Modern.az

Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Mən necə əsir düşdüm… - II HİSSƏ - Dəhşətli gerçəklik

Erməni əsirliyindən qayıdan azərbaycanlı: “Mən necə əsir düşdüm… - II HİSSƏ - Dəhşətli gerçəklik

Reportaj

23 Aprel 2013, 14:14

Aqil Əhmədov 1976-cı il 23 aprel tarixində Zaqatala rayonunda doğulub. 1993-cü ildə məktəbi əla qiymətlərlə bitirib. 1995-ci ildə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Həmin gündən etibarən xüsusi təyinatlı hərbi hissədə qulluq edib. 1997-ci ilə qədər həmin hərbi hissənin tərkibində ermənilərlə döyüşüb. 1997-ci il aprelin 10-da cəbhənin Xocavənd rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yaralanıb və əsir götürülüb.
Sonralar əsirlikdən azad olunan Aqil Əhmədov düşmən əsarətində yaşadıqlarını Modern.az-la bölüşüb.
Onun hekayətinin ikinci hissəsini təqdim edirik. (Əvvəli burada)

Evə məktub yazmaq istəmirdim...”

- İstəmirdim, heç nə istəmirdim... İnanmırdım ki, mən nə vaxtsa evimizə qayıdaram. İtirəcəyim heç nə qalmamışdı. O günləri sözlə ifadə etmək şox çətindi, mümkün deyil. Bir dəfə yaralanmağın dadını görmüşdüm. Ondan sonra ölmək elə də çətin gəlmirdi adama. Üstəlik də erməni əsirliyində olasan. Bütün bunlardan çıxış yolunun ən rahatı ölmək idi. O zaman elə bilirdim ki, döyüş yoldaşlarımdan sağ qalan var... Sən demə uşaqların hamısı rəhmətə gedibmiş.
Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi gələnə qədər mən öz adımı, ünvanımı dəqiq olaraq kimsəyə deməmişdim. Ona qədər ermənilər də məni Əhməd adı ilə araşdırırmışlar. Qırmızı Xaç Cəmiyətinin nümayəndəsi otaqdan çıxdıqdan sonra erməni polkovniki içəri girdi. Girən kimi üzümə güclü təpik, yumruq zərbələri vurmağa başladı. Barmağı gözümə girdi. Sol gözüm yaşardı. Dedi, “Nu şto, ara plaçis?”, dedim “yox, barmağın gözümə girdi, gözümdən yaş gəldi”. Dedi “sən kimi aldadırsan?”. Nə sual verirdilər cavab verirdim.
Deyirdilər, aldadırsan. Qarnımda təkcə üstdən 32 tikiş var idi. Erməni polkovnik gəlib düz tikişin üstündə - qarnımda oturdu. 5 saniyə də artıq dayansaydı, bəlkə özümdən gedərdim. Çünki əzələlərimi sıxa bilmirdim ki, ağırlıq düşməsin. Ağrıdan qıvrılırdım. Hələ bədənimə nə olduğunu bilmirdim, sən demə qarnımda güllə qalıbmış. Gördüm ölürəm, amma ona “dur” demək istəmədim. Deməyin nə xeyri olacaqdı ki...
Saxlandığım kameraya kimsə gələndə yeni işgəncə növü verəcəklərini yəqin edirdim. Başqa nə gözləməliydim ki... Erməni polkovniki qarnımdakı tikişləri paslı bir qələmlə çəkməyə başladı. Arda bəlkə də ləzzət almaq üçün ağrıdıb-ağrıtmadığnı soruşurdu. Mənsə “yox” cavabı verirdim. Çünki heç nə gözümə görünmürdü. Onsuz da ölürüm. Məndə həmin an elə hissiyyat var idi ki, əllərim açıq olsaydı, tullanıb onu boğardım. Əsəblərim o dərəcədə gərilmişdi...
Əsgərlərin əlinə baxırdım ki, hansının avtomatı əlimə tez keçər, kəndiri qırım. Ayağa qalxdı. Başımın altındakı yastığı üzümə basdı. O, qarnımdakı ağrının qabağında sinəmdə söndürdükləri siqaret heç nə idi. Gördüm ki, yastığın üstündən möhkəm bir şey alınma dayanıb. Başa düşdüm ki, yastığın üstündən tapança ilə məni vurmaq istəyir. Gözümü möhkəm yumdum, tərpənmədim. Ondan qabaq isə demişdi ki, “qalx ayağa, dua et”. Dedim “dua etməyi bilmirəm”, amma ürəyimdə “kəlmeyi-şahadət”i oxudum. Özümü necə sıxmışdımsa, yastığı üzümdən götürəndə xəbərim olmayıb. Gözümü açdım ki, heç nə yoxdur. Qarşıma ağ vərəq və qələm qoyub dedi ki, “evdəkilərə məktub yaz, 20 dəqiqədən sonra səni güllələyəcəyik”. Dedim “fərqi yoxdur, onsuz da öləcəm, mən heç nə yazmıram”.
”Qırmızı Xaç”ın nümayəndəsinə doğrunu deməyimə görə peşman idim. Çünki buna görə mənə çox əzab-əziyyət verdilər ermənilər. Həm də öldürüləcəkdim. Elə bildim ki, doğurdan da 20 dəqiqədən sonra məni öldürəcəklər. Sən demə məni Cəbrayıl hospitalında saxlayırmışlar. O zaman yadımda qalanlardan biri də o idi ki, hospitalın baş həkimi içəri girib məni, anamı söyəndə dözmədim, onun söyüşünü özünə qaytardım. Məni hədələdi ki, “bu gecə səni özüm öldürəcəm”.
İki gün keçdi gördüm ki, heç kim öldürməyə gəlmədi. Mənim də fikrim qaçmaq idi. Ancaq fiziki gücüm tamamilə bitmişdi. Gələn bir şapalaq, gedən bir yumruq, bir təpik vururdu... Bir dəfə mühafizəçilərin yanında bir rus qız gəlmişdi. Mənə hirslə şillə vurdu. O da mənə çox pis təsir etdi. Erməni əsgərlərə dedim “siz də əsgərsiniz, mən də əsgərəm. Vurursunuzsa, siz vurun, qızın vurmağı adama yer edir axı”. Orada bir müddət qaldıqdan sonra məni Xankəndindəki hospitala apardılar məni. Orada da bir müddət qaldıqdan sonra kameraya saldılar.
Artıq alışmışdıq, təpiklənməyi, başımızın harasa vurulmağını, xırda döyülmələri o qədər də önəmsəmirdik. Elə olub ki, döyüblər, tikişlərim sökülüb.

