Modern.az

İcra hakimiyyətindən nazirliyə zəng - Lerikdəki məktəb bu həftə açılır

İcra hakimiyyətindən nazirliyə zəng - Lerikdəki məktəb bu həftə açılır

Təhsil

2 Noyabr 2022, 13:42

Bu gün yerli mətbuatda yayılan xəbərlərə görə, Lerik rayonunun Loda kəndində tikilmiş modul tipli məktəb binası podratçı şirkətlə mübahisələrə görə bağlı qalıb. Bu səbəbdən şagirdlər artıq ikinci dərs ilidir ki, yeni məktəbə gedə bilmirlər. 

 

Yerli sakinlərin bildirdiyinə görə, dövlətin maliyyə dəstəyi ilə 2020-ci ildə kənddə modul tipli orta məktəb binası tikilib. İşlər başa çatdıqdan sonra tikintidə çalışmış işçilərə xeyli borc yığılıb. Borcu ödəyəcək qurumlar isə günahı bir-birinin üzərinə atıblar. Belə ki, tikintini aparan “Modenko” MMC ilə subpodratçı arasında maliyyə qalmaqalı məktəbi bağlı, fəhlələri pulsuz qoyub.

 

Modern.az-ın əməkdaşı Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikovla əlaqə saxlayaraq, problemə aydınlıq gətirməyə çalışıb. 

 

O bildirib ki, rayonda istifadəyə verilməyən tək məktəb Loda kəndində yerləşir: “Prezidentin müvafiq sərəncamı ilə rayonun bir neçə yaşayış məntəqəsində və Loda kəndində modul tipli məktəbin tikintisi həyata keçirilib. Loda kəndində tikilən məktəb 40 yerlikdir və ibtidai sinif üçün nəzərdə tutulub. Təəssüflər olsun ki, istifadəyə verilməyən tək məktəb həmin kənddədir. Məktəbin istifadəyə verilməsi ilə bağlı müəyyən problem var, bu günə kimi də davam edir. Bir həftə əvvəl həmin ərazidə olduq, icra başçısı vətəndaşlarla görüş keçirdi və məsələ yenidən qaldırıldı. İcra hakimiyyəti ilə Elm və Təhsil Nazirliyi arasında danışıqlar aparıldı, gəlinən nəticə belə oldu ki, məktəb bu həftə açılacaq".

 

Habil Məlikov kənd sakinlərinin hazırda köhnə məktəb binasında təhsil aldıqlarını söyləyib.

 

Elm və Təhsil Nazirliyindən isə məsələnin diqqətdə saxlanıldığı bildirilib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkə ərazisində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən ölkə ərazisində modul tipli məktəblərin tikilməsi üçün maliyyə ayrılıb. Sonuncu belə sərəncam bu ilin sentyabrında imzalanıb və Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.

 

Həmçinin oxuyun:

Lerikdəki qıfıllı məktəb - Nazirlik nə deyir…

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi