Modern.az

Şişqayaya bayraq sancıb Hadruta yol açan QƏHRƏMAN

Şişqayaya bayraq sancıb Hadruta yol açan QƏHRƏMAN

Reportaj

11 Oktyabr 2023, 09:12

İgid baş leytenant Səid Rəşidzadənin şəhadət zirvəsinə yüksəlişindən 3 il keçir

Bir neçə gün öncə jurnalist həmkarım “nə zamansa şəhidlərimiz haqqında bədii əsər yazmaq fikrin varmı?” - deyə soruşanda, “bədii əsərdə istər-istəməz müəllif təxəyyülü özünü göstərir, nə qədər real hadisələr olsa da, oxucunun ilk ağlına məhz təxəyyül gəlir. Halbuki, bizim şəhidlərimizin heç birinin müəllif təxəyyülünə, şişirtmə təqdimatlara ehtiyacı yoxdur, onlar öz real həyatları, döyüş yolları və şəhadətləri ilə həqiqi qəhrəman, əsl igiddirlər” - cavabını vermişdim.

İndi Vətən müharibəsində Hadruta yolumuzu açan qəhrəman şəhilərimizdən biri – cəsur zabitimiz Səid Rəşidzadənin həyatı haqqında oxuyub, döyüş yoldaşlarının onunla bağlı xatirələrinə nəzər salarkən bu fikrimi özlüyümdə bir daha təsdiqləyir, həm də sonsuz heyrət hissi keçirirəm. Məni heyrətləndirən bir Azərbaycan zabitinin peşəkarlığı, cəsarəti, qorxmazlığı, döyüşkənliyi deyil, o gənc qəlbə sığan bunca böyük Vətən eşqi, sonsuz Bayraq məhəbbətidir. Tərxis olunmasına baxmayaraq, müharibə başlar-başlamaz, könüllü cəbhəyə tələsən, ilk gündən üçrəngli Azərbaycan bayrağını sinəsinin üstündə gəzdirən, bütün təhlükələrə, od-alova baxmayaraq, o qarışıqlığın içərisində belə, gündə üç dəfə sinəsi üzərində əzizlədiyi bayrağını öpüb gözləri üstünə qoyan, sonda da məhz o bayraq uğrunda şəhidlik zirvəsinə ucalan bir igidin fədakarlığına, cəsarətinə necə heyrətlənməyəsən, onunla necə qürurlanmayasan?!

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunda doğulub. 1996-2007-cı illərdə Nərimanov rayonunda S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbi bitirib. Ali təhsilini isə 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb.



2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən Səid, Aprel döyüşlərində qəhrəman komandan, şəhid general Polad Həşimovla çiyin-çiyinə vuruşub. Qeyd etdiyim kimi, bir neçə il əvvəl Azərbaycan Ordusundan tərxis olunsa da, Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılıb. Hadrutun azad edilməsi uğrunda qanlı savaşa atılan qəhrəmanımız oktyabrın 11-də Şişqaya yüksəkliyinə bayrağımızı sancarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. 30 yaşında canını vətəni üçün fəda edən və döyüş yoldaşları ilə birgə öz qanı bahasına Qarabağın ən strateji mövqelərindən birini - Hadrutun Şişqaya yüksəkliyini düşməndən azad edən Səid bununla qoşunlarımızın irəliyə, Şuşaya gedən yolunu açan rəşadətli şəhidlərimizdəndir. Bu sözlərim əsla mübaliğə deyil, hərb tariximizin ən yaxın dövrünə aid gerçəklərdir. Çünki Hadrut və Şişqaya yüksəkliyi həqiqətən də Qarabağın əsas açarlarından, müharibənin taleyini həll etmək gücünə sahib strateji mövqelərimizdən idi. Bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb. Onun 2021-ci ilin dekabr ayında Xocavəndin Hadrut qəsəbəsinə səfəri zamanı dediyi tarixi sözlər, şübhəsiz, çoxumuzun yadındadır: “Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünki mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar qurmuşdu, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.

Əminəm ki, Hadrut əməliyyatı müasir dünya müharibələri tarixində öz layiqli yerini tutacaq. Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Hətta Hadrut işğalçılardan azad ediləndən bir neçə gün sonra onlar özlərinə xas yalanlar yayaraq Hadrutun sanki onların əlində olması haqqında iftiralar uydururdular. Artıq müzəffər Azərbaycan Ordusu Hadrutda dövlət bayrağımızı qaldırmışdı. Hadrut və bütün ətraf yüksəkliklər bizim əlimizdə idi...”



Bəli, Hadrutda üçrəngli dövlət bayrağımız qaldırıldı və o bayrağı daha əvvəl Şişqayada baş leytenant Səid Rəşidzadə öz şəhadəti sayəsində, canı, qanı bahasına qaldırmışdı...

Komandir Səid Rəşidzadə və tabeliyindəki beş silahdaşının müharibə boyunca ən önəmli tapşırıqlarından biri məhz Hadrutun Şişqaya yüksəkliyini düşməndən təmizləmək olub. Çünki Şişqaya olduqca strateji mövqeyə sahib yüksəklik idi. Düşmən məhz o yüksəklikdən ətraf ərazini nəzarətdə saxlaya, ordumuza çətinliklər yarada bilirdi. Həmçinin, Şişqaya yüksəkliyinin azadlığı Şuşaya gedən yolun qapılarının açılması demək idi. Səid və döyüş yoldaşları bunu çox gözəl bilirdilər. Ona görə də heç bir maneə, heç bir təhlükə onları bu yoldan döndərə bilməzdi. Oraya gedib çıxana kimi çox şəhidlər vermişdilər və hər birinin qisasını alacaqlarına, uğrunda can verdikləri torpaqları düşməndən azad edəcəklərinə and içmişdilər. Komandir Rəşidzadənin rəhbərliyi ilə kiçik bir heyət döyüşə-döyüşə uzun yol qət edərək, Şişqaya yüksəkliyinə çatıblar. Amma bu, hələ hər şey demək deyildi. Çünki bu yüksəklik Azərbaycan üçün nə qədər önəmli idisə, düşmən üçün də bir o qədər əhəmiyyət kəsb edirdi. Axı o, bu yüksəkliklə nələri itirəcəyini və müharibənin necə bir şəkil alacağını çox gözəl bilirdi. Ona görə də düşmənin əsas hədəfi məhz Şişqaya idi. Əldən versə də, gözdən qoymurdu, əl çəkmək istəmirdi və nəyəsə nail olacağının öləzimiş ümidi ilə sürəkli atəşlərlə döyüşçülərimizə mane olmağa çalışırdı. Səid başda olmaqla, döyüşçülərimiz isə qazandıqları zəfəri əldən vermək fikrində deyildilər və düşmənə layiqincə cavab verirdilər. Amma bu, könlü bayraq sevdalı komandirə bəs etmirdi. Çünki hələ də yüksəklikdə düşmən bayrağı dalğalanırdı. “Mən Azərbaycan zabitiyəm və düşmən bayrağının altında dayana bilmərəm”- deyən baş leytenant Səid Rəşidzadə həyatının böyük təhlükə altında olduğunu bilə-bilə düşmən bayrağını endirib, Azərbaycan bayrağını oraya sancarkən snayper gülləsinə tuş gəldi.

11 oktyabrda şəhadətə ucalan Səid ta uşaqlığından bəri arzusunda olduğu günləri - Qarabağın tam şəkildə azad olunmasını görmədi, zəfər sevincini dadmadı. Lakin o, zəfərin təminatçısına, müharibənin əsas və önəmli qəhrəmanlarından birinə çevrilməyi bacardı. Cənab Prezidentin də dediyi kimi: “...Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı”.



Məhz Səid və döyüş yoldaşlarının qəhrəmanlıqları sayəsində -  Hadrutdan 8 gün sonra - onun üç yaşında məcburi köçkün kimi tərk etməli olduğu ata-baba yurdu Füzuli şəhəri də işğaldan azad edildi. Sayılı günlərdən sonra isə şanlı ordumuz Səid kimi şəhidlərimizin açdığı yolla irəliləyərək, onların izindən gedərək Şuşanı düşməndən təmizləyib xalqımıza böyük qələbəni bəxş etdi.

Şəhadətindən sonra Şəid Rəşidzadə Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, "Xocavəndin azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Bundan sonra isə 26 millət vəkilimiz şəhid baş leytenant Səid Rəşidzadənin Vətən Müharibəsi Qəhrəmanı adına təqdim edilməsi üçün müvafiq köməklik göstərməsi xahişi ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət ünvanlayıb. Bu müraciətə hələlik cavab alınmasa da, sözsüz ki, Səid və torpaqlarımızın azadlığı uğurunda parlaq şücaətlə, misilsiz cəsarətlə vuruşan, bu uğurda canını əsirgəməyən bütün şəhidlərimiz millətimizin, xalqımızın nəzərrində böyük qəhrəmanlardır. Mübariz İbrahimovun şəhid olduğu yerdə tağım komandiri olmuş, general-mayor Polad Həşimovla birgə Aprel döyüşlərində çiyin-çiyinə vuruşmuş Səid Rəşidzadə də öz yolunu onların izi ilə müəyyən etmişdi və öz şücaəti ilə adını o qəhrəmanlarımızın adının yanına yazdırdı. Necə ki, adı uğrunda şəhid olduğu və sonradan döyüş yoldaşları tərəfindən Şişqaya yüksəkliyində ucaldılan bayrağına yazıldı...



Şahanə MÜŞFİQ

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok