Modern.az

Polkovnik: Xankəndinin ən yaşlı azərbaycanlı sakini mənim anamdır - FOTO

Polkovnik: Xankəndinin ən yaşlı azərbaycanlı sakini mənim anamdır - FOTO

Reportaj

2 Oktyabr 2023, 09:32

İstefada olan polis polkovniki Telman Qasımov bildirib ki, Xankəndi şəhərində dünyaya gəlmiş və hazırda sağ olan ən yaşlı azərbaycanlı sakin onun anası Aytəki Əliş qızı Hüseynovadır. O, anasının qızlıq soyadının Haqverdiyeva olduğunu qeyd edib.

 

Modern.az xəbər verir ki, T.Qasımovun sözlərinə görə, Xankəndidə ilk məskən salanlar ana babalarına "Mehtililər" deyərmişlır.

 

“Anamın ata babası Məşədi Zeynal Haqverdiyev (1860-1918) Azərbaycanda ilk solo ifa edən tarzən olub. 1911-ci ildə Üzeyir bəyin dəvəti ilə "Leyli və Məcnun" operasında tarda solo ifa edib. Skripkaçı olmadığından Üzeyir bəy drijorluğu Əbdürrəhim bəy Haqverdiyevə həvalə edərək özü skripkada ifa edib.

 

1937-ci ildə ana babam Əliş Haqverdiyev bəy nəslindən olduğu üçün repressiyaya məruz qalıb və Sibirə sürgün edilib, elə oradaca dünyasını dəyişib.

 

Nənəm Qüdrət xanımı isə 3 uşaqla Gəncə şəhəri yaxınlığında yerləşən bir kəndə 5 il müddətinə sürgünə göndəriblər.

 

5 illik sürgündən qayıdanda şəhərin erməni rəhbərləri artıq mülklərini əllərindən alınmış nənəmə  birotaqlı "kommunxoz" ev veriblər.

 

Nənəm Qüdrət xanım danışardı ki, hər il yay aylarında Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli və o zamanın digər görkəmli mütəfəkkirləri bizə qonaq gələrdilər”.

 

T.Qasımovun sözlərinə görə, məşhur tədqiqatçı Firidun Şuşinski həmişə gülə-gülə deyərmiş ki, Üzeyir bəy "Arşın mal alan" filmindəki Soltan bəyin obrazını yaradanda prototip kimi onun  babasını seçibmiş.

 

“Anam İkinci Dünya müharibəsinə, 30 illik məcburi köçkün həyatına sinə gərib bu günlərə gəlib çıxıbdır. 96 yaşı olmasına rəğmən, çox gözəl yaddaşı var. Ən böyük bir arzusu doğulduğu Xankəndi şəhərini gedib görməkdir. İnanıram ki, inşəllah arzusuna çatar”.






 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok