Modern.az

Alo, aparatda danışan Əhmədovdur...

Alo, aparatda danışan Əhmədovdur...

Aktual

18 Avqust 2012, 13:09

Hər kəsin stolüstü kitabı olur. Bu insanın isə stolüstü kitabı müqəddəs “Quran” olub. Ona görə yox ki, o dindar idi. Ona görə ki...

“Mən stolumun üstünə “Quran” qoymuşdum. İşçiləri and içdirməkdə məqsədim o idi ki, bilim mənim yanıma çatana qədər onlardan kimsə pul alıb, ya yox. Amma yalandan and içənlər də olub. Bu, sonra onların işlərində də hiss olunurdu. 100% olmasa da, işə düzəltmə məsələsində 99% korrupsiya və rüşvətxorluğun qarşısını almışdıq. Bunu edirdim ki, təmiz işləsinlər və heç kimdən, nə prokuror, nə icra başçısından qorxsunlar”.

Montyorluqdan başlayan yol...

Stolüstü kitabı “Quran” olan bu şəxs sabiq rabitə naziri Nadir Əhmədovdur.  Azərbaycanda rabitə sahəsində əməyi olan insanlar çoxdur. Keçmiş rabitə naziri Nadir Əhmədov da rabitə sahəsində böyük əməyi olan insanlardan biridir. O, mərhum prezident Heydər Əliyevin göstərişi ilə 1997-ci il iyul ayının 17-də rabitə naziri təyin olunub. Rabitə naziri vəzifəsinə gələnədək isə uzun bur yol keçib - montyor, texnik, dublyor-mühəndis, Bakı Şəhər Telefon Şəbəkəsinin baş mühəndisi, rəisi, rabitə nazirinin müavini kimi vəzifələrdə işləyib.

Nadir Əhmədov 1940-cı ildə Şəki rayonunun Göynük mahalının Aşağı Layisqi kəndində anadan olub. 1960-cı ildə Bakı Rabitə Texnikumunu, 1965-ci ildə isə Odessa Rabitə Elektrotexnika İnstitutunun Elektrik rabitəsi fakültəsini bitirib.

Erməni hiyləgərliyinin ifşası...

1970-ci ildə hərbi xidmətdən qayıdan N.Əhmədov Bakı Şəhər Telefon Şəbəkəsində (BŞTŞ) stansiya xidməti rəisi təyin olunur. Sabiq nazir o illəri belə xatırlayır: “Şahnazarova soyadlı bir erməni BŞTŞ-də stansiyalar üzrə xidmət rəisi işləyirdi. Bütün telefon stansiyaları ona tabe idi. Nazir və müavinləri də onunla hesablaşır və məsləhətləşirdilər.
Mən baş mühəndis təyin olundum. Şahnazarovanın hiyləgərliyini görürdüm. Bir aydan sonra isə onun gizli işlərinin üstünü açdım. Məni demək olar ki, çoxları müafiə etmədi. Nazir Nəsrulla Nəsrullayev məni qəbuluna çağırdı və dedi ki, əgər o rabitədən getsə, onu əvəz edə biləcək kadrımız yoxdur. Mən isə nazirə dedim ki, bizim ondan min dəfə yaxşı iş görən cavan kadrlarımız var. Şahnazarovanı işdən çıxartdılar və mən onun sirrini açdım:

Şahnazarova qəsdən ermənilərin əli ilə stansiya avadanlıqlarında qəzalar təşkil edirdi. Qəza şəhərin mərkəzində olanda Şahnazarova qəsdən ya Mərdəkandakı, ya da Pirallahıdakı stansiyaya gedərdi ki, ona əl çatmasın. Belə olanda rəhbərlik öz sürücüsünü göndərirdi ki, onu gətirsinlər. O da gəlib, öz təşkil etdiyi qəzanı aradan qaldırırdı”.

Zirvəyə gedən yolda....

N.Əhmədov 1975-ci ildə Bakı Şəhər Telefon Şəbəkəsinin rəisi vəzifəsinə təyin olunur. O, bu vəzifədə işlədiyi müddətdə Bakı şəhərində telefon nömrələrinin sayı 1975-ci ildə 89,3 mindən 1985-ci ildə 213,9 min nömrəyə qədər çatdırılır.
1985-ci ildə Nadir Əhmədov respublikanın rabitə naziri müavini vəzifəsinə təyin edilir və 1997-ci ilədək bu vəzifədə işləyir. Həmin müddətdə respublikada telefonların sayı 25 faiz artırılır, telefon stansiyalarının ümumi tutumu 500 min nömrəni keçir .

N.Əhmədov 1987-ci ildə radiotexnika, elektronika və rabitə üzrə A.S.Popov adına Respublika Elmi-Texniki Cəmiyyətinin sədri seçilir. Onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə cəmiyyətin tarixində ilk dəfə olaraq texniki ideyalar tematik yarmarkası keçirilir. Həmin yarmarkada İttifaq respublikalarının alim və mütəxəssisləri iştirak edib, ən yaxşı ideyalar istehsalatda tətbiq olunmaq üçün qəbul edilib.

Nazir müavini Qarabağ hadisələrində...

Nadir Əhmədov öz xatirələrində Qarabağ müharibəsi illərini belə xayırlayır:
- Təşkilat Komitəsi Xankəndində yerləşmişdi. Qərargahın telefonları daimi işləmir, bu isə işin normal təşkilinə ciddi əngəl törədirdi. Bu işi yoluna qoymaq üçün tədbirlər görmək lazım idi. Qərargaha Bakıdan üçrəqəmli hökümət telefonu və 96 indeksli ATS-dən iki ədəd Bakı şəhər telefonu verdik. O vaxtlar bu, mümkün olmayan bir iş sayılırdı. Bakıdan DTK ilə Xankəndi DTK-sı arasında rabitə var idi. O vaxt respublika DTK-nın rabitə idarəsinin rəisi Raqub Bəşirov idi. Mən Bakıda olanda onunla görüşüb, telefonların Xankəndindəki qərargaha verilməsi yollarını göstərdim. Amma bilirdim ki, bu qadağandır. Raqub Bəşirov ağır məsuliyyət altına girərək, buna razılıq verdi. Bir neçə gündən sonra ermənilər bunu bilsələr də, heç nə edə bilmədilər. Həmin telefonlar aşağıdakı problemlərin qarşısının alınmasında əhəmiyyətli idi:

- Qərargahın bütün rabitəsi Xankəndindəki Telefon Birliyindən keçirdi, ermənilərin nəzarəti altında idi. İstədikləri vaxt açırdılar;

- Bütün danışıqlar bu rabitə vasitəsilə keçirdi, erməni telefonçular danışıqlara qulaq asır, topladıqları məlumatları Yerevana ötürür və ya oraya birləşdirir, onlar da operativ əks-tədbirlər görürdülər.

Rabitə Nazirliyinin inkişaf yolu....... 

1997-ci il iyul ayının 17-də görkəmli dövlət rəhbəri Heydər Əliyev rabitə nazirinin müavini Nadir Əhmədovu rabitə naziri təyin edir. Həmin vaxt prezident nazirə öz tövsiyyələrini də verib: 
Azərbaycanın milli rabitəsini dünya standartları səviyyəsinə çatdırmaq, rabitə sahəsində olan ədalətsizliyə, haqsız əməllərə, rüşvətxorluğa, qanun pozuntularına qarşı ciddi tədbirlər görmək, rabitənin dövlətçilikdəki rolunu bərpa etmək”.

Nadir Əhmədov qeyd edir ki, o vaxt Azərbaycanda, MDB çərçivəsində belə bir fikir yaranmışdı ki, bizim rabitəçilər savadsızdırlar, özləri heç nə yaradıb, işi inkişafa apara bilməz.
”Çoxları düşünürdü ki, belə olub, belə də qalmalıdır. Lakin bizim işlədiyimiz dönəmdə rabitəçilərin fəal iştirakı, işi nəticəsində bu fikir dağıldı. Bütün Azərbaycan xalqı da gördü ki, elə öz azərbaycanlıları rabitəni inkişaf etdirib, yüksək yerlərə qaldıra bilərlər. Bu mənim ən birinci arzum idi, həyata keçirə bildik. Azərbaycan rabitəsi MDB daxilində ən qabaqcıl rabitələrdən birinə çevrildi. Vaxtilə MDB ölkələri arasında bizim Rabitə Nazirliyi ən geridə qalan qurum idi. 2001-ci ildə Rabitə Nazirliyi MDB ölkələrində 15 göstərici üzrə birinci yerə, başqa göstəricilər üzrə isə ikinci, ya üçüncü yerlərə çıxa bildi. Bu çox böyük bir inkişaf idi”.

Sabiq nazir deyir ki, nazir olarkən əsas işlərindən biri rabitə sahəsindəki rüşvətxorluğa qarşı mübarizə aparmaq idi.
“Biz bunun qarşısını almaq üçün elan verirdik ki, telefon çəkirik, hətta kreditlə telefon çəkilişinə başladıq. MDB ölkələrinin bir çoxu bizə gülürdü ki, niyə elanla telefon çəkirsiniz. Bununla yanaşı, rabitənin keyfiyyətini yaxşılaşdırdıq. Azərbaycanın elə bir kəndi olmadı ki, orada rabitə olmasın. Hansı ki, Rusiya kimi bir dövlətin kəndlərinin 20 faizində bir dənə də olsun telefon yox idi. Rabitəçilərimizin həmin vaxtkı xidmətləri danılmazdır. Rüşvətxorluğu, korrupsiyanı tam olmasa da, 95 faiz aradan götürmüşdük”. 

Nadir Əhmədovun nazir vəzifəsində olduğu dövrdə keçirilən tədbirlər öz nəticəsini verdi. Belə ki, maliyyə, texnika, nizam-intizam gündən-günə yaxşılaşdı, rabitə xidmətlərinin tarifi hər il aşağı salındı, büdcəyə ödəmələr 1995-ci illə müqayisədə 41 mlrd. manatdan 1997-ci ildən etibarən illik ödəmələr 200 mlrd. manata çatdırıldı, elektron ATS-lərin xüsusi çəkisi 1995-ci ildə ki,  4,4 faizdən 2003-cü ildə 50 faizə çatdırıldı, Naxçıvan, Mingəçevir, Xızı, Siyəzən, Abşeron, Zaqatala, Balakən və Şəkidə ATS-lər 100% elektronlaşdırıldı, orta əməkhaqqı qaldırıldı, Bakı və rayon rabitə müəssisələri kompüterləşdirildi və həmin müəssisələr respublikada ilk dəfə olaraq öz aralarında onlayn əlaqə yaratdılar, hər 100 ailəyə düşən telefonların sayı 1995-ci ildə 30-dan 2003-cü ildə 57,2-yə (Bakıda 999,) çatdırıldı, 2003-cü ildə adi telefonların sayı 1 milyonu keçdi,  hər il rabitəçilərə 10-15 mənzil verildi, Müdafiə Fonduna 1 mlrd. manat və hərbi xidmətdə fərqlənən rabitəçilərə hər il ordu günü ərəfəsində mükafatlar təqdim olundu, 2000-ci ildən başlayaraq respublikada ilk dəfə rabitə müəssisələrində hər il 300-600 məqsədyönlü iş yerləri açıldı.

Vətəndaşın zənginə özü cavab verən nazir...

Sabiq nazir həm də çoxlarının yadında sadə bir insan kimi qalıb. N.Əhmədovun özü bu haqda belə danışır:
- Əhali ilə həmişə ikitərəfli rabitə yaratmağa çalışmışam. İşlədiyim vaxt həftədə iki dəfə kabinetimdə şəhər telefonlarına özüm cavab verirdim. Hətta elə olurdu ki, dəstəyi götürürdüm, deyirdilər ki, kimdir, cavab verirdim ki, Əhmədovdur. Çaşıb qalırdılar ki, nazir Əhmədov? Deyirdim bəli, çoxu çəkinib dəstəyi asırdı. Amma bir çoxları danışırdı, dərdini, işimizdəki nöqsanı deyirdi. Məndən soruşurdular ki, axı bu sənin nəyinə lazımdır? Mən də cavab verirdim ki, mənim görə bilmədiyim nöqsanı vətəndaş mənə çatdırır və bunu aradan qaldırıram, bunun nəyi pisdir? Əksinə, xeyli köməyimə gəlirdi. Ümumiyyətlə, harada olmağımdan asılı olmayaraq, kimlərsə rabitədən danışırdılarsa, onların ağzından heç vaxt vurmurdum, diqqətlə qulaq asırdım. Sonra gəlib bunu araşdırırdım. Hərdən ortaya çox ciddi məsələlər çıxırdı. Aparatda nəzarət qrupu var idi, elə olurdu, o qrupda olan 50 nəfər bu nöqsanı görmürdü, lakin kənardan onu bizə çatdırırdılar. 

Rabitə naziri Nazir Əhmədov bildirir ki, nazir olduğu dövrdə əgər mətbuatda rabitədən yazan jurnalist olurdusa və bu yazılanlar həqiqət idisə, nazirlik həmin jurnalistə mükafat verirdi.

Son söz...

“Bənzərəm bir qocaman dağa ki, dəryada durar”. Bu sözləri dahi şairimiz M.Ə.Sabir özü haqqında deyib. Bir dəfə tanınmış alimlərdən biri şair Nəriman Həsənzadədən soruşur ki, şair olmaq çətindir? N.Həsənzadə isə cavab verir ki, şair olmaq asandır, lakin Sabir kimi şair olmaq çətindir.

Eləcə də insan, ziyalı, yaxşı sənətkar, hətta alim olmaq asandır, amma insanların rəğbətini qazanmaq çətindir, bu, hər adama nəsib olmur. Nadir Əhmədov insanların rəğbətini qazana bilən məmurlardan biri olub. O peşəkar rabitəçidir, adi fəhləlikdən nazir vəzifəsinə yüksəlmiş, sənətinin hər sahəsini incəliklərinə qədər mənimsəmiş, vətəndaş və şəxsiyət kimi özünü formalaşdırmış şəxsdir...  

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı