Modern.az

Sahibsiz itlərlə nə edək: sevək, yoxsa öldürək? - İki fərqli RƏY

Sahibsiz itlərlə nə edək: sevək, yoxsa öldürək? - İki fərqli RƏY

Reportaj

5 Mart 2024, 12:04

Martın 3-də Qaradağ rayonundakı məcburi köçkünlərin yaşadığı “Qobu Park-3” yaşayış kompleksində sahibsiz itlər 2014-cü il təvəllüdlü azyaşlı oğlana hücum edərək onu parçalayıblar. Nəticədə uşaq çoxsaylı xəsarətlərlə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

10 yaşlı uşağın dostları ilə oynayarkən birdən-birə 3 itin hücumuna məruz qalması və həm də çox ağır xəsarətlər alması “Qobu Park-3”də yaşayan bütün valideynləri vahiməyə salıb. Hər kəs övladının oxşar hadisəyə tuş gələ biləcəyindən qorxur.

Olay sosial şəbəkələrdə də geniş əks-səda doğurub və xeyli müzakirə açılıb. Müzakirələrə qoşulanlar fakta müxtəlif tərəflərdən yanaşırlar. Kimi sahibsiz itlərin vaxt itirilmədən məhv edilməsinin vacibliyini bildirir, kimi də onları qoruyaraq heyvanlar üçün sığınacaqlara yerləşdirilməsini təklif edir.

Modern.az-ın məlumatına görə, tanınmış hüquqşünas İlqar Altay bildirib ki, oxşar hadisə onun ailəsinin də başına gəlib:

“Qubuda itlər uşağı parçalayıb. Niyə parçalayıb? Çünki itlər yırtıcı cisindəndir və bilmək olmur ki, nə zaman və harada kimi parçalayacaqlar. Onlaın qanında-canında yırtıcılıq var, nə inzibati, nə cinayət məsuliyyəti anlayır, nə də cəza başa düşür.

Dünyada bu yırtıcı tipli itlərin ən tərbiyəli şəraitdə belə saxlananları qəflətən qızışaraq qadın, uşaq, qoca ya da qeyri-yırtıcı sakit cinsli itləri, pişikləri parçalayırlar. Statistik rəqəmlər aşırıdır.

Və bu cür vəhşi təbiətli yırtıcı xüsusiyyətli itlər niyə sivil insan məskəni mühitində olsunlar ki? Sonra da baxılmayıb çöllərə buraxılanda daha da vəhşiləşir, insanlara, digər ev heyvanlarına ölüm, xəsarət ya şikəstlik təhlükəsi yaradrılar.

Dövlət qanun çıxarmalıdır ki, yırtıcı cinsli itlərin xüsusilə də şəhər mühitində saxlanması, qadağan olunsun.

2012-ci ildə neçə il rayonda həyətdə saxlanan və sadiq, itaətkar təbiətli yırtıcı cinsli it, birdən-birə rəhmətlik atamın üzərinə atılmışdı. Kişi əli ilə özünü qoruyarkən it onun sağ əlinin üst dərisini biləyindən aşağı tam sıyıraraq qopartmışdı. Cərrahlar dərini qaytarıb yerinə tikdilər. 94 yaşlı atam sağlam bədənli, cüssəli də olsa çox əziyyət çəkdi.
Bakıdan gedib iti məcburən güllə ilə vurub öldürdüm. Nə edəsən?! Buraxaq çöllərə, getsin başqalarını da parçalasın?”.


Almaniyada yaşayan azərbaycanlı Sarvan Səmədoğlu isə bildirib ki, sahibsiz itləri öldürmək olmaz. O deyib ki, dünyanın bir çox ölkələrində sahibsiz it yoxdur.
S.Səmədoğlu “buna necə nail olublar” sualına belə cavab verib:

“Öncə sahibsiz itləri küçə-bacadan yığışdıraraq xüsusi heyvan düşərgəsinə gətirirlər. Onları yuyundururlar və lazım olan peyvəndləmə aparırlar. Erkək itəri isə axtalayırlar. İki həftəlik "reabilitasiya"dan sonra itləri aparıb əvvəl yaşadıqları əraziyə buraxırlar. Bu proseduru ildə bir dəfə həyata keçirirlər. Beləliklə üç ilə dölün qarşısı tamamilə alınır və qalan itlər öz həyatını yaşayıb dünyasını dəyişirlər. On-on beş ilə sahibsiz itlərin kökü kəsilir.

Misal üçün Almaniyada sahibsiz it yoxdur. Burada insanlar itlərə sahiblənərək onlara cəmiyyət üzvünə yaxın dəyər veriblər. Əgər it kimisə tutarsa, itin sahibi qarşı tərəfin müalicə xərclərini qarşılamaqla yanaşı, 10 min avro təzminat ödəyir. Bir sözlə, itlər qayğı ilə əhatələnib, onlar aqressiv deyillər, ev şəraitində yaşayırlar.

Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da qəhrəman və xilaskar itlər var, onlar xüsusi tapşırıqların yerinə yetirilməsində göstərdikləri nətiycəyə görə yüksək dövlət təltiflərinə layiq görülüblər. Bir sözlə, itləri sevmək lazımdı”.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir