Modern.az

Turizm siyasətinin planlaşdırılmasında QHT-lərin rolu  

Turizm siyasətinin planlaşdırılmasında QHT-lərin rolu   

Aktual

12 İyun 2018, 12:38

Elməddin Hacılı


Turizm siyasətinin planlaşdırılması qarşıya qoyulan məqsədlərin müvəffəqiyyəti üçün çox vacibdir və hədəfdə dayanıqlı turizmin inkişafını təmin etməkdir. Elmi-nəzəri mənbələrə görə turizm sistemində turizm siyasətinin planlaşdırılması altı əsas funksiyanı yerinə yetirir. Bu funksiyalar: turizm inkişafı üçün ümumi qaydaları müəyyənləşdirmək, destinasiyada qəbul edilə biləcək turistik fəaliyyət və davranışlar üçün ümumi bir çərçivə çəkmək, onları destenasiyda bütün turizm tərəfdaşlarına istiqamətləndirmək, destinasiyda turizmə xas strategiya və hədəflər mövzusunda konsensusun təmin edilməsinə kömək, turizm sənayesinin ölkənin iqtisadiyyatına və bütövlükdə cəmiyyətə verdiyi töhfəyə dair müzakirələr aparmaq, turizm sektorunun digər sektorlarla effektiv ünsiyyətdə olmasını təmin etməkdir. Beynəlxalq təcrübədə vətəndaş cəmiyyətinin əsas strukturlarından biri kimi QHT-lərin bu fəaliyyətlərin təmin edilməsində  iştirakı danılmaz faktdır.

Beynəlxalq təcrübədə aparılan tədqiqatlara görə turizm siyasətinin planlaşdırılması baxımından QHT-lərin funksiyaları turizm tərəfdaşları arasında ünsiyyət, yerli əhali və yerli maraqlı tərəflərin turizm planlaşdırma prosesinə daxil edilməsi ilə bağlı məsələlərdə yarana bilər. Mütəxəssislər qeyd edir ki, yaxşı idarəetmənin əsasında və  dayanıqlı turizm siyasətinin inkişafı prosesində mərkəzi hakimiyyət orqanlarının bir sıra səlahiyyətlərini yerli QHT-lərə verməsi vacibdir. Yaxşı  idarəetmənin əsaslandığı turizm siyasətinin inkişafında ikinci vacib məsələ yerli əhalinin iştirakı və  legitimlikdir. Turizm və beynəlxalq inkişaf üzrə ekspert Peter Burns "Turizm Planlaması: Üçüncü Bir Yol?" başlıqlı məqaləsində, turizm planlamasına istiqamətli bir model təklif etmişdir. Bu modelə görə, destinasiyalar üçün turizm planları yaradılarkən, yerli, regional və milli səviyyələrdə turizm hədəfləri təyin olunduqdan sonra, planlama prosesində cəmiyyətin hər seqmentindən insanların iştirakının təmin edilə bilməsi üçün, destinasiyadakı qeyri-hökumət təşkilatlarının dəstəklənməsi lazımdır. Çünki yerli miqyasda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, yerli əhaliyə yaxın olduqlarından, yerli əhalinin problemlərini daha yaxından təqib edə bilməkdə və bu problemlərin turizm planlaması prosesində nəzərə alınmasına təsir edəcəkdir.

Son illərdə Azərbaycanda dayanıqlı turizmin inkişafı istiqamətində mühüm siyasət sənədləri hazırlanmış və müvafiq olaraq fəaliyyətlər həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”də 2020-ci ilədək olan dövrdə Bakının turizm potensialından tam istifadə, milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, viza prosedurlarının sadələşdirilməsi, regionlarda turizmin inkişaf etdirilməsi, turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməklə milli turizmin keyfiyyət sisteminin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, bu sənədin hazırlanmasında QHT-lər tərəfindən irəli surulən təkliflərin də  nəzərə alınıb. Vətəndaş cəmiyyəti institutu olaraq QHT-lərin də  islahat prosesində yaxından iştirak etməsi üçün imkanlar yaradılıb. Bir məqamı da xatırldaq  ki, strateji yol xəritəsini monitorinq və qiymətləndirmə nəticələrinin açıq ictimai müzakirələrinin təşkil olunması islahat prosesində vətəndaş iştirakçılığının təmin edilməsi və açıq hökumət prinsiplərinə uyğundur.

Beləliklə, turizm sektorunda QHT-lər tərəfindən müvəffəqiyyətlə həyata keçirilən layihələr, eyni zamanda dövlət tərəfindən yerinə yetirilən  proqramlar və islahatlar Azərbaycanın son illərdə qazandığı uğurların davamlılığını şərtləndirir və ölkənin dünyada dinamik iqtisadiyyata malik ölkə kimi qiymətləndirilməsinə imkan verir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı