Modern.az

Kamil Vəlinin axırıncı görüşü, SON ARZUSU

Kamil Vəlinin axırıncı görüşü, SON ARZUSU

Reportaj

16 Dekabr 2023, 22:43

Tanınmış türkoloq alim, professor Kamil Vəli Nərimanoğlunun qəfil vəfatı onu tanıyanların hamısını hədsiz dərəcədə sarsıdıb. Ziyalılar bu ölümü Azərbaycan və Türk dünyasının böyük itkisi kimi qiymətləndirirlər.

Kamil Vəli Nərimanoğlunun həyatdan köçməsi dekabrın 16-da sosial şəbəkələrin ən çox tirajlanan xəbərlərindən oldu. Elm adamları, dostları, keçmiş iş yoldaşları, tələbələri, jurnalistlər, vaxtilə onunla ünsiyyətdə olmuş hər bir kəs bu qəfil ölümdən təsirlənərək, Kamil Vəliyə hörmət və ehtiramlarını sözlərlə ifadə etməkdədirlər....

Tələbələrinin sözlərinə görə, Kamil Vəli Nərimanoğlu təkcə universitet auditoriyalarında deyil, hər yerdə müəllim idi. Elm cameəsində, məclislərdə, mərasimlərdə, televiziya və radioda, qəzetlərdə, xəbər portallarında, küçədə, bir sözlə, insanlara mesaj ünvanlaya biləcəyi hər yerdə öyrədici idi.

Hətta onunla ulduzu barışmayanlar, küsülülər belə Kamil Vəlini ləyaqətli insan, savadlı alim, vicdanlı müəllim kimi xarakterizə edirlər.

77 yaşlı professor uzun müddət idi ki, qardaş Türkiyədə yaşayır, İstanbuldakı Aydın Universitetində dərs deyirdi. Ötən həftə bir neçə günlüyə Bakıya gəlmişdi.

Modern.az-ın məlumatına görə, Kamil Vəli sonuncu dəfə Bakını tərk etməzdən əvvəl həmyerlisi, Qarabağ qazisi Vaqif Əlisoyla görüşündə ən böyük arzusunu dilə gətirmiş, doğma Cəbrayıl rayonuna gedib ata evini evini bərpa etmək istədiyini söyləmişdi. Amma ata yurdunu ziyarət etmək ona qismət olmadı...

Qarabağ qazisi, ziyalı Vaqif Əlisoy:

“Bu qəfil xəbərdən hələ də özümə gələ bilmirəm. Gələn həftənin birinci günü Cəbrayıla gedəcəyimiz tarixi dəqiqləşdirməli idik. Kamil müəllim ilk dəfə idi sözünü tutmadı, daha doğrusu buna əcəl imkan vermədi. Bilirsiniz ki, bu yaxınlarda Cəbrayıl rayonunda yaşayış binalarının təməli qoyulub, tikinti-bərpa işlərinə başlanılıb. İnsanların doğma yurda geri qaydışına hazırlıq görülür. Bu xəbər Kamil müəllimi çox sevindirmişdi. Bir ay öncə mənə mesaj yazmışdı ki, doğma Cəbrayılda həm ata evi, həm də öz evi vardı... Qayıdış üçün neyləmək lazımdır, hansı sənədləri toplamağı, hara müraciət etməyi öyrənmək istəyirdi. Məndən xahiş etdi ki, bu məslələrlə maraqlanıb ona məlumat verim... Kim bilirdi ki, alın yazısı belə gətirəcək...”.



Flologiya elmləri doktoru, professor İsmayıl Kazımov:

“Bu günlərdə Türkiyədən Bakıya gəlmişdi. Mənə zəng etdi, görüşdük. Tanınmış yazıçı, tələbə yoldaşım Azad Qaradərəli də gəldi. Xeyli dərdləşdik. Yaradıcılıq planlarımızdan söhbət açdıq. Evə dəvət etdim. Gəldi. Yeni kitablarını da mənə gətirmişdi. İnanmaq olmur, çox sağlam, gümrah görünürdü. Deyirdi, bundan sonra Türkiyədə də, Azərbaycanda da yaşamaq fikri var: bir ay orada, bir ay burada.

Kamil müəllim çox səviyyəli, intellektual insan idi. Qohumcanlı idi. Nəvəmin babası idi. O, düşüncəsini həmişə müsbət məcraya yönəldərdi. Fikirləri çox məzmunlu və təsirli idi. Güzəştə getməyi də bacarırdı.

Son vaxtlar dilçilik düşüncələrimi, yazacağım kitabları onunla bölüşərdim, mənə düzgün məsləhətlər, təkliflər verərdi.

Heyif ki, tez aramızdan getdi. Nə etmək olar. Allah o dünyasını versin. Yeri cənnət olsun.
Kamil müəllim heç vaxt unudulmayacaq. Onun türkoloji dəyərləri, ideyaları tələbələrinin, doktorantlarının, yetirdiyi kadrların inkişafında mühüm rol oynayacaq”.



Filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə:

“Çox sarsıldım, çünki bütün Türk dünyasının görkəmli bir oğlu bizləri əbədi tərk etdi. Kamil Vəli Nərimanoğlunun ölümü çox gözlənilməz oldu, çünki bir həftə bundan öncə dostlarıyla, tələbələrlə görüşlər keçirmişdi və onda sağlam görünürdü.

Biz Bakı Dövlət Universitetinin 1-ci kursunu bitirəndə (1970) Kamil müəllim aspiranturaya girmiş və sonralar bizdə bəzən seminarlar da aparmağa başlamışdı. Biz 1974-də universiteti qurtaranda o, 5 il bizimlə bir qrupda oxumuş Fatma xanımla ailə qurdu, buna görə də həmişə zarafatla deyirdi ki, sizin yeznənizəm.

Doğrudur, ailələrimiz arasında heç vaxt heç bir münasibət olmayıb, ancaq şəxsən özümüzü rəhmətlik Əbülfəz Elçibəyə sevgi birləşdirirdi. AXC iqtidarı dönəmində o, Baş nazirin müavini vəzifəsində çalışmışdı.

Kamil Vəli Nərimanoğlunun fəaliyyətində siyasətçilik mərhələsini nəzərə almasaq, gözlərimiz önündə düşüncələri və əməlləriylə bütün Türk dünyasına işıq saçan nəhəng bir düşüncə və əməl adamı, böyük bir alim canlanır. Kamil müəllim Türk millətinin Məcnunu, iliyinə-sümüyünədək millətçi biriydi. Hansı ölkədə, hansı universitetdə dərs deməsindən, çalışmasından asılı olmayaraq bütün güc və enerjisini, düşüncəsini dünya türklərinin birliyinə, maariflənməsinə və inkişafına sərf edirdi, buna görə də, yanılmıramsa, bir neçə dəfə "Türklüyə xidmət" mükafatı almışdı və bu mükafatları almağa qatbaqat haqq edirdi. Əminəm ki, onun dünya türklüyünə xidmətləri incələnərək ən yaxın zamanlarda qalın-qalın kitablarda öz əksini tapacaq”.

Tarix elmləri doktoru, professor Cəmil Həsənli:
 

“Heç inanmağım gəlmir. Haradasa iki həftə əvvəl Bakıya gəlmişdi. Qonşu oluruq. Ətrafdakı kafe və çay yerlərində bir neçə dəfə görüşüb saatlarca söhbət etmişdik, keçmiş illəri xatırlamışdıq. Dedi yollar açılsın bir Dərbəndə gedək. Orada türk mədəniyyəti ilə bağlı çoxlu tarixi yerlər var. Amma qismət olmadı, heç yollar da açılmadı. Sən demə Vətənlə, dostlarla vidalaşmağa gəlibmiş. Son yazılarında tez-tez ölümdən, ayrılıqdan yazırdı. Bu da qəfil ölüm, əbədi ayrılıq... Azərbaycan böyük bir ziyalını, böyük bir alimi, nəhəng bir dilçini, təkrarsız filoloqu, tanınmış ictimai-siyasi xadimi itirdi...".



Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Etibar Talıblı:

“Adamın inanmağı gəlmir... Heç bir həftə deyil görüşdüyümüz...

Ötən şənbə günü Kamil müəllimin keçmiş tələbələri olaraq ustadın vətənə gəlişini fürsət bulub onunla görüşdük...

Demə, bizim görüş vida görüşü imiş...

Mistik bir hisslə o görüşdən o söhbətdən ayrıla bilmirdik, onu dinləməkdən sanki doymurduq...

Günortadan axşamacan vaxt necə ötdü, bilmədik...

O görüşdə dilə gətirməsəm də, yenə mistik bir duyğu ilə Səməd Vurğunun 1955-ci ildə Azərbaycanın rayonlarına, kəndlərinə - Qazax, Kəlbəcər və digər yerlərinə səfərini xatırladım. Vida səfərini... Bu şairin bölgələrə son səfəri, son gedişi idi... Xatirələrə görə, şair o səfərdə çox gümrah və nikbin görünürmüş... eynən Kamil müəllim kimi...

Demə, Kamil müəllim Vətənə səfərə deyil, onunla qovuşmağa gəlibmiş...

İnsanda nə qədər Vətən sevgisi, onun bu günü və sabahı ilə bağlı nə qədər narahatllıq vardı...

Kamil Vəli Nərimanoğlu əsl Vətən övladı və o Vətənin böyük ziyalısı idi...

Böyük itkidir... Azərbaycan filologiyası, dilçilik elmi, ümumən türkoloji elm aləmi və Türk dünyası böyük alimini və türk vətənpərvər ziyalısını itirdi...

Allah rəhmət və axirətin xeyir eləsin”.

Bakı Dövlət Universitetinin dosenti, folologiya üzrə fəlsəfə dostiru Məti Osmanoğlu:

“Bu xəbəri yazmaq, təsəlli diləmək çox çətin gəlir. Görkəmli alimimiz, qədim dostum Kamil Vəli Nərimanoğlu bir həftə əvvəl onun işini davam etdirən müəllimlərlə görüşmək istədiyini bildirmiş, bizi başına yığmışdı. Filologiyamız, təhsilimiz, həyatımız haqqında fikir bölüşmüşdük. Çox səmimi alınan görüşümüzün sonunda bizim tələbə yoldaşımız, özünün tələbəsi və həmkarı Əliheydərin qırx mərasimində görüşəcəyimizi vəd etmişdi...

Özünün vida mərasimində görüşməli olduq”.

Ə.Qafarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir