Martın 10-da jurnalistlərin iştirakı ilə ağacəkmə kampaniyası keçiriləcək. Belə bir layihəni irəli sürən yazıçı-jurnalist Azər Qismət Modern.az-a bildirib ki, kampaniyada 100-dən çox KİV nümayəndəsi iştirak edəcək.
“Bu təşəbbüslə ilk dəfə dekabr ayında çıxış etdim. Ekologiya və Təbii Sərvətlər Nazirliyi müsbət cavab verdi. Yəni Jurnalistlər bağının salınması ilə bağlı irəli sürdüyüm təşəbbüs martin 10-da gerçəkləşəcək. Sosial şəbəkə vasitəsilə bu təşəbbüsə onlarla jurnalist qoşuldu. Ağac əkəcəyimiz əraziyə həmkarlarımızla birgə “Yaşıl qələm jurnalistlər bağı" adını verdik. İstədik ki, ETSN-nin təşkil etdiyi ağacəkmə kampaniyasına biz də qoşulaq və dəstək verək. 10 mart tarixini səbirsizliklə gözləyirik. Nazirlik qələm adamlarını tinglərlə təmin edəcək. Martın 10-u bizimlə birgə ağac əkmək istəyən həmkarlarımı saat 9:30-da ETSN-nin qarşısında olmağa çağırıram. Əraziyə getmək üçün Nazirlik tərəfindən ayrılan nəqliyyat vasitələri bizi gözləyəcək”.