“İki il ərzində erməni dilini öyrəndim...”

- Dil öyrənmə qabiliyyətim pis deyil. Boş yerə məni kəşfiyyata seçib götürməmişdilər ki... Erməni dillini əməlli-başlı öyrrənmişdim əsirlikdə. Qarabağda yaşayan ermənilərin dilini daha yaxşı başa düşürdüm. İrəvan ermənilərinin dili isə bir az ayrı cür idi. Mən də onların ləhcəsinə diqqət yetirirdim ki, qaçanda elə bir an yaranar ki, istifadə etmək lazım olar. Sonra gördüm ki, qaçmağa imkan olmayacaq, dilə də ehtiyac qalmırmış.
Rəhmətə gedən əsgər yoldaşlarımın şəkillərini mənə gətirib göstərirdilər. Onda bildim ki, hamısı ölüb. Döyüş yoldaşlarımın hamısı mərd uşaqlar idi. Heyf elə oğlanlardan...

“Əsirlikdən azad olduğuma inanmırdım…”

- Ara-sıra aparıb məni karserə salırdılar. Nəmli suya xlor səpirdilər, içəri stul qoyulmuşdu, amma oturmurdum. Çünki kameranın içində də dayanmırdım, idman edirdim, bütün günü gəzirdim, kameranın hər yerini addımla sayırdım. Dözə bilmirdim, partlayırdım. Otururdum, dururdum, “jim” edirdim. Görüdülər ki, bir balaca canlanmışan, həmən aparıb karserə salırdılar, 3 gün orada qalırdım pis günə düşürdüm.
Bir dəfə məni bayıra çıxaranda elə bildim yenə də karserə gedirəm. Paltarımı götürdülər, tərs üzünü yoxladılar. Dedilər “bu gün səni dəyişirlər”. Dedim “mən “Quran”ımı də aparacam”. Bütün vərəqlərini yoxladılar. Qırmızı Xaç Cəmiyyətinin ofisinə gətirdilər. Bir ingilis dedi ki, “bu gün səni dəyişəcəyik”. Yenə də inamırdım ona. Heç kəsə inamım qalmamışdı. Yalnız sərhəd bölgəsinə çatanda bir az inam yarandı ki, doğrudan da dəyişirlər. Orta Qərvənd tərəfə çatanda tank və mina gördüm. İki erməni və Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi məni dəyişməyə aparırdı. İstədim qarşımıza çıxan minaya möhkəm təpik vurum ki, partlasın özümü də bir iki erməni də öldürüm. İnamırdım, elə bilirdim ki, yenə kimsə atacaq arxadan. Çünki mənə orada - əsirlikdə güllələnmə kəsmişdilər. Hər ehtimala qarşı fikirləşdim bəlkə doğurdan da dəyişirlər. Birdən qarşıdan gələnlər arasında bizim bölükdən olan zabiti gördüm. Soruşdum “doğurdan sənsən?”. Dedi, “düş səngərə”. Dedim, “bir silah ver, vuracam onları”. Ermənilər isə hələ səngərin içinə düşməmişdilər. Avtomatı təbii ki, mənə vermədilər. Eləcə dəyişildim, gəldim.
Məni gətirdilər hospitala, orada  6-7 ay yatdım.

“Məhkəmə mənə ölüm hökmü kəsdi”

- Əsirlikdə olanda məhkəmə edib güllələnmə də kəsmişdilər mənə. Erməni prokuror qadın var idi. Erməni millətindən olan tərcüməçi və vəkil ayırmışdılar. Yalandan erməni əsgərlərindən şahid düzəltmişdilər ki, mən guya su istəmişəm, yaxına gələn erməni əsgərini boğmuşam. Necə erməni əsgərini boğa bilərdim ki, elə vəziyyətə salmışdılar ki, dizi üstündə gəzirdim. Sinirlərim o qədər pozulmuşdu ki, dedim “necə qərar verirsiniz verin, tez olun, məni kameraya qaranlığa aparın, işığı görmək istəmirəm”. Adam özünü onların yanında sındırmasa da, istər-istəməz canına qorxu düşür. 3 gün ac olmağıma baxmayaraq verdiklərini də yeyə bilmədim, tox və ya ac fərqi yox idi. Onsuz da öləcəkdim...Məhkəmədə mənə son söz verdilər. Erməni prokuror qadına üzümu tutdum:
- Siz də anasız, mənim də anam var. Valideynlərimə səsimi çatdırın, ağlamasınlar.
Prosesi videokameraya alırdılar.
Dedim ki, “Azərbayacanın mənim ki, kimi 4 milyon oğlu var. Ən azı evdə iki qardaşım var, onlar əllərinə silah götürəndə ən azı sizinkilərdən öldürməklə mənim qisasımı alacaqlar”.
Məni sonadək danışmağa qoymadılar.

Əsirlikdən gələndən sonra şəhid olmuş əsgər yoldaşlarımın ailələrini axtardım. Bilirdim ki, hamısı ölüb. Kaş ki, mən də onlarla birgə öləydim. Qəbirlərinin üstünə gedəndə də tez qayıdıb gəlirəm. Ayrılığı qəbul edə bilmirəm.Ya bir yerdə ölərdik, ya da ki, onlar da yaşayaydı . Meyitlərini 6 aydan sonra qohumlarına qaytardılar. Vüqarın övladını görəndə birtəhər oluram. Böyük oğlandı, Vuqara o qədər oxşayır ki...

Bu da son...

- 36 yaşım var. İndi heç nə ilə məşğul ola bilmirəm. İşləməyə fiziki gücüm yol vermir. Prezidentimiz 2008-ci ilin sentyabrında Zaqatalaya səfər etmişdi. Həmin səfər zamanı Qarabağ əlili olaraq mənə ikiotaqlı ev və maşın verdi. Sadəcə olaraq o zaman elə bir vəziyyət alındı ki, müalicə ilə bağlı mən heç nə deyə bilmədim, utandım ki, həm ev, həm maşın verilir, həm də müalicə üçün müraciət etmək ağ olar. Amma səmimi söyləyim, deməməyimə görə çox peşman oldum. Necə deyərdim ki, ev istəmirəm, mənə müalicə lazımdır. Hələ də evlənməmişəm. Atam rəhmətə gedib, 3 qardaşım və anam var. Hazırda aldığım pensiya ilə dolanıram. Məcburiyyət qarşısında qalırsan, daha yüksək yerlərə müraciət edirsən. Ondan sonra işin düzəlir.
Nə isə mən iş qura bilməmişəm. Alınmayıb. Sahibkarlıqla məşğul olmaq üçün maliyyə dəstəyim  olmayıb. Onurğamda sınıqlar yaranıb, güllə hansısa sümükləri çatladıb, arada əlavə nələrsə yaranıb, o da sinirləri sıxır, getdikcə o da böyüyür.
Mənə deyiblər ki, səhhətim getdikcə daha pis olacaq. Heydər Əliyev Fondunun xətti ilə Nəsrəddin Tusi adına klinikaya məni müalicə və müayinəyə göndərdilər. Tam yoxlamadan keçdim. Əməliyyatım Azərbaycanda mümkün deyil. Öyrəndim ki, müalicə 35 min dollardan az olmamaq şərti ilə Türkiyənin Gülhanə xəstəxanasında mümkündür. Ən azından konsultasiya etdirmək lazımdır, yoxsa, günbəgün pisləşəcəm. Ölkə rəhbərliyinə və Səhiyyə Nazirliyinə də rəsmi müraciət edəcəm.



Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir