Modern.az

“Dəhliz” sözü kiminsə ərazisinə göz dikmək demək deyil

“Dəhliz” sözü kiminsə ərazisinə göz dikmək demək deyil

26 May 2023, 21:02

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkəmizin beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu bütün dünya etiraf edir. Eyni zamanda, ölkəmiz Türk dünyasında, eləcə də İslam aləmində mühüm iqtisadi, üstün siyasi mövqeyə sahibdir. Bütün bu uğurların dövlətimizin başçısının balanslaşdırılmış və ölkəmizin maraqlarına hesablanan daxili və xarici siyasətinin nəticəsidir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasına dəvət edilməsi onun dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. Azərbaycan Ermənistan istisna olmaqla bu quruma üzv ölkələrlə geniş iqtisadi-ticarət əlaqələrinə malikdir. Cənab Pezidentin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın dayanıqlı və özünü təmin edən müstəqil iqtisadiyyatı var.

 

Millət vəkilinin sözlərinə görə, ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Bunun əsas səbəblərindən biri Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsidir. Toplantıda dövlətimizin başçısı ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyünü də xatırladıb. Lakin Ermənistanın baş naziri Paşinyan əsassız olaraq “Zəngəzur dəhlizi” ifadəsini ərazi iddiası kimi qiymətləndirib. Dövlətimizin başçısı isə bu iddianın absurd olduğunu tutarlı arqumentlərlə əsaslandırıb:

 

“Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.  


Fatma Yıldırım qeyd edib ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin üçtərəfli zirvə görüşündə də əsas müzakirə mövzularından biri kommunikasiyaların blokdan çıxarılması olub. Məlumdur ki, bölgəmizin əksər dövlətləri, o cümlədən Rusiya burada yeni nəqliyyat marşrutlarının açılmasına maraq göstərir və buna çalışır. Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə imkanları yaradır. Bu, Türk dünyası ilə coğrafi əlaqələrin daha da yaxşılaşması baxımından da çox önəmlidir. Eyni zamanda, dünya ölkələri də iqtisadi-ticari əlaqələr cəhətdən bu dəhlizin əhəmiyyətini vurğulayırlar. Təbii ki, Zəngəzur dəhlizi Ermənistan üçün də iqtisadi dividentlər gətirəcək. Lakin rəsmi İrəvan Zəngəzur dəhlizinin özü üçün nə qədər əhəmiyyətli olduğunu anlamır. Ümid edirik ki, Baş nazirlərin müavinləri səviyyəsində işçi qrupunun gələn həftə keçiriləcək iclasında bu istiqamətdə müsbət qərarlar qəbul olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək