Modern.az

Kredit verən bəzi banklar əhalini aldadır

Kredit verən bəzi banklar əhalini aldadır

Актуально

23 Dekabr 2011, 13:12

“Faizsiz kredit adıyla əslində 24 faizlik kredit verilir”

Sərfəli şərtlərlə kreditlər – bu məzmunlu elanlara hər bir yerdə rast gəlmək olar. İndi elə bank tapılmaz ki, istehlak krediti verməsin. Əksəriyyət də faizsiz, uzunmüddətli kreditlər vəd edirlər.

Lakin  reallıqda kredit şərtləri reklamda göstəriləndən xeyli fərqlənir. Banka müraciət edən şəxslər ya əlavə komisyon haqq ödəməli olur, ya da yüksək faizlə kredit götürmək məcburiyyətində qalır. Bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir.

Ekspertin sözlərinə görə, kredit götürən müştərilən hüquqları qorunmur: “Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan məlumat verirlər. Onlar kreditin ağır şərtləri barədə məlumatları gizlətməklə əhaliyə natamam məlumatlar verirlər və bununla da əhalini cəlb edirlər. Məsələn, banklardan biri reklamların birində bayramla əlaqədar faizsiz kredit kampaniyasını apardığını elan etdi. Müraciət etdikdə aydın oldu ki, həmin kampaniya çərçivəsində 6 ay müddətinə verilən və faizsiz hesab olunan kreditə görə müştəri 12% həddində komisyon haqq ödəməlidir. Bu isə təxminən illik 24%-lə təklif edilən kreditə bərabərdir. Halbuki ölkədə kreditlər üzrə komisyon haqq 5%-dən çox deyil. Ancaq reklam çarxlarında bu barədə məlumat verilmir”.

Başqa bir bankdan misal çəkən S.Əliyevin sözlərinə görə, bu təşkilat ilkin müştəri üçün ancaq xarici valyutada kredit verdiyini bildirir. Üçüncüsü bank krediti vaxtından əvvəl qaytarmaq istəyən müştəriyə cərimə tətbiq edir və s. “Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur. Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan  kənarda qalıb. İstehlakçıların hüquqlarını qoruyan yeganə hüquqi akt - ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbləri bank müştərilərinə şamil edilmir. Buna görə də  Azərbaycanda da oxşar qanunun qəbuluna ehtiyac var”.

Ekspertə görə, xarici ölkələrdə oxşar halların qarşısı almaq üçün müvafiq qanun fəaliyyət göstərir: “İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. ABŞ-da bu həm federal, həm də ştat səviyyələrndə qanunvericiliklə tənzimlənir. Consumer Credit Protection Act, Truth in Lending Act, Fair Credit Reporting Act, Fair Credit Billing Act, Equal Credit Opportunity Act, The Fair Credit Debt Collection Act kimi sənədlər federal səviyyədə isteklakçıların hüquqlarını qoruyur. Avropa Birliyinin üzv ölkələri üçün milli qanunvericilikdə və istehlak krediti sahəsində  2002/65/EC adlı direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən Consumer Credit Act adlı hüquqi aktla tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Ukrayna, Özbəkistan istehlak kreditləri ayrıca qanunla tənzimlənir. Rusiya 2012-ci ildən belə qanunun qəbulunu planlaşdırır”.

Fərəh Sabirqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı