Modern.az

Daha 70 ailə Novruz bayramını doğma yurdunda qeyd edəcək

Daha 70 ailə Novruz bayramını doğma yurdunda qeyd edəcək

Qarabağ

13 Mart 2024, 10:18

"Böyük Qayıdış" prosesi çərçivəsində işğaldan azad olunmuş ərazilərə köç sürətlə davam etdirilməkdədir. 

 

Qarşıdan Azərbaycan xalqının böyük coşğu ilə qeyd etdiyi Novruz bayramı gəlir.

 

Maraqlıdır, bayram ərəfəsində işğaldan azad olunmuş ərazilərə yeni köç olacaqmı?

 

Modern.az məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

 

Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev saytımıza açıqlamasında deyib ki, bayram ərəfəsində iki köç gözlənilir.

 

Onun sözlərinə görə, köç martın 15-də və 18-də baş tutacaq.

 

"Martın 15-də və 18-də Füzuliyə köç olacaq. Hər iki tarixdə 35 ailə öz doğma yurdlarına qayıdacaq", - açıqlamada deyilir.

 

Qeyd edək ki, fevralın 14-də keçirilən andiçmə mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev "Böyük Qayıdış" prosesi barədə bir sıra məlumatlar açıqlayıb. Dövlət başçısı bildirib ki, təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq.

 

"Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq", - İlham Əliyev qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu