni Azərbaycan onsuz da Avropaya qaz ixrac edir. Sadəcə Avropa Birliyi ölkələri bu qazın həcmini artırmağı düşünür. Amma Azərbaycanın da ixracat potensialı limitlidir. Yaxın zamanlarda 10 milyard kubmetrdən çox qaz ixrac edə bilməyəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü