Modern.az

Şəhid şəhiddir, bəs bölücülük nədir?

Şəhid şəhiddir, bəs bölücülük nədir?

Ölkə

2 İyul 2012, 13:56

Deputatın və hüquqşünasın fərqli rəyi

Bu gün vətən, azadlıq, torpaq uğrunda döyüşüb həlak olan insanlara müxtəlif şəhid statusu, fərqli müavinətlər verilir. Məsələn, Qarabağ şəhidləri, 20 yanvar şəhidləri və s. Müxtəlif şəhid statuslarının olmasına baxmayaraq, onların amalı, fəaliyyətləri bir olub: azadlıq, torpaq uğrunda döyüşmək.

Bəs o zaman onlara verilən şəhid statusu niyə bölünür?

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli Modern.az-a açıqlamasında qeyd edib ki, müharibə, döyüş vaxtı həlak olan insanlar şəhid hesab olunur. “Bundan başqa, onlarla bərabər tutulan insanlar da var, məsələn, partizanlara, terror qurbanları hesab olunan 20 yanvar şəhidlərinə də şəhid statusu verilir. Bunlar tamam fərqlidir”.

O qeyd edib ki, bu gün döyüşdə ölən insanlarımız şəhid hesab olunmur, onlar xidməti vəzifəsini yerinə yetirərkən ölənlərdir və onların statusu başqadır.  

Hüquqşünas Aslan İsmayılov hesab edir ki, şəhidlərin Qarabağın birinci müharibə şəhidi, ikinci müharibə şəhidi, 20 yanvar şəhidi, 1918-ci il şəhidləri statuslarına ayrılmasına ehtiyac yoxdur. Onun sözlərinə bununla bağlı vahid sənəd qəbul olunmalıdır.

“O sənəddə tam açıqlığı ilə göstərilməlidir ki, şəhid statusu kimlərə verilir, eyni zamanda orada  şəhidlərə aid olan güzəştlər, imtiyazların hamısı da öz əksini tapmalıdır. Yəni şəhid haqqında vahid qanun olmalıdır”.

A. İsmayılov deyir ki, bizdə belə bir vəziyyət olmadığı və şəhid statusu haqqında qanun olmadığı üçün o statusun verilməsi də bir qədər gözlənilməz oldu.
“Məsələn, indi müharibə dövrü olmasa da, cəbhə xəttində ölənlər var və ya hansısa polis nəfəri kiminsə həyatını canı bahasına qoruyur, şəhid olur. Ona görə də şəhid haqqında yekun sənəd hazırlanmalıdır ki, bunların ayrı-seçkiliyinə son qoyulsun”.

Hüquqşünas vurğulayıb ki, şəhidləri bölmək lazım deyil. Onun sözlərinə görə, bu sonra anlaşılmazlığa gətirib çıxardı.
“Müharibədə döyüşüb həlak olmuş şəhidlərin, 20 yanvar şəhidlərinin ayrı-ayrı imtiyazları var və burada anlaşılmazlıq yaranır. Ona görə də şəhid anlayışının kimlərə verilməsi, onların imtiyazlarını kimi maddələri əks olunmuş şəhid haqqında qanun qəbul olunmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən saytımıza bildiriblər ki, 1 aprel 2012-ci il tarixinə olan rəsmi məlumata görə, Azərbaycanda 13 min 560 şəhid ailəsi var. Bunların ailə üzvlərinin sayı 18 min 779 nəfər təşkil edir.

“Mövcud qanunvericiliyə uyğun olaraq, şəhidin dul arvadına və ya əmək pensiyaçısı olmayan ata-anasına kommunal güzəştlərə görə 12 manat aylıq müavinət verilir. Bununla yanaşı, 18 yaşı tamam olmamış şəhid uşaqlarının hər birinə 15 manat aylıq müavinət verilir. Eyni zamanda əmək pensiyaçısı olmayan şəhidin dövlət ali təhsil müəssisəsində oxuyan uşaqlarına 23 yaşı tamam olan qədər dövlət tərəfindən 49 manat 50 qəpik aylıq müavinətlər verilir. Eyni zamanda 13 560 şəhid ailəsinin hər biri aylıq olaraq 165 manat həçmində prezident təqaüdü alır”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək