Modern.az

Azərbaycanın “Spartan”ı gəlir - DETALLAR

Azərbaycanın “Spartan”ı gəlir - DETALLAR

Analitika

9 İyun 2023, 14:44

Rusiya-Ukrayna müharibəsi fonunda Avropada Soyuq Müharibənin başa çatmasından sonra gərgin vəziyyət hökm sürür. Təsadüfi deyil ki, 2022-ci ildə dünya ölkələrinin ümumi hərbi xərcləri rekord həddə çatıb. Xüsusilə, Avropa ölkələri müdafiə xərclərini kəskin artırıb.

 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun bir neçə ay əvvəl açıqladığı hesabatda qeyd olunub ki, dünya ölkələrinin hərbi sahəyə xərclədiyi vəsaitin cəmi 2022-ci ildə real ifadədə 3,7 faiz artaraq 2.24 trilyon dollar olub. Əvvəlki ilə nəzərən hərbi xərclərdə ən çox artım Avropa qitəsi, xüsusilə Şərqi və Mərkəzi Avropa ölkələrində qeydə alınıb.

 

Qlobal təhlükəsizlik vəziyyətinin pisləşməsi və Ermənistanla sülh danışıqlarının məntiqi sonluğa çatmaması Azərbaycanı da hərbi xərcləri artırmağa vadar edir. Belə ki, 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün bir milyard manat ayrılması nəzərdə tutulur. Artımdan sonra müdafiə və təhlükəsizlik üzrə xərclər 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcək. 

 

Azərbaycan hərbi xərclərini artırmaqla yanaşı, ordunun maddi-texniki bazası da təkmilləşdirilir. Bu kontekstdə Azərbaycanın İtaliyadan yeni hərbi təyyarələr alması olduqca vacib hadisədir. Artıq bununla bağlı işlərə start verilib.

 

 

Bu gün mətbuatda yayılan məlumata görə, müdafiə nazirinin müavini Aqil Qurbanov və Hərbi Dəniz Qüvvələri komandanı Sübhan Bəkirovun İtaliyaya səfəri zamanı imzalanan müqavilə çərçivəsində Azərbaycan "Leonardo" şirkəti tərəfindən istehsal olunan C-27J "Spartan" hərbi nəqliyyat təyyarələri alacaq. Hələlik neçə təyyarənin alınacağı açıqlanmayıb. 

 

Məlumat üçün bildirək ki, mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirərə bilən "Spartan" təyyarələri 15-dən çox ölkə tərəfindən istifadə olunur və onlardan bir çoxu NATO üzvüdür. Azərbaycan Ordusunun arsenalında olan Rusiya və İspaniya istehsalı hərbi nəqliyyat təyyarələri ilə müqayisədə C-27J olduqca müasirdir və bir çox imkanlara malikdir.

 

60-a yaxın hərbçi, tırtıllı və təkərli hərbi texnikaları daşıyan hərbi nəqliyyat təyyarələri And dağlarından Əfqanıstana qədər geniş coğrafiyada bir çox əməliyyatlarda istifadə olunub. Təyyarə çoxfunksiyalı kokpitə, müasir radar sistemlərinə və avioniklərə sahibdir, 11 ton yük daşıya bilir. 

 

Hərbi nəqliyyat təyyarələri döyüş əməliyyatları və fövqəladə hallar zamanı həyati əhəmiyyət kəsb edir. Bu hava vasitələri qoşunların, silahların və digər hərbi texnikanın çatdırılması, kəşfiyyat məlumatlarının toplanması kimi bir çox vacib funksiyaları yerinə yetirir. 

 

 

Qeyd edək ki, bu, Azərbaycanın İtaliyadan aldığı ilk hərbi təyyarə deyil. Bakı Hərbi Hava Qüvvələrinin təchizatını gücləndirmək məqsədilə İtaliya istehsalı olan müasir M346 təyyarələrini də sifariş edib. Bu təyyarələr qırıcılar üçün uçuş pilotlarının hazırlanmasına şərait yarada biləcək.

 

Nəticə etibarilə dünyada gərginliyin artdığı bir mərhələdə Azərbaycan Ordusu öz arsenalını gücləndirir. Xüsusilə, Hərbi Hava Qüvvələrinin imkanlarının artırılması olduqca labüddür.

 

Bundan başqa, yeni hərbi təyyarələrin və pilotsuz uçuş aparatlarının alınması da istisna edilmir. Azərbaycan bu istiqamətdə həm Türkiyə, həm İsrail, həm də digər müttəfiqlərlə çalışır. Yəqin ki, yaxın vaxtlarda real nəticələrin şahidi olacağıq.

 

Modern.az Təhlil və Araşdırma Qrupu 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?