Modern.az

Fransa Ermənistana silah verə bilər, amma əsgər yox... - Türkiyədən REAKSİYA

Fransa Ermənistana silah verə bilər, amma əsgər yox... - Türkiyədən REAKSİYA

Ölkə

2 Mart 2024, 14:16

Ötən həftə Paris və İrəvanda Fransa-Ermənistan əlaqələrinin genişlənməsi müzakirə olunub. Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Ardınca Fransanın müdafiə naziri Sebastian Lekornu İrəvana səfər edib.

 

Ermənistanın müdafiə naziri Suren Papikyan Lekornu ilə hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Digər müqavilə müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan fransız şirkətinin nümayəndəsi arasında imzalanıb. Sazişlərin detalları açıqlanmayıb. Bundan əlavə, Paris İrəvanda hərbi mövcudluğunu da artırmaq niyyətindədir.

 

Fransa Ermənistana radarlar, gecəgörmə qurğuları tədarük edib. Yeni sazişlərlə Ermənistana qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə vasitələri tədarük ediləcək. Paris, həmçinin İrəvana "Bastion" zirehli texnikalarının yeni partiyasını göndərəcək.

 

Fevralın 23-də Paşinyan da fransalı nazirlə müdafiə sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələr ediblər. Tərəflər Ermənistan Silahlı Qüvvələrində, o cümlədən hərbi təhsil, döyüş hazırlığı və digər sahələrdə islahatlar çərçivəsində Ermənistan-Fransa əməkdaşlığının vacibliyini vurğulayıblar. 

 

Ümumilikdə görünür ki, Fransa Ermənistanı yeni müharibəyə hazırlaşdırır. Bu hərbi dəstəklə yanaşı siyasi dəstək də hiss edilir. Parisdən Ermənistanı şirnikləndirən bəyanatlar səsləndirilir. Rəsmi Bakı Fransanın təxribatçı mövqeyini sərt tənqid edib.

 

Fransanın Ermenistanı silahlandırması necə dəyərləndirilməlidir? Bu yeni müharibəyə səbəb ola bilərmi?

 

Modern.az məsələ ilə bağlı türkiyəli ekspertlərlə həmsöhbət olub.

 

Saytımıza açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib ki, Fransanın münasibəti düşmən mövqeyidir.

 

“Müstəqil və ya qeyri-müstəqil dövlətlər digər ölkələrlə müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi mümkündür. Hər ölkənin özünümüdafiə məqsədilə silahlanması, işbirliyi qurması başadüşüləndir. Lakin buradakı mqəsəd o deyil. Ortada olduqca gərgin vəziyyət və bunun aradan qaldırılması üçün imzalanması planlaşdırılan sülh müqaviləsi var. Sözü gedən sülh müqaviləsinin müddəaları geopolitik həssaslıq daşıyır. Ölkələrin sabitliyə xidmət etməsi gözlənildiyi halda  qeyri-sabitliyə xidmət edəcək şəkildə münasibət, müharibə tərəflərindən birinin silahlandırılması, diplomatik həmlələr, legionerlər vasitəsilə bir sıra assimetrik işlərin altına imza atılması, birbaşa hərbi fəaliyyətlərin özünü göstərməsi Fransanın düşməncə münasibətini sübut edir. Bu, qəsdən edilir. Məqsəd qətiyyən sülh və sabitliyə xidmət etmək deyil, əksinə həllini gözləyən məsələni daha da mürəkkəb hala gətirməkdir”.

Ekspert Fransanın olduqca təhlükəli oyun oynadığını vurğulayıb:

 

“Fransanın əvvəldən mənimsədiyi münasibət qətiyyən uzlaşdırıcı olmayıb. Əksinə Fransanın tutumu düşməncədir. Bunun səbəbləri var. Ortada 30 il davam edən və davamlı olması planlaşdırılan ATƏT-in Minsk qrupu statusu vardı. Azərbaycan bu geopolitik hesabı pozdu. Fransanın bu addımını Azərbaycana qarşı həmlə kimi dəyərləndirmək lazımdır. Amma bu, fərqli sahələrdə geopolitik qütbləşməni dərinləşdirir. Mənim gördüyüm qədəri ilə Fransa olduqca təhlükəli bir oyun oynayır. Onun etdikləri beynəlxalq hüquqa və mövcud duruma uyğun deyil. Yəni Fransa kimi beynəlxalq ölkənin reallıq üzərindən sülhə, sabitliyə, güvənə xidmət etməsi lazım gəlir. Lakin Fransa belə davranmır. Fransanın bunları həyata keçirməməsinin səbəblə çoxdur. Səbəblərin başında imperialist ehtiras gəlir. Ermənistan üzərindən Azərbaycana və Orta Asiyaya təsir göstərəcək oyun qurmağa çalışır".

 

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı Fransanın hərəkətləri ilə Azərbaycana qarşı tərəf olduğunu göstərdiyini söyləyib:

 

"Fransanın Ermənistana dəstəyi müharibə tərəfdarı olduğunu göstərir. Məqsəd sülhü, sabitliyi pozmaqdır. Bu, yolverilməzdir. Hələ sülh müqaviləsi imzalanmamış, müharibə davam edərkən tərəflərdən birini dəstəkləmək tərəf olmaq deməkdir. Dolayısı ilə Fransa Azərbaycana qarşı tərəf olduğunu əyani göstərir".

C.Yaycı bununla belə Türkiyənin Azərbaycana dəstəyinin olduqca vacib olduğunu deyib:

 

"Şuşa bəyannaməsi ilə əslində Azərbaycan çox güclənib. İstər Fransa, istərsə də başqa ölkənin Azərbaycana qarşı Ermənistanı dəstəkləməsi mənasızdır. Çünki bu, Türkiyənin Azərbaycanı dəstəkləməsi kimi güclü təsir doğura bilməz.  Müdafiə  sənayesində  ciddi irəliləyişlər qət edən Türkiyə Azərbaycanla birgə müdafiə sənayesini inkişaf etdirəcək. Beləliklə də türk milləti bunların qorxulu yuxusu olacaq. Fransa silah verə bilər, amma Ermənistan üçün heç  bir fransız əsgəri ölməz. Amma Türkiyə Azərbaycana həm silah verər, həm də türk əsgəri azərbaycanlı qardaşları üçün can verər. Bunu unutmamaq lazımdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok