Modern.az

Bir Əzizağa Kazımov vardı

Bir Əzizağa Kazımov vardı

20 Dekabr 2023, 17:00

İstintaqçılar indi də onu müəllimləri kimi xatırlayırlar

İnsan xatirəyə çevriləndə, sözə dönəndə unudulmur. Yoxluğu ölümündən sonra belə hiss olunmur. Bu, o kəslərə aiddir ki, özündən sonra xeyirxah əməlləri onu yaşadır, ölməzlik qazandırır.

Bir zamanlar özü olmayan yerdə belə adı çəkiləndə bircə sözlə ifadə edərdilər: Əzizağa Kazımov dürüst, vicdanlı adamdır, köhnə kişilərdəndir.

O seçdiyi peşənin ağırlığını və məsuliyyətini yaxşı bilirdi. Bilirdi ki, o insan taleyini incələyir və  onun qəbul etdiyi qərardan çox şey asılıdır.  

Xatirələr danışır

“Əzizağa müəllim elə ustalıqla şübhəli şəxsdən söz çəkirdi ki, kənardan baxan elə bilirdi ki, iki dost bir-birilə mehribancasına söhbət edir. Bu xüsusiyyətlər onda fitrətən idi. Savadı, təcrübəsi çox gizlinlərin üstündən pərdələri qaldırmağa imkan verirdi. Onun hər hansı hadisəni törədən şəxslə bağlı əvvəlcədən, yəni istintaqdan öncə dediyi fikirləri araşdırmalardan sonra öz təsdiqini tapırdı. Peşəkarlığı ilə səbri bir-birini tamamlayırdı. Əzizağa müəllim xidmətdə olmanın son yaş  həddinə görə 1994-cü ildə təqaüdə çıxdı. Lakin bir müddət sonra peşəkarlığını nəzərə alan rəhbərlik istisna hal kimi ona etimad göstərdi. Həmin ərəfələrdə Əzizağa müəllimə bir neçə cilddən ibarət böyük bir cinayət işinin istintaqını aparmağı həvalə etdilər. O istintaqı elə səriştə ilə və məharətlə apardı ki, bu, həm respublika prokurorluğunun, həm Daxili İşlər Nazirliyinin, həm də digər inzibati orqanların diqqətini cəlb etdi. Elə bu istintaq işini uğurla başa vurduğuna görə Əzizağa müəllimə təşəkkürlər edildi, mükafatlar verildi. Onun özünəməxsus dəsti-xətti var idi. Bütün işlər Əzizağa müəllimin mizan-tərəzisindən keçirdi. Hər bir işə ədalətlə yanaşdığı üçün işində nöqsan olmurdu, çünki Əzizağa müəllim hər bir fakta öz canını qoyurdu”.

Bu fikirlər uzun illər Əzizağa Kazımovla birlikdə xidmət etmiş və bu gün təqaüddə olan Bakı şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, polis polkovnik-leytenantı Emin Məmmədovun xatirələrində yer alır.

Tanıyanlar deyir ki, Əzizağa müəllimin çox qəribə xasiyyəti vardı. Yaxşı gündə heç vaxt ortada görünməzdi. Özünün də dediyi kimi “İnsana kömək dar gündə lazımdır”. Sanki dar günün dostu ifadəsi onun boyuna biçilmişdi. Xeyirxahlıq onun alın yazısıydı…

Bir müstəntiq kimi obyektivliyi ilə hər zaman seçilib, sayılıb. Qanuna hörməti işinə, peşəsinə, tutduğu vəzifəyə hörmət etməklə ictimaiyyət arasında qazandırmışdı. Şübhələndiyi hər bir dəlili tam, hərtərəfli yoxlamadan və topladığın sübutlar onda təkzibolunmaz daxili inam yaratmadan qərar qəbul etmirdi.

Təkcə doğulub boya-başa çatdığı Çayrud kəndində, Lerikdə deyil, Azərbaycanda xeyirxahlığı ilə ad-san qazanıb Əzizağa Kazımov. Gəncləri oxumağa, təhsilə həvəsləndirib. Ucqar dağ kəndindən onun təkidi ilə neçə-neçə gənc yolunu Bakıdan salıb təhsil almaq üçün. Çoxları da onun yolunun davamçısı olub.


Onu yaxından tanıyaq

Əzizağa Aşur oğlu Kazımov 1943-cü ildə Lənkəranda doğulub. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Lənkəranda və Şirvan şəhərlərində fəhlə işləyib. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıya gəlib, daxili işlər orqanlarına xidmətə qəbul olunub. Hüquqşünas olmaq arzusu ilə gecəli-gündüzlü oxuyub, mütaliə edib. Bakı Dövlət Universitetinin Hüquq fakutəsinə qəbul olunanların sırasında adını görəndə sevincinin həddi-hüdudu olmayıb. Bu, təkcə Əzizağanın deyil, Kazımovlar nəslinin uğuru idi.  Nəslin ilk hüquqşunası olmaqla, o, özündən sonra gələnlər üçün əsl mayak rolunu oynadı. Bu gün asayişin keşiyində duran Kazımovlar el arasında hüquqşunaslar  nəsli kimi də ad çıxarıb.

Universiteti əla qiymətlərlə başa vuran Əzizağa Kazımov bir müddət sonra Səbail rayonuna müstəntiq təyin edilir. Təcrübəli müstəntiqlərdən istintaqın sirlərini öyrənir, insanlarla ünsiyyətqurma bacarığını daha da təkmilləşdirir, bir sözlə, böyük həyat təcrübəsi qazanır. Bakı şəhərində törədilən cinayətlərin açılmasında cani-dildən çalışır. Əzizağa Kazımovun bu sahədə qazandığı nailiyyətlər DİN rəhbərliyinin, polisə nəzarət edən orqanların diqqətini cəlb edir. O, Bakının ən böyük rayonlarından birinə-Yasamala  müstəntiq təyin edilir.

Təmiz əl, soyuq beyinlə apardığı cinayət işlərinin istintaqını məsuliyyətlə və vicdanla vaxtında başa çatdıran Əzizağa Kazımovun təcrübəsindən gənc müstəntiqlər həvəslə bəhrələniblər. Bu gün onlardan bir çoxu DİN-də yüksək vəzifələrdə Vətənə, dövlətə xidmət edirlər.

Ötən əsrin 90-cı illərində Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə müstəntiq təyin edilən Ə.Kazımov burada daha böyük cinayət işlərinin açılmasına, xüsusən də dövlət çevrilişinə cəhddə ittiham olunan Faiq Baxşəliyevin və onun əlaltılarının cinayət məsliyyətinə cəlb edilməsi məqsədilə yaradılmış istintaqın işinə töhfələrini verib. Ulu öndərin şəxsi nəzarətində olan cinayət işinin istintaqı başa çatdıqdan sonra cinayətkarlar öz layiqli cəzalarını alıblar.

Mahir istintaqçı

Müstəntiq Əzizağa Kazımov xüsusən oğurluq və quldurluq cinayətlərinin açılmasında mahir istintaqçı idi. Təkcə bunu demək yerinə düşər ki, 1979-1980-ci illərdə Yasamal rayonunda mənzillər quldurluq yolu ilə qarət edilir, talanırdı.  Törədilmiş bu cinayət əməllərinin istintaqını aparmaq gənc olsa da təcrübəli, peşəkar müstəntiq kimi ona həvalə olunur. O, törədilmiş cinayətlərin biri-birinə oxşar olmasını, bütün bu quldurluq hadisələrinin eyni qrup tərəfindən törədilməsini müəyyənləşdirir. Nəhayət, respublikanın səlahiyyətli orqanlarında çalışan bir çox harın adamların övladları-12 nəfərdən ibarət cinayətkar dəstə ifşa olunur. Gənc müstəntiq təqib olunur, hətta onu şərləməyə də çalışırlar. Bu hadisə ulu öndərin də diqqətini cəlb edir və həmin cinayət işini nəzarətinə götürür. İstintaq bitdikdən sonra günahkarlar cəzasını alır və Əzizağa Kazımova vaxtından əvvəl “Milis kapitanı” xüsusi rütbəsi verilir. 

Vətənə və vətəndaşa xidmət

Əzizağa Kazımov deyirdi ki, hər kəs gücü çatdığı qədər Vətənə, xalqa xeyir verirsə, o, əsl vətəndaşdır. Gənc polis əməkdaşlarına xidmətdə dürüst olmağı, öz üzərlərində işləməyə və səbrli olmağı tövsiyə edərdi. O, uzun və səmərəli fəaliyyətinə görə “Milis əlaçısı”, “Qüsursuz xidmətə görə” döş nişanları, DİN-in “Fəxri fərmanları” ilə təltif olunmuşdu.

Bu gün dekabrın 20-də mərhum polis mayoru Əzizağa Kazımovun 80 yaşı tamam olur. Özü olmasa da tanıyanlar, bilənlər ocağını yandıranları tək qoymayıb, xatirəsinin, adının işığına yığışıblar. Allah rəhmət eləsin.
 

Tünzalə İsmayılova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir