Modern.az

Nuh peyğəmbərin yurduna səyahət: sirli mağara, əzəmətli Haçadağ… - REPORTAJ

Nuh peyğəmbərin yurduna səyahət: sirli mağara, əzəmətli Haçadağ… - REPORTAJ

Reportaj

29 Dekabr 2023, 14:00

Naxçıvana iki günlük səfərdə iştirak etmək təklifi alanda tərəddüd etmədən razılaşdım, çünki indiyədək Muxtar Respublikada olmamışdım. Əlbəttə, bu səfər zamanı Əlincə qalası, “Əshabi-kəhf” mağarası, Hüseyn Cavid məqbərəsi, Mömünə Xatun türbəsi, Qədim Duzdağ mədəni, Xan sarayı, Bəhruz Kəngərli muzeyi, Batabat yaylası, Qarabağlar türbəsi və digər məşhur yerlərin hamısına gedib gözüdolu gəzmək imkanı olmayacaqdı... Amma gedəcəyimiz yerlərin siyahısında ən azı “Əshabi-kəhf” mağarası, Hüseyn Cavid məqbərəsi, Mömünə Xatun türbəsi, Xan sarayının adları vardı və elə bu, bəs edirdi ki, belə bir fürsəti qaçırmayım...

Naxçıvan təkrarsız abidələr, əsrarəngiz və əzəmətli dağlar diyarıdır. Muxtar Respublikanın az qala hər qarışı tarix qoxuyur. Naxçıvanda Nuh peyğəmbərlə bağlı çoxlu toponimlər var. Əfsanəyə görə, dünyanın üzünü su alanda Nuhun gəmisi məhz burada quruya çıxıb. "Naxçıvan" adı da bu əfsanədən yaranıb: "Nuh çıxan" – “Nuhun quruya çıxdığı yer”. Elə yazımın başlığını da “Nuh peyğəmbərin yurduna səyahət” adlandırmağım bununla bağlıdır.

Naxçıvan bizi çox mülayim qarşıladı

Muxtar Respublikaya səfərimizin təşkilatçısı Dövlət Turizm Agentliyi idi. “Heydər Əliyevin izi ilə” adlanan mediatur görkəmli dövlət xadiminin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlər çərçivəsində gerçəkləşirdi.

Səfərdən bir gün öncə təşkilatçılar mediatura qoşulan jurnalistlərə xəbərdarlıq etmişdilər ki, Naxçıvandakı soyuq hava şəraitilə əlaqədar özümüzlə qalın və isti paltar götürək. Naxçıvanın sərt iqlimi barədə az-çox məlumatlı olan jurnalistlər bu xəbərdarlığı qulaqardına vura bilməzdilər... Adətən dekabrın sonları Naxçıvanda qar, şaxta, sazaqla müşayiət olunduğundan demək olar ki, hamı yola ehtiyatlı çıxmışdı...

Ancaq sübh tezdən Naxçıvan Beynəlxalq Hava Limanına enən təyyarəni tərk edəndə çox təəccübləndik... Dörd tərəfdən uca dağlarla əhatə olunmuş Muxtar Respublikada hava çox mülayim, göyün üzü isə aydın idi... Doğrudur, uzaqdan görünən nəhəng dağların başı qarla örtülüydü, amma şaxtadan-sazaqdan əsər-əlamət yox idi. Bir azdan Günəşin çıxacağı da şübhə doğurmurdu... Bu, qalın paltarları özünə əlavə yük edən jurnalistlərin kefini xeyli yaxşılaşdırdı... İçində bəlkə də ən çox sevinən isə yəqin ki, soyuq hava şəraiti ilə heç arası olmayan mən idim...

Vasif Talıbova qalmayan Ali Məclis...

Səfərimiz mediaturun proqramına uyğun olaraq ümumilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət etməklə başladı. Muzeydə həm Heydər Əliyevin uşaqlıq illərinə, həm də 1990-cı illərdə Naxçıvanda çalışdığı dövrə aid bir sıra qiymətli eksponatlar nümayiş olunur.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasına yollandıq. İşə bir bax, Ali Məclisin keçmiş sədri Vasif Talıbovun qılıncının dalı da, qabağı da kəsən vaxtlarda bu binanın qarşısında heç quş da səkə bilməzdi, o ki qala 30-dan çox jurnalistin ora getməyi... Necə deyərlər, dünya Süleymana qalmadığı kimi, Ali Məclis də Vasif Talıbova qalmadı...


Bizi Ali Məclisdə Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qarşıladı. Onun media nümayəndələrilə qısa görüşü çox maraqlı keçdi. Fuad Nəcəfli çıxışını demək olar ki, tənqidi notlar üzərində qurdu, Muxtar Respublikanın keçmiş rəhbərliyinin yarıtmaz kadr siyasətindən danışdı, Naxçıvanın çoxsaylı problemlərindən bəhs etdi, dövlət başçısının buradakı vəziyyəti düzəltmək üçün verdiyi tapşırıqları xatırlatdı, qarşıda duran vəzifələri, görüləcək işləri sadaladı.

Yeri gəlmişkən, Fuad Nəcəfli ilə görüşümüz onun bu vəzifəyə təyinat almasının düz 1 illiyinə təsadüf etdirdi. Prezident səlahiyyətli nümayəndəni Naxçıvana 2022-ci il dekabrın 22-də göndərmişdi.

“Bir ildir ki, Naxçıvanda səlahiyyətli nümayəndə institutu formalaşıb. İşə başlayanda xoşa gəlməyən hallarla rastlaşdıq. Ən çətini isə yerli kadrların idarəetmə səviyyəsində olmaması idi. Onların bəziləri ya bilərəkdən, ya da təcrübəsizlikdən işlərini tamamilə yanlış metodlarla aparırdılar. Heç bir şəkildə də güzəştə getmək istəmirdilər. Onlara çağırış etdik, dedik ki, əgər yeni metod və yeni üsullarla işləməyə hazırdırlarsa, biz birlikdə işləyəcəyik. Çox təəssüf ki, bu çağırışa məhəl qoymayanlar oldu”, - deyə Prezidentin səlahiyyətli nümayəndəsi köhnə rəhbərliyin işini düzgün qura bilməyən səriştəsiz kadrlarının tədricən tutduqları vəzifələrdən kənarlaşdırıldığını bildirdi.

Fuad Nəcəfli Prezidentin Naxçıvanla bağlı xüsusi tapşırıqlar verdiyini və var gücü ilə onların icra olunmasına çalışdığını vurğuladı.

O, Naxçıvanın Azad İqtisadi Zonaya çevrilməsi prosesinin başlandığını qeyd etdi. Bildirdi ki, bunun üçün Naxçıvanda xüsusi iqtisadi rejim tətbiq ediləcək, investorlara güzəştlər veriləcək.

Səlahiyyətli nümayəndə xatırlatdı ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” 11 prioritet sahəni əhatə edir. Gələn ildən Dövlət Proqramına daxil olan layihələrin icrasına başlanılacaq.

F.Nəcəfli bu gün Naxçıvan Muxtar Respublikasının ən ciddi problemlərindən birinin su qıtlığı olduğunu söylədi və onun həlli istiqamətində işlər görüləcəyini vurğuladı. 

Cavid fəlsəfəsi, Kəngərli novatorluğu, Möminə Xatun əzəməti...

Səfər proqramımıza Naxçıvandakı bir sira abidələri ziyarət etmək daxil idi.

Öncə Naxçıvan Dövlət Milli Dram Teatrında “Ulu öndər Heydər Əliyevin izi ilə” adlı yeni turizm marşrutu təqdim edildi. Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov yeni turizm marşrutu barədə məlumat verdilər, onun turizmin inkişafına hansı töhfələr verə biləcəyindən bəhs etdilər.

Daha sonra

"Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü"

- misralarının müəllifi, Azərbaycanın görkəmli şairi Hüseyn Cavidin məqbərəsinə baş çəkdik.



Azərbaycan ədəbiyyatında silinməz iz qoymuş dramaturqun məzarını böyük hörmət və ehtiramla yad etdik.
“Heydər Əliyevin izi ilə” mediaturunda növbəti dayanacaq yeri kimi Hüseyn Cavid məqbərəsinin seçilməsi təsadüfi deyildi. Cavidin nəşi 1982-ci ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən Azərbaycana gətirilərək, Naxçıvanda dəfn edilib. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavidin qalıqlarının vətənə gətirilməsi 41 il öncə atılan cəsarətli bir addımın məntiqi nəticəsi kimi böyük ictimai-siyasi hadisə olmuşdu.

Baş çəkdiyimiz növbəti ünvan Naxçıvanın mərkəzindəki Bəhruz Kəngərli Muzeyi oldu. Muzey binası Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikum olub.
İndi burada Azərbaycan rəngkarlıq sənətində realist əsərləri ilə novatorluğa yol açmış Bəhruz Kəngərlinin əsərləri nümayiş olunur. Cəmi 30 il ömür sürmüş rəssamın əsərlərində təbiət, tarixi abidələr, vətənpərvərlik mövzusu qırmızı xətlə keçir. Muzeydə həm rəssamın əlindən çıxmış yüksək bədii sənətkarlıq nümunələrinə baxdıq, həm də buradakı “Heydər Əliyev xatirə otağı”nın zəngin eksponatları ilə tanış olduq.
 
“Xan sarayı” Dövlət-Tarix Memarlıq Muzeyilə tanışlıq da Naxçıvana gedən jurnalistlərin marağına səbəb oldu. Saray 1780-ci illərdə Naxçıvan xanı Kalbalı xan Kəngərli tərəfindən tikilib. Şərq memarlığı üslubunda inşa edilmiş bu abidə orta əsr Naxçıvan xanlarının yaşayış evi, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı olub. Muzeyin eksponatları içərisində Naxçıvan xanlığının döyüş və dövlət bayrağı, xəritəsi, arxiv sənədləri, Naxçıvan xanlarının şəcərəsi, xanlığın tarixi və atributları ilə bağlı nəşr olunan kitablar da mövcuddur.


Mömünə Xatun türbəsi
təkcə Naxçıvanın deyil, həm də Azərbaycanın tarix-memarlıq abidələri sırasında bir incidir. 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbə Şərqin ən unikal tikililərindəndir. Abidə özündə orta əsrlər şəhərinin əzəmətini əks etdirir.
Naxçıvandakı "Əcəmi seyrəngahı"nda yerləşən abidənin üzərindəki kitabəyə görə, türbə Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin təşəbbüsü ilə vəfat etmiş arvadı Möminə Xatının xatirəsinə tikilib. Tikintini Şəmsəddin Eldəniz başladıb, amma vəfat etdiyinə görə bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlayıb.
Möminə xatun türbəsi Naxçıvana gələn bütün turistlərin baş çəkdiyi mükəmməl sənət nümunəsidir. İddialara görə, türbənin sərdabəsində Möminə Xatunla yanaşı, Atabəy Şəmsəddin Eldəniz və onların oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunub. Türbənin hən daxili, həm də xarici divarlarında “Qurani-Kərim”dən ayələr həkk edilib. “Möminə Xatun”u yaxından görmək bizə də qismət oldu.

Yeri gəlmişkən, ziyarət etdiyimiz məkanlarda jurnalistləri müşayiət edən Naxçıvanın turizm ekspertləri Natiq Paşayev, Əli Cabbarov və Mehman Şabanovun adını çəkməmək insafdan olmaz. Getdiyimiz hər bir məkan, oranın tarixi haqqında dolğun məlumat verən, bilik və təcrübələrini ortaya qoyan bu şəxslər peşəkar turizm bələdçiliyi nümayiş etdirirdilər.

“Əshabi-Kəhf” mağarasının sehrli aurası...

Naxçıvanda gəzməli-görməli yerlər çoxdur. Haqqında rəvayətlər dolaşan “Əshabi-Kəhf” mağarasını - Dini-Mədəni Abidə Kompleksini ziyarət etmək mediaturumuzun kulminasiyası idi desəm, yəqin ki yanılmaram. “Əshabi-Kəhf” mağarası kimisi üçün müqəddəs ziyarətgah – inanc yeri, kimisi üçün isə maraqlı təbiət abidəsidir. Ona görə də bu qeyri-adi məkanı ziyarət edənlər arasında zəvvarlarla yanaşı, həm də turistlər, Naxçıvana gələn qonaqlar da olur.


“Əshabi-Kəhf”i ziyarət etmək mənim üçün hər baxımdan maraqlı idi...
Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış məşhur hadisənin dünyanın 4  yerində, o cümlədən Azərbaycanda baş verdiyi ehtimal edilir.

Bu mağara qədim insanların həm müqəddəs sitayiş yeri olub, həm də sığınacağı...
“Əshabi-Kəhf”də ecazkar mənzərə, qəribə və həm də sirli bir aura var. Mağaranın mistik abu-havası, təbii gözəlliyi adamın ruhunu dincəldir. Yəqin ki, bunu “Əshabi-Kəhf”i ziyarət edənlərin hər biri təsdiqləyər.

Qayalığın başında yerləşən mağaraya aparan pilləkənləri qalxmaq ilk baxışdan insana yorucu gəlir. Amma mağaraya qalxmaq inadı, oradakı təbii gözəlliyə tamaşa etmək istəyi bu yolu qət etməyi xeyli asanlaşdırır. Nəhayət çoxdandır görmək istədiyim dəniz səviyyəsindən 1666 metr hündürlükdə yerləşən "Əshabi-kəhf"ə qalxmaq mənə də qismət oldu.

Bələdçilərimiz dedilər ki, mağaraya hər gün yüzlərlə insan ziyarətə gəlir, qurbanlar kəsir, nəzir verirlər. İlin hansı dövrü olursa olsun, bura zəvvarsız qalmır, hətta əcnəbi turistlərə də tez-tez rast gəlinir. 


“Əshabi-Kəhf”ə gələn zəvvarlar üçün "Qara daş”ı və damcı düşən yeri ziyarət etmək əsas məqamlardan hesab olunur. Qəlbində müxtəlif arzu-niyyət tutan ziyarətçilər “Əshabi-Kəhf” mağarasında səbrlə əsas ayini icra edir - əyləşib tavandan üstlərinə damcı düşməsini gözləyirlər. Onların üstünə damcı düşə də bilər, düşməyə də. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez hasil olacağı anlamına gəlir.
“Əshabi-Kəhf”də dilək ağacı, dar keçid – deşikli qaya kimi inanc yerləri də var. Dilək ağacına parçalar bağlanır, deşikli qayadan üç dəfə keçirlər.

Bu ziyarətgah ona inanıb gələnlər üçün mənəvi təmizlənmə yeridir. “Əshabi-Kəhf”i tərk edəndən sonra uzun müddət onun sirli təsirindən, oradakı ecazkar mənzərənin doğurduğu sonsuz heyranlıq hissindən ayrıla bilmirsən.

Azərbaycanın incisi - Ordubad

Mediaturumuzun sonuncu ünvanı Ordubad oldu - Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı şəhər...
Bizi müşayiət edən bələdçilər yolboyu Ordubad bağlarının, şəlalələrinin, dağ göllərinin təkrarsız gözəlliyindən dönə-dönə bəhs etdilər. Təəssüf ki, bu səfərimizdə həmin gözəllikləri əyani görmək fürsətimiz yox idi.
Ordubad füsunkar təbiəti, zəngin adət-ənənələriylə seçilir. Ordubad camaatının zarafatla “biz naxçıvanlı dəyilik” sözü də lap çoxdan dillərə düşüb. Bu ifadə ordubadlıları ləhcəsinə, adət-ənənələrinə görə Naxçıvanın digər bölgələrinin əhalisindən fərqləndirdiyinə görə ortaya çıxıb.


Qədim tikililərlə zəngin olan Ordubad şəhərində çoxlu köhnə məhəllələr var. Bu məhəllələrin hər birinin öz qapısı, məscidi, çinar ağacı, meydanı və kəhrizi var. Bələdçilərin müşayiətilə belə məhəllələrdən bir neçəsinə baş çəkdik.
 
Ordubad əriyi, qaxı, cəvizi (qozu), limonu ilə də məşhur bölgədir. Ordubada gəlişimiz günün 2-ci yarısına təsadüf etdiyindən bazara baş çəkib təbii nemətlərin satışını görə bilmədik.

Ordubadda xeyli məscid var... və onların minarəsi yoxdur. Məscidlərin minarəsiz tikilməsi Ordubadın maili relyefdə yerləşməsilə bağlıdır. Köhnə zamanlarda müəzzinlər məscidin damına çıxıb azan oxuyanda onların səsi ibadətgahdan üzüaşağı yerləşən məhəllələrə yayılırmış.

Şəhərdə olarkən Cümə məscidinə, Qeysəriyyə muzeyinə də baş çəkdik.

Ordubad zəngin mətbəxilə də seçilən bölgədir. Şəhərdə olan mediatur iştirakçıları milli yeməkxanada nahar etdi, Ordubad mətbəxinin bəzi təamlarına, o cümlədən ətli maş şorbasına, Naxçıvan sucuğu ilə çaya qonaq edildi. Məşhur Ordubad qayğanağının dadına isə baxa bilmədik, amma haqqında məlumat əldə etdik. Bilməyənlər də öyrəndi ki, Ordubad qayğanağı bol kərə yağında qızardılmış yumurta və baldan hazırlanmış şirənin qarışığı ilə bişirilir.

Naxçıvanın rəmzi – Haçadağ


Naxçıvandan yazarkən Muxtar Respublikanın rəmzi olan Haçadağdan də mütləq bəhs etməlisən. Haqqında əfsanələr dolaşan Haçadağ məğrur və əzəmətli görünüşü ilə Naxçıvan təbiətinə xüsusi yaraşıq verir. Haçadağ Tanrının Naxçıvana bəxş etdiyi bir möcüzədir. Ona tamaşa etdikcə, gözəlliyinə heyrətlənməmək olmur.
Əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi Ağrı dağına yola düşərkən Haçadağın zirvəsinə elə güclü toxunub ki, dağ haçalanıb və iki hissəyə bölünüb.
Deyilənə görə, dağın zirvəsinə qalxa bilən insanlar oradan açılan mənzərələrdən hədsiz zövq alır ki, bunu da sözlə təsvir etmək çətindir.

Köhnə qadağalar götürülür

Muxtar Respublikanın paytaxtında Bakıdakı kimi nəqliyyat tıxacları yaşanmır. Naxçıvan çox sakit və səliqəli  şəhər təsiri bağışladı. Şəhərin küçə və meydanları təmizliyilə diqqət çəkir. Burada yerə zibil atanları cəzalandırır - cərimələyirlər.
Naxçıvanda Ali Məclisin keçmiş sədri Vasif Talıbovun qoyduğu bəzi qadağalar artıq ləğv olunub. Məsələn, çayxanalarda yığışıb çay içmək, orada nərd-domino oynamaq, Naxçıvan nömrəsi olmayan avtomobil sürmək, yuyulmuş paltarları eyvandan asmaq və digər yasaqlar artıq götürülüb.

Naxçıvan sakinlərinin təklifi və arzusu


Səfərimizin sonunda Naxçıvan sakinlərilə həmsöhbət olmaq imkanı yarandı. Hazırda Naxçıvan sakinlərinin Bakıya gəlmək üçün iki yolu var: ya AZAL-ın təyyarəsinə minməlidirlər, ya da İrandan keçən Bakı-Naxçıvan-Bakı reysinin avtobuslarına.
Naxçıvan sakinləri bildirdilər ki, təyyarə biletinin 60 manata satılması onsuz da maddi durumları o qədər də yaxşı olmayan bölgə əhalisini dilxor edib.

“Bakıda çoxları elə bilir ki, naxçıvanlılar yağ-bal içində yaşayır. Amma bu heç də belə deyil”, - dedilər.

Bileti 30 manata satılan Bakı-Naxçıvan-Bakı avtobus reysi ilə hərkət etmək də hamının ürəyincə olmur. Həm vaxtda uduzursan, həm yol yorğunu olursan, həm də İran gömrükçüləri tərəfindən incidilir, saatlarla sərhəd-buraxılış məntəqəsində gecikdirilirsən.

Naxçıvan sakinləri təklif edirlər ki: AZAL biletləri heç olmasa Muxtar Respublikanın qeydiyyatında olanlar üçün ucuzlaşdırsın!
Təklifə baxılacaq, ya yox, buna AZAL rəsmiləri qərar verəcək.

İndi naxçıvanlıların bir arzusu var: tezliklə Zəngəzur dəhlizi açılsın, Bakıya şəxsi avtomobil və qatarla maneəsiz hərəkət edə bilsinlər...

Beləcə, Naxçıvana ikigünlük səfərimiz yekunlaşdı... Bu dəfə möcüzəvi Duzdağa, füsunkar Batabata, möhtəşəm Əlincə qalasına gedə bilmədik. Qalsın gələn səfərə...


Əfqan Qafarlı
Bakı-Naxçıvan-Bakı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir