Modern.az

Ərdoğan fevralın 26-da Xocalıya gələcək? - VACİB AÇIQLAMA

Ərdoğan fevralın 26-da Xocalıya gələcək? - VACİB AÇIQLAMA

6 Fevral 2024, 17:44

Bu il fevralın 26-da Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yubileyini qeyd edəcək. O, sözügedən tarixdə 70 yaşına qədəm qoyacaq. Ərdoğanın doğum günü Xocalı faciəsinin baş verdiyi günlə üst-üstə düşür. O, hər il Xocalı faciəsinin qurbanlarını yad edir.

 

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan mətbuatında Ərdoğanın ad günlərindən birində Xocalıda olacağı barədə xəbərlər yayılmışdı. Ötən il Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən sonra Xocalı şəhəri separatçılardan tam təmizlənib və Ərdoğanın bu il Xocalıya gəlib-gəlməyəcəyi müzakirə edilir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov qardaş Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın 26 fevral tarixində Xocalıya gələcəyi ilə bağlı müzakirələr olduğunu xatırladıb:

 

"Çox hörmətli Türkiyə prezidenti cənab Ərdoğan 26 fevralda Xocalıya gələcəyi ilə bağlı fikir söyləmişdi. Lakin Türkiyədə zəlzələ baş verdi. Bu gün Türkiyədəki zəlzələnin 1-ci ildönümüdür və bu tarix kədərlə yad edilir. Prezidentimiz də Türkiyə xalqına başsağlığı verib. İndi Türkiyə prezidentinin Xocalıya fevralın 26-da gəlişi baş tutacaq bunu deyə bilmərəm. Lakin belə bir səfər bizim üçün çox xoş olar".

 

Deputat vurğulayıb ki, Ərdoğanın Xocalıya səfəri Ermənistan və onun havadarlarına ciddi tarixi mesaj ola bilər:

 

"Qardaş Türkiyənin çox hörmətli prezidentinin Azərbaycana hər gəlişi bizim üçün böyük bir sevincdir. Onun hər bir səfəri böyük əhəmiyyət kəsb edir. Qardaş Türkiyə liderinin Xocalı soyqırımının növbəti ildönümündə səfərinin olub-olmayacağını  dəqiq deyə bilmərəm.Lakin gəlsə, sevinərik. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, müttəfiqliyi təbii ki, bizə və Türkiyəyə dost olmayan ölkələrə göz dağıdır. Çox ciddi bir xəbərdarlıqdır".

 

E.Məmmədov vurğulayıb ki, Ermənistan və onun havadarları Azərbaycanın meydanda tək olmadığını bilməlidir:

 

"Bütün tarix boyu harada yaşayıblarsa, orada onun-bunun əlində alət kimi istifadə olunan ermənilər yenə ağıllarını başına yığmayıblar. Yenə də bunlara şirin vədlər verən Fransa və digər bəzi dövlətlər ortaya çıxıb. Bunlar da şirin vədlərə inanıb, nəyəsə nail olacaqları ümidi ilə hərəkət edirlər. Mən məsləhət görərdim ki, özlərini ağıllı hesab edən, onun-bunun əlində maşa olan ermənilər 1-ci dünya müharibəsini yadlarına salsınlar. Həmin dövrdə də Fransa və başqaları ümid verdilər ki, siz osmanlı daxilində üsyan  qaldırıb, onu daxildən zəiflədin, biz qalib gəlib Osmanlıyı böləcəyik və sizə də burada ərazi verib Ermənistan dövləti quracağıq. Bunun sonu nə ilə yekunlaşdı hamıya məlumdur. Yenə də həmin  xam xəyalla yaşayırlar. Lakin yaddan çıxardırlar ki, Azərbyacan bu meydanda tək deyil. Çox güclü, qüdrətli qardaş Türkiyəmiz və başqa bizə dost ölkələr var.  Unutmasınlar ki, bu dəfə  axmaq niyyətlərindən əl çəkməsələr, Dəmir Yumruq İrəvanda bunların başlarında çatlayacaq".   

 

 

Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu isə vurğulayıb ki, Ərdoğanın fevralın 26-da Xocalıya səfəri böyük mesaj ola bilər.

 

O fikirlərini belə əsaslandırıb: "Ermənistan qatilləri tərəfindən 31 il əvvəl Xocalının əsl sahibləri olan məzlum və məsum azərbaycanlıların qətlə yetirilməsi tarixi qara ləkədir. Bu qara ləkə heç vaxt silinməyəcək və həmişə dilə gətiriləcək. Prezidentimizin bu ifadəsi "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" şüarının təzahürüdür.  Bu ifadənin özü Türkiyənin həmişə Azərbaycanın yanında olduğu ilə bağlı dünyaya mesajdır. Cənab prezidentin 26 fevralda Xocalıya gedib-getməməsindən asılı olmayaraq böyük bir mesajdır. Cənab prezidentin qısa müddətdə Xocalıya getməsi arzuolunandır. Prezidentimizin şəxsən Xocalıya getməsi Ermənistana və onu dəstəkləyən dövlətlərə bir mesaj olacaq. Çünki illərdir Xocalı qətliamını tanımayan, 44 günlük Vətən müharibəsini həzm edə bilməyən  Ermənistan və dostlarından bəhs edirik. Başda Fransa olmaqla bir çox dövlətlər Azərbaycanı özbəöz torpaqlarını aldığına görə kirli planlar həyata keçirməkdədirlər. Azərbaycan Türkiyə, Türkiyə Azərbaycandır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu