Modern.az

Ağaclar da insan kimi həsrət çəkərmiş - Ağdamın xaraba kəndlərindən REPORTAJ

Ağaclar da insan kimi həsrət çəkərmiş - Ağdamın xaraba kəndlərindən REPORTAJ

Reportaj

11 Dekabr 2023, 10:24

Mən heç vaxt Qarabağın işğal olunmuş ərazilərini görməmişdim. İlk dəfə Şuşaya da 2021-ci ildə MEDİA Agentliyinin dəvəti ilə getmişdim. İşğaldan azad olmuş Qarabağla ilk görüşüm viran olmuş yurd yerlərimiz, yetim daşlar, damı olmayan binalar, evlərin içərisində bitən ağaclarla başladı.
 

Sual oluna bilər ki, necə olur ki, Azərbaycanda doğulasan, bir dəfə Qarabağa yolun düşməyə?! Çünki ali təhsil almaq üçün vətəni tərk edib gedəndə, gənclik çağım idi. Vətənə qayıtığımdan iki il sonra isə torpaqlarımız düşmən tərəfindən rəzilliklə və həyasızcasına işğal olundu. Beləcə, mən və mənim kimi nə qədər Azərbaycan vətəndaşı vətənin bir parçasını, cənnət qoxuyan o torpaqları 30 il müddətində görməyə həsrət qaldıq. Görənlərin xəyallarında, röyalarında və ümidlərində, görməyənlərin isə arzu və ümidlərində yaşadı Qarabağ.
 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 6-7 dekabr tarixlərində keçirilən "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı Beynəlxalq Forumun iştirakçıları ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin keçirdiyi görüşdə “İpək yolu” Tarixi və Mədəni Araşdırmalar İctimai Birliyinin sədri kimi mən də iştirak edirdim.
 

Beynəlxalq Forumun ikinci gününü Ağdam şəhərində keçirmək nəzərdə tutulmuşdu.

Səhərin gözü açılmamış Bakıdan üzü Ağdama yola çıxdıq.

Ağdam haqqında ilk yazılarımı elə 1992-ci il işğalından sonra yazmışam. Əsasən də bu yurdun şəhidləri və orada şəhid olan Azərbaycan qəhrəmanları haqqında... Ağdamı coğrafi məkan kimi şahidlərin söhbətlərində və xatirələrində tanımışam.


Səhər tezdən Ağdama gedən şüşə kimi yollarla şütüyən avtobusumuzda ağdamlı dostlar da vardı. Sən demə Bakıdan Ağdama gedən yol düppədüz imiş. Nə sola, nə də sağa dönüşü var imiş. Ağdamın Quzanlı kəndindən sonra düşmənlərin əlindən xilas etdiyimiz yaşayış məntəqələrindən keçirik. Yolun solu da, sağı da yaralıdır, xərabətdir, ya da ki, bom-boş çölə bənzəyir. Əgər jurnalist həmkarımız Təhmasib Novruzov hərdənbir mikrafonla yolun sağ və ya sol tərəfində nə vaxtsa kəndlərin, obaların, üstü damlı evlərin, məktəblərin, bağçaların, bağ-bağatların olduğunu deməsəydi, buraları ilk dəfə görən adımın heç ağlına da gəlməzdi ki, Güllücə, İlxıçılar, Suna, Tağıbəyli, Əmirli, Şurabad, Şotlanlı kimi kəndlərin xərabətidir gördüklərimiz.


Vaxtilə toy-büsatlı yurd yeri olmuş bu kəndlərdən getdikcə, Nizami Gəncəvinin Bərdəni tərif etdiyi şerini xatırlayıram:

İndi o dərgahın taxtı alçalmış,
İpəyi, qumaşı küləklər çalmış.
Təzə nar gülləri tökülüb solmuş,
O narlar, nərgizlər dönüb toz olmuş.
 

Biz indi təbiətin nar fəslindəyik. O xərabətlikdə, bəzi evlərin skletinin ortasında yabanı halda bitən nar, heyva, xurma ağacları həsrətlə yollara baxır, gəlib meyvəsindən dadacaq insanları gözləyir. Ağaclar da həsrət çəkərmiş... Körpə balası öləndə döşlərini süd tutan anaya bənzəyir üstü meyvəli qalan ağaclar. Necə ki ana əmizdirməyə körpəsini axtarar, sinəsinə sağılmayan südü ağırlıq edər, bu ağaclara da dərilməyən meyvələri ağırlıq edir, ağacların qəddini əyir. Budaqda qalmaqdan gülövşə narların bağrı çatlayıb burada...


Lakin bəni Azərbaycan insanı o ağaclara yaxınlaşa bilmir. Çünki insanlığa ləkə olan hay tayfası bu torpaqlarda, bu ağaclar bitən yerlərdə gecə-gündüz bilmədən mina basdırıblar. Minanı basdırmazdan əvvəl isə işağl etdikləri yurdumuzun evlərini, məktəblərini, mədəni və idman obyektlərini, zavod və fabriklərini talan edib, külünü göyə sovurublar. Göyə sovurmaq bir yana, İran rejiminin mollalarının baştutanları və  daş-dəmir yeyənləri daşıyıb İrana aparıblar. Özlərini müsəlman sayan İran mollaları həmişəki kimi harama şərik olub, harama əl qatıblar. Bizdən oğurladıqları daş-kəsək, taxta-şalbandan, dəmir darvazalardan özlərinə ev tikiblər.
 


Bizim inanclarımıza görə oğurluqla yapılan evin təməli tez uçar, viran olar. Mən elə istəyirəm ki, Azərbaycandan daşınan daşla, taxta ilə tikilən evlərin hamısı uçulub tökülsün, viran olsun... O daşını, divarını talayıb apardığınız evlərin sahiblərinin çəkdikləri yurd həsrətini çəkəsiniz... Yaratdığınız qondarma dininiz, haram qatdığınız namazlarınız özünüzə qənim olsun... Özünə “müsəlman” deyən də bu qədər rəzillik edərmi? Müsəlman da öz qardaşının evini, yurdunu talan edib, viran qoyarmı? Bu ancaq İran hökumətinin müsəlman mollalarına xas olan iyrənclikdir.

Həmkarımız Təhmasib Novruzov yenə də mikarfonla danışır: 


“ - ...bir azdan bizim avtobusun dayanacağı yer ermənilərin axırıncı postu olan yer idi... Oradan üzü bu yana hər tərəf, sağ-sol minalanmış ərazilərdir. Uzundərə adlı yer var idi. Sovet İttifaqının Zaqafqaziya ordusunu təmin edən hərbi bazası burada yerləşirdi. Patrondan tutmuş raketə qədər, qrantamyot minaları, həm tank və piyadalar əleyhinə minalar da bu bazada saxlanırdı. O bazanın bütün tank və piyada əleyhinə minalarını Ağdamın kəndlərinə basdırıblar...  Qalan silahları da başımıza yağdırbılar”.

Elə bil ki, yer yarılıb, yerə girib kəndlər. Bu kəndlərdə firavan yaşayan insanların həyət -bacaları da növbənöv ağcla, yaşıllıqla dolu idi axı... O ağacları da qırıb, oduncaq kimi istifadə ediblər, satıblar... Adda-budda gözə görünən ağaclar isə 30 ildə yabanı halda bitən ağaclardır...
 



Baş Qərvənd kəndinin yerində qalan xərabət çöllüyə çatırıq. Təhmasib Novruzov 200 metirliyimizdəki bir təpəliyi göstərib deyir ki, o görünən dəyirmandır. Qarqar çayının üstündə tikilmişdi. Yaşı 100-dən çoxdur. İndi həmin dəyirman uçqun üzərində bir xərabətə bənzəyir. Qədimlərdə bütün sulu kəndlərin girəcəyində belə su dəyirmanı tikilərdi. Dəyirmanlar da onu tikən sahibinin adı ilə adlanardı. Kənd əhli də bu çayın üstündə tikilən dəyirmanda kəndə əkib-becərdiklərini yığıb gətirib üyüdər, evlərinə, külfətinə ruzi aparardılar.
 

Baş Qərvənd kəndinin girəcəyində dayanıb xaricdən gələn qonaqların bizim sıramıza çatmasını gözləyirik. Minatəmizləmə Agentliyinin əməkdaşı təhlükəsizliyimiz baxımından bizdən xətt çəkilımiş yoldan bir addım belə kənara çıxmamağı xahiş edir. Hər kəsi özünü qorumağa və qaydalara əməl etməyə çağırır. Üzbəüz dayandığımız yerdən təxminən 200 metr uzaqlıqda yenə viran olmuş tavansız evlərdən qalan uçulmuş divarlar diqqətimi çəkir. Evin uçulmuş divarlarının üstünə quşlar qonub.  Yəqin o quşlar da bu evin əsil sahibini gözləyir. Ürəklərinə damıb ki, görüşə az qalıb.
 



Qonaqlar gəlib bizə yetişəndən sonra minatəmizləyənlərin səhra öfisinə sarı gedirik. ANAMA, BAMF, MAG, APOPO təşkilatının stendinə yaxınlaşırıq. Burada BAMF-ın (Beynəlxalq Avrasiya Mətbuat Fondu) xüsusi rolunu qeyd etməsək, insafsızlıq olar. Yarandığı 30 il ərzində Azərbaycan ərazilərində minaaxtarama üzrə ən uğurlu layihələrə imza atıb. Məhz bu Fondun təşəbbüsü ilə 6 ay bundan əvvəl başlayan “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində minaların təmizlənməsi əməliyyatlarına MAG və APOPO təşkilatı da cəlb olunub. İndi bu təşkilatın təlimlərində iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 40-dan artıq qadın əməkdaşı da düşmənin basdırdığı minaları axtarıb tapır və zərərsizləşdirirlər. Bu məlumatları bizə ANAMA-nın bosniyalı əməkdaşı çatdırır.

Azad olunmuş torpaqlarımızda Şəhidlər xiyabanları yalnız təzə basdırılmış başdaşları üzərindəki bayraqdan bilinir.  Elə bil ki, bir kimsəsiz çöllükdə, diyarda ölünü torpağa tapşıprmısan, əmanət etmisən. Qəbiristanlıqların ətrafında ins-cins, insan belə gözə dəymir. Çünki bu qəbirlər də düşmən tərəfindən vandalizmə məruz qalıb.
 

Qonaqlarla birlikdə Qərvəndin məzarlığında uyuyanları ziyarət etdik.


Forumun maraqlı və yaddaqalan məqamlarından biri də APOPO təşkilatı  tərəfindən mina axtarışına cəlb edilən siçovullar və itlərdir. Minaxtaranların sırasında cəsur qızlarımızı görməyin də bir ayrı fəxarəti vardı. Həmsöhbət olduğum minaaxtaran  Sehran Şükür qızı Babayeva deyir ki, 6 aydır ki, Baş Qərvənd kəndində minaaxtarma əmliyyatında çalışır:
 


- Əməliyyatlarımız davam edir. Qərvənddəki əməliyyatlarımız yaxın günlərdə bitəcək. Ərazini məcburi köçkünlərə təhvil verəcəyik. Məcburi köçkünlər üçün burada evlər tikiləcək. Mən özüm də məcburi köçkünəm. Ancaq çox qürurluyam. Çünki mənim kimi xanım qızlarımızın təmizlədikləri ərazilərdən yenə şənlik, deyib-gülmək səsi gələcək. Daha heç kim burada minaya düşməyəcək.
 

Diqqətimi başqa bir qız cəlb edir. Əynində uniforma geyinmiş bu qız isə torpağın üstünə uzanıb. Əlndəki balaca  bel ilə yavaş-yavaş, ehtiyatla  torpağı eşir. Hərdən də incə barmaqları, əlləri ilə torpağın üstünə sığal çəkir, tumarlayır. Elə bil ki, torpaqla danışır, könlünü alır. Bir neçə dəqiqə keçəndən sonra qazdığı yerdən hansısa dəmir parçası çıxarır. Sevinir. Ayağa durur, fotoaparatımızın qarşısında sevinclə poza verir. Əlbəttə belə anı tarixə çevirməyə dəyər.


Bu zərif qızlarımız incə və zərif barmaqları ilə xalça toxuya bilərdilər. Qarabağ xalçaları sənət əsərləri arsına öz adı ilə, gözəl naxışları ilə düşüb. Dünyanın ən bahalı muzeylərində saxlanılır. Həmin o Qarabağ xalçalarının ərişli-arxaclı iplərinin rəngini bu torpaqda bitən bitkilərdən tutublar. İndi mənfur düşmən bu torpaqların hər addımında bomba, mina, təhlükə əkib və bitirib.


Mina ilə üzbə-üz qalmaq təhlükəli bir işdir. Mina adamı yalnız öldürmək üçün tanıyır. Allahı yox, insafı yox, yaddaşı yox... Özü cansız dəmir parçası olsa da, yediyi canlıdır, insandır... 
 

Minatəmizləmə əməliyyatlarını öz gözümüzlə görəndən sonra geri qayıdırıq. ANAMA-nın əməkdaşları gələn qonaqlar üçün çay süfrəsi açıblar. Yaxınlaşıb bir stəkan çay istəyirəm. Samovarın yanında dayanan oğlan həvəslə və hörmətlə büllur stəkanda mənə çay süzür. Xahiş edirəm ki, mənim çayımı tünd eləsin. Onu deyim ki, yola çıxanda adətim üzrə həmişə özümlıə çay götürürəm. Çünki çox vaxt yol kənarında və ya elə qonaq olduğum yerlərdə hər içdiyim çayı bəyənmirəm. Çaya qarşı xüsusi qurmanlığım var. Qarabağın suyu ilə dəmlənən çayın ilk qurtumunu alanda, hiss etdiyim daddan əhval-ruhiyyəm çayın dadı qədər gözəlləşir. Gecə saat 5-dən oyaq olmağın yuxusuzluğu da uçub gedir. İkinci stəkanı da xahiş edirəm. Hətta həmkarım  Rey Kərimoğluna da deyirəm ki, bu çaydan mütləq içsin. Çünki bu çayın dadı, zövqü çox başqadır. O da yanındakı digər qonaqlara çay təklif edir. ANAMA-nın əməkdaşları büllur stəkanlarda isti samovar çayına qonaq edirlər bura yığılanları. Bu çay, o çaydan deyil... Bu çayın suyunda, dəmində sevinc, nəşə dadı var.
 


Eh... özlüyümdə fikirləşirəm ki, indi böz çöllüyə bənzəyən kəndin məhlələrində, həyətlərində 30 il əvvəl hər gün samovar qaynayıb, təndirlərdə çörək bişib, ocaq qalanardı. Ağcalardan meyvə dərib, gələn qonağın yol ehtiyatını tutardılar. ANAMA-nın burada işləyən əməkdaşlarını isə nə qarşılayan var, nə də yola salan... Hətta bu kəndin sakini olanlar belə indi iş yerinə uzaqdan gəlirlər.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, ANAMA və BAMF-ın təşkil etdiyi "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı Beynəlxalq Forumun rəsmi hissəsi AĞDAM CONFERENCE-də keçirilir.

Müzakirələrdə ANAMA-nın Metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, BMTİP eksperti Don Makdonald, siyasi analitik Hamdi Rifai, Türkiyənin Siyasət, İqtisadiyyat və Araşdırmalar Mərkəzinin (SETA) eksperti Mustafa Caner, “Piyada Əleyhinə Minaların Aşkarlanması İnkişafı” İctimai Birliyinin eksperti İtamar Levy, “Minadan Azad Sarayeva” layihəsinin rəhbəri, “Minaaxtaran itlər” Mərkəzinin direktor müavini Mariya Trlin, Humanitar Yardım Fondunun eksperti Mehmet Altıntaş, Mina Məsləhət qrupunun Azərbaycan üzrə direktoru Joanne La Terriere, UNİCEF-in humanitar minatəmizləmə üzrə eksperti Tetiana Kazanzhy və digər ekspertlər minanın törətdiyi qorxulu fəsadlardan, ondan qorunma və maarifləndirmə yollarından bəhs edirlər. Xarici ekspertlər Ağdamda basdırılan minaların miqyasından dəhşətə gəliblər. Vurğulanır ki, dünya ictimaiyyəti Ağdamda, o cümlədən digər işğaldan azad edilmiş ərazilərdə minadan təmizlənmə işlərinin sürətləndirilməsi və yaşayışın bərpa edilməsi üçün əlindən gələni etməlidir. 


Daha sonra deyilir ki, 1991-ci ildən ötən dövr ərzində Azərbaycanda minalardan zərərçəkənlərin ümumi sayı 3416 nəfər təşkil edir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 340 vətəndaşı mina qurbanı olub. 2022-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 111 mülki şəxs və 164 hərbçi yaralanıb,.

2020-ci ildə 44 günlük müharibədən sonra 338 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. Onlardan 65 nəfəri həlak olub, 275 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9 nəfəri uşaq və gənc, 1 nəfəri isə qadındır.  Bu günə qədər isə mina partlayışı nəticəsində ümumilikdə 600 nəfərdən çox insanımız vaxtsız həlak  olub.

“Biz – dünya ictimaiyyətini, vətəndaş cəmiyyətlərini humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi işinə qlobal miqyasda ictimai dəstək verməyə çağırırıq”.

30 il ərzində düşmən Ağdamı bufer zona kimi saxlayıb, hər qarışında piyada əleyhinə, tank əleyhinə mina basdırıb. Belə edib ki, Azərbaycandan buraya kimsənin ayağı dəyə bilməsin. 

Bu günə qədər nə bir ermənidən, nə də bir beynəlxalq təşkilatdan soruşan olmayıb ki, bu erməniyə əgər Azərbaycan torpaqları lazım idisə, niyə orada mina basdırırdı? Niyə məktəbləri söküb, daşını –divarını İrana satırdı? Niyə torpaqlarımızda taxıl, üzüm əkmək əvəzinə, narkotik plantasiyaları salırdı?  Yer üzünün ikinci Xirosiması olan Ağdamı niyə görməzdən gəlirsiniz?

Bu boyda vəhşilikmi olar? Quzanlıdan sonra Ağdamın qurtaracağına qədər bir dənə də olsun it-pişik, mal-heyvan gözə dəymir. Təbiətə bu qədər zülm edərlərmi?  ATƏT, BMT, Avropa İttifaqı hara baxırsınız?

O minaaxtaran qızlar əziz canlarını təhlükə altına qoyub, torpağın üstündə sürünə-sürünə mina axtarırlar, torpağın bağrına sancılmış yaraları, bombaları təmziləyirlər.  Bizim qızlara mina axtarmaq təlimi keçən avropalılar, amerikalılar əslində bununla fəxr etmənizə dəyməz. Vaxtında bizim haqq səsimizə səs versəydiniz, harayımızı eşitsəydiniz, indi şir ürəkli, cəsarətli xanım qızlarımız  torpağın sinəsindən bomba axtarmazdılar, həyatlarını bu boyda təhlükəyə atmazdıllar. Barı sizin etinasızlığınız  səbəbindən yer üzündən silinmiş Xocalı və Ağdamın bugünkü halını dünyaya öz dilinizdə, öz medianızda çatdırın. Biz özümüz həqiqətimizi göstərsək də, bizə inanmaq istəmirlər. Barı öz gözünüzlə gördüyünüzə inanın. Barı, düşmənin mina xəritələrinin alınmasında bizə kömək edin ki, tapa bildiyimizi tapaq.

Ötən əsrin Böyük Vətən müharibəsində basdırılan minalar hələ bu gün də dənizlərdən,  torpağın altından aşkar edilir. Kim zəmanət verə bilər ki, 5, 10, 20, 50 ildən sonra bizim indi qarış-qarış təmizlədiyimiz torpaqlardan mina çıxmayacaq? Bu yerlərdə mina torpağın ömürlük qorxusudur.

Təhmasib müəllimin Ağdam haqqında məlumatlarından öyrənirəm ki, Ağdam rayonu və kəndlərində 117 məktəb olub. Onun 9-u Ağdam şəhərində imiş... Lakin  o məktəblərin heç daşı-divarı da qalmayıb...  İrana daşıyıblar.

...Geri qayıtmaq vaxtıdır. Şüşə kimi yollarlla geri qayıdırıq... Bakıya...  Bakıdan Xankəndiyə çəkilən dəmir yolu arxamızca baxa-baxa qalır... Yol boyu düşünürəm ki, var olanımız yox oldu. Özümüz və ruhumuz isə heç vaxt yox olmadıq. Bu torpaqların altındakı o qədər açılacaq sirlərimiz var ki...
 

Bu mərdlər, gözəllər yurdunda, inan,
Çox saysız xəzinə gizləmiş zaman.
Belə şux, sevimli gülşən harda var?
Harda var xəzinə saçan bu diyar?
(Nizami Gəncəvi)
 


Bu torpağın altı qədim türk abidələri ilə doludur. Bəlkə o vaxt da bu yerlərdə qələbə qazanan hansısa xaqan haqqında sirlər gizlənir bu yurdlarda? Axı bu yollar tarixi İpək yolunun davamıdır. Mən də “İpək yolu”  Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri olaraq, çalışacam ki, o torpağın altında gizlənən tariximizə işıq tutum. Dünyanın hər yerindən türk irsini araşdıran üləmalar, alimlər, elm adamları ilə bu missiyamızı həyata keçirəcəyik.

Son olaraq, onu bir də xatırladım ki, biz ötən illər ərzində sınmadıq. Vətənimizə, torpağımıza olan sevgimiz bizi yatmağa qoymadı. Çünki özümüzündür. Vətən, torpaq insanın özününkü olanda onu qoruyur, belləyir, şumlayır, toxum əkir, ev tikir, yol çəkir...

İndi biz Qarabağa ƏDALƏT toxumu səpirik! 15 oktyabr 2023-cü ildən etibarən Azərbaycanın  işğaldan azad olan torpaqlarının hamısında o üçrəngli, ay-uduzlu  bayrağımız dalğalanır. Ali Baş Komandan İlham Əliyevin dünyanı mat qoyan sərrast döyüş taktikası nəticəsində  torpaqlarımız azad olunandan sonra, onu qurub-yaratmaq missiyasını götürüb qüdrətli çiyinlərinə! Nizami Gəncəvinin  Bərdənin tərifi şerində belə deyir axı:
 

İndisə yerində bu gözəl yurdun,
Var sel yumuş dərə, qurumuş odun.
Yenə də bol olan o göyərtilər,
Ədalət toxmundan göyərsə əgər,
Yenidən gözəlcə bəslənsə diyar,
Get-gedə yaşıllıq, gözəllik artar.
Padşahın əlinə keçərsə fürsət,
O taxta yenidən verərdi zinət.
 

Tanrı torpaqlarımızı bizə qaytaran şəhidlərimizin məkanını şad etsin, bu torpaqların alınmasında canlarından keçən qazi və hərbçilərimizə isə minnətdarıq!
 

Aida Eyvazlı
7-10 dekabr 2023.
Bakı-Ağdan-Bakı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir