Modern.az

Azərbaycan Ordusunun “Çeyildağ” əməliyyatı - uğursuzlıuğa səbəb nə oldu?

Azərbaycan Ordusunun “Çeyildağ” əməliyyatı - uğursuzlıuğa səbəb nə oldu?

6 Yanvar 2015, 13:28


Xocavənd istiqamətində həyata keçirilən əməliyyatlardan biri də 1994-cü ilin 4 yanvar tarixində Çeyildağ yüksəkliyinin azad olunması əməliyyatıdır. Bu yüksəklik yerli əhali arasında Pirəbulaq da adlanir.

Həmin tarixdən bizi 20 illik bir zaman kəsiyi ayırır. Lakin həmin döyüşdə canlarını Vətən torpaqları uğrunda fəda etmiş şəhidlərimizin əziz xatiəsi xalqımızın qəlbində əbədi olaraq yaşayır. Heç də təsadüfi deyil ki, bu döyüşdə göstərdikləri igidliklərə görə üç nəfər Vətənin ən yüksək fəxri adları ilə təltif olunub. Bunlar Azərbaycan Respublikasının Milli Qəhrəmanı? Ağcabədi rayonu Hindarx qəsəbə sakini Etibar  İsmayılov, Mingəçevir şəhərindən “Azərbaycan Bayrağı” ordenli Məmmədzadə Yaşarvə Gədəbəy rayonunun Yenikənd kəndindən“Hərbi xidmətə görə” medalı ilə təltif olunmuş Qəhrəmanov Bilaldır.

Çeyildağ yuksəkliyinin ələ keçirilməsi Ağdam-Füzuli magistral yoluna nəzarətin ələ keçirilməsi demək idi. Həmin dövr üçün də və bu gündə Agdərə-Ağdam-Xocavənd-Füzuli-Horadiz marşurutunu birləşdirən bu magistral yol döyüş əməliyyatlarının keçirilməsi, qüvvələrin qısa müddətdə yerdəyişməsi üçün olduqca böyük strateji əhəmiyyət daşıyır. Praktiki olaraq Ağdam-Füzuli magistral yolun bağlanması ilə ermənilər Füzuli – Horadiz istiqamətində yeni qüvvələri cəlb etmək imkanlarını itirmiş olurdular. Çox güman ki, əməliyyatın keçirilməsi komandanlığımızın fikrinə görə, bu marşruta nəzarəti ələ keçirməklə bərabər, həmin dövrdə Füzuli – Horadiz istiqamətində keçirilən uğurlu hücum əməliyyatına dəstək xarakteri daşıyırdı.

Əməliyyat 161 saylı alayın müdafiə zonasında həyata keçirilib. Alayın müdafiə zonası Ağdam rayonunun Mərzili kəndindən başlayaraq, Xocavənd rayonu ərazisindəki “Böyük oxlu” yüksəkliyinə qədər olan 25-30 km-lik bir ərazini əhatə edirdi. Müdafiə zonasının sağ cinahinda 708 saylı briqada, sol cinahında isə 704 saylı briqadanın müdafiə əraziləri yerləşirdi.

161-ci alayın tərkibinə 4 batalyon və iki əlahiddə bölmə daxil idi:

1-ci batalyon – komandir İlyas Hüseynov;

2-ci batalyon – komandir Zahir ;

3-cü batalyon – komandir Gülağa Məmmədov;

4-cü batalyon – komandir Cavanşir Qədimov; 

Zenit – raket artileriya divizyonu –komandir Baxşeyiş Ələsgərov  və Tank əleyhinə batereya (Mingəçevir batalyonuda adlanırdi) – komandir Yaşar Məmmədzadə.

1993-cü il dekabr ayının sonunda alayın qərargahında batalyon və əlahiddə bölmələrin komandirlərinə Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən hazırlanmış hücum əməliyyatının keçirilməsi ilə bağlı tapşırıqlar çatdırıldı.

Batalyon və əlahiddə bölmələrin vəzifə və tapşırıqları:

1-ci batalyon – komandir İlyas Hüseynov – işğal olunmuş Muğanlı və Kuropatkin kəndləri istiqamətində zərbə endirmək və düşmənin diqqətini əsas zərbə (Çeyildağ) istiqamətindən yayındırmaqla, onun döyüş vasitələrini öz üzərlərinə çəkmək;

- 3-cü batalyon – komandir Gülağa Məmmədov- Çeyildağ yüksəkliyinin sol cinahının önündə yerləşən düşmən mövqelərini ələ keçirmək;

- zenit – raket artileriya divizyonu – komandir Baxşeyiş Ələsgərov və tank əleyhinə batareya – komandir Yaşar Məmmədzadə - Çeyildağ yuksəkliyini ələ keçirmək (yuksəklikdə düsmən mövqeləri yox idi, mövqelər yuksəklikdən bir neçə km öndə yerləşirdi);

-2-ci və 4-cü batalyonlar isə öz mövqelərində qalmaqla müdafiəni təşkil etmələri olmuşdu.
Hücumda istifadə olunan texnikanın sayı – 1 ədəd T-72 tankı, 1 ədəd PDM-1, şəxsi heyyətin istifadəsində olan atıcı silahlar – avtomat, pulemyot və qumabaraatanlardan ibarət idi.

Əməliyyat zamanı alayın sağ və sol cinahlarında yerləşən 708 və 704 saylı briqadaların da konkret tapşırıqları var idi. Belə ki, döyüş tapşırığına uyğun olaraq hər iki briqada düşmənin diqqətini yayındırmaqla döyüşə dəstək verməli idilər. Eyni zamanda hücum əməliyyatı həyata keçirilən vaxt döyüşən qüvvələrə 708 saylı briqadadan tanklarla dəstəyin verilməsi nəzərdə tutulmuşdu.

Əməliyyat planına uyğun olaraq, döyüş səhər saat 6-da başlanmalı idi. Döyüş başlamazdan öncə zenit-raket artileriya divizyonu və tankəlehinə batareyanın döyüşçüləri düşmən mövqelərinin arxasina keçərək Çeyildağ yüksəkliyini tamamilə nəzarətə almış, bir neçə saat davam edən döyüşdən sonra isə 3-cü tabor döyüş tapşırıgını yerinə yetirərək, düşmən mövqelərini ələ keçirmiş və düşmən xeyli itki verərək geri çəkilməyə məcbur olmuşdu.

Beləliklə, Çeyildağ yüksəkliyi tamamilə ələ keçirildi. Ağdam-Fizuli magistral yolu ermənilər üçün bağlandı və əsas hadisələr bundan sonra baş verdi. Çeyidağ yüksəkliyinin ələ keçirilməsi ilə Ağdam-Fizuli magistral yolunun bağlanması erməniləri çaş-baş salsa da, düşmən qısa müddətdə özünə gəlib, bütün yüksəkliklərdə yerləşdirdiyi artileriya vasitələrindən eyni zamanda coxsayli zərbələr endirib, böyük canlı qüvvə və əsasən də xeyli sayda tank və digər döyüş texnikaları ilə bütün istiqamətlərdə əks-hücuma keçdi. O, coğrafi vəziyətin üstünlüklərindən istifadə edərək, Çeyildağa hücum etmiş qüvvələrimizi tamamilə mühasirəyə aldı. Əsgərlərimiz mühasirədə qeyri -bərabər döyüşdə mərdliklə döyüşüb, müqavimət göstərmiş, düşmənə ciddi zərbələr vurmuşdular. Tank əlehinə batareyanın komandiri mingəçevirli Yaşar Məmmədzadə qəhramancasına şəhid oldu. Zenit-raket artileriya divizyonun döyuşçüsü Ağcabədi rayon Hindarx kənd sakini Etibar İsmayılov tankəlehinə qranatla düşmən tankının altına atılaraq tankı partlatmış, döyüş dostlarını mühasirədən çıxarmış, özü isə şəhidlik zirvəsinə yüksəlmişdi.

Düşmən 8 ədəd tankla 3-cü batalyonun mövqelərinə doğru hücum etmişdi. Batalyonun döyüşçüsü, baş çavuş Qəhrəmanov Bilal Qəhrəman oğlu (Gədəbəy rayonu Yenikənd kəndi) qumbara atanla düşmənin iki ədəd tankını vuraraq sıradan çıxarmış və yaralı olmasına baxmayaraq, döyüşçü yoldaşlarını xilas etmək məqsədi ilə döyüşü öz üzərinə götürmüş, sonadək vuruşaraq şəhid olmuşdu (belə fikirlər də var ki, düşmənin əlinə keçməməsi üçün sonda özünü qumbara ilə partlatmışdı).

Qeyri-bərabər döyüşdə mərdliklə döyüşən 3-cü batalyonun, divizyon və batareyanın döyüşçüləri saat 16 radələrində alayın müdafiə rayonu ərazisinə qayıtmışdılar. İtkilərimiz – təxminən 80 nəfər olmuşdur. Əməliyyat zamanı düşmənin – 3 ədəd tankı, 1 ədəd Niva markalı avtomaşını, 1 ədəd avtobusu,100 nəfərə qədər canlı qüvvəsi məhv edilmişdi.

Əməliyyatın uğursuzluğunun əsasında fikrimizcə:

 1. Döyüş əməliyyatının keçirilməsi planlaşdırılan ərazinin düzgün qiymətləndirilməməsi;

 2. Üzərinə hücum keçəcəyimiz düşməni (onun mövqelərini, qüvvə və vasitələrini)səhv qiymətləndirmə (baxmayaraq ki, düşmən haqqında bütün məlumatlar dəqiq məlum idi);

3. Yuxarıda qeyd etdiklərimizdən irəli gələn, əməliyatın keçirilməsi qərarında və planında kobud səhvlər və yarımçılıq olmuşdu.

 İş burasındadır ki, Çeyildağ yuksəkliyi (416 m), yarimdairə formasinda olan yuksəkliklərin əhatəsində yerləşir və bu yarimdairədə yerləşən bütün yüksəkliklər demək olarki, Çeyildağdan 2 dəfə hündürdürlər. Bu yüksəkliklərin hamısında düşmənin ciddi artileriya vasitələri yerləşdirilmişdi. Bu səbəbdən Çeyildağ yüksəkliyini azad edərək saxlamaq sadəcə mümkün deyildi, oranı qorumaq ücün ən azı döyüş əməliyyatıni inkişaf etdirirərək, qarşida olan Plotəpə və Gülmətəpə yüksəkliklərini ələ keçirmək lazim idi. Bunun üçün isə ehtiyat qüvvə yox idi.

4. 704 və 708 saylı briqadalara verilmiş döyüş tapşırıqlarıının icra olunmaması və 708 saylı briqada tərəfindən tankların döyüş mövqelərinə çıxarılmamasi. Həmin tanklar (onların sayı təxminən 8 ədəd olmuşdu) döyüş mövqeyindən 5-6 km arxada, “eşşəkkeçməz” adlanan dərədə toplanmış və döyüşə cəlb olunmamışdılar.

Bu əməliyyata görə 708 sayli briqadanın komandiri və batalyon komandiri həbs edilmişdi. Briqadanın döyüş tapşiriğının yerinə yetirməməsi, briqada komandirinə "döyüş əmrinin yazılı sürətdə verilməməsi" ilə əsaslandırılmış və briqada komandiri bəraət almışdı.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə 1994-cü ilin 4 yanvar tarixində “Çeyildağ” əməliyyatında göstərmiş olduqları şücaət və qəhrəmanlıqlara görə təltif edilmişdilər:

İsmayılov Etibar – “Azərbaycan Respublikasının Milli Qəhrəmanı”       
 Məmmədzadə Yaşar – “Azərbaycan Bayrağı” ordeni           
Qəhrəmanov Bilal - “Hərbi xidmətə görə” medalı.        
 Hər üçü ölümündən sonra.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!


Ayxan Sadiq

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi