Qafqaz İslam Ordusunun 1918-ci il iyunun 8-də Gəncəyə gəlişindən sonra vəziyyəti öyrənmək üçün Əli bəy Hüseynzadə Osmanlı imperatorluğunun göstərişilə Azərbaycana döndü. Bir sıra görüşlər keçirdi, cəbhə bölgəsindəki vəziyyətlə tanış oldu. Ordu komandanı Nuru Paşa, komandanın siyasi müşaviri Əhməd bəy Ağaoğlu və keçmiş məslək dostlarıyla görüşdü. Azərbaycanın istiqlal savaşının uğurla aparılması üçün öz tövsiyyələrini verdi və Türkiyəyə qayıtdı. Azərbaycanın istiqlalı, torpaq bütünlüyü uğrunda türklərin çiyin-çiyinə, eyni səngərdə döyüşməsinin qürurunu yaşayan Əli bəy geri dönəndən sonra Türkiyənin «Hilali əhmər» qəzetində öz müşahidələrini çap etdirdi. Gəncə hospitalında yaralı olan Anadolu və Azərbaycan türkünün bir-birini anlayacaq ortaq bir şivədə danışığına diqqət çəkdi. Maraqlıdır ki, Əli bəy həmin yazıda romantik duyğularının təsiri ilə Osmanlı imperatorluğunu və Azərbaycan Cümhuriyyətini bir-birinə söykənən dağa bənzədirdi.
Görün aradan nə qədər zaman, vaxt keçib. Bu gün Türkiyənin və Azərbaycanın vəziyyəti elə Gəncə hospitalında müalicə alan iki yaralı qardaş əsgərin durumundadır. Türk ordusu hər gün PKK acısından şəhid verir. Türkiyə televiziyaları şəhid tabutları göstərir, əsgəri törənlə dəfn mərasimləri bir-birini əvəzləyir. Anaların, məsum körpələrin göz yaşı qurumur. Azərbaycanda da eyni mənzərədir. Dünyanın nazına dözdüyü Ermənistanın atəşkəsi pozması səbəbindən demək olar ki, hər həftə əsgər şəhid olur, torpağa gömülür.
Türkiyənin parçalamaq üçün sanki «Sevr» müqaviləsi başqa biçimdə, incə siyasətlə PKK faktoru vasitəsilə bu gün həyata keçirilir.
Azərbaycan isə yenidən parçalanıb, ərazisinin 20 faizi işğal altındadır. Müstəqilliyinə təzəcə qovuşan ölkəni öz mənafelərinin qurbanına çevirmək istəyən qonşuların təhdidi, təzyiqi isə baş alıb gedir.
Bəs nə edək?
Bəlkə tarixə dönək. Türkiyə və Azərbaycanın ilk tarixi hərbi birliyinin simvolu olan, 1918-ci ilin aprelində yaradılan və 5 ay bolşevik-daşnak birləşmələrinə, ingilislərə qarşı döyüşüb Azərbaycanın varlığını sübut edən Qafqaz İslam Ordusunun formatını yeni biçimdə tətbiqinə başlayaq.
Qarabağı indiki kimi, 1918-ci ildə də itirmişdik, daha dəqiqi bizdən zorən almışdılar. Qafqaz İslam Ordusu komandanlığı sentyabrın 15-dən sonra Qarabağ hərəkatı başladı. Oktyabrın 1-də Nuru Paşa Ağdama gəldi. Cəmil Cahid bəyin komandanlığında 1-ci Azərbaycan diviziyası Andronikin, Dronun, Nejdanın hərbi dəstələrini darmadağın etdi. Əsgəran keçidi alındı. Şuşa Azərbaycana qaytarıldı.
Qarabağ hərəkatında iştirak edən türk zabiti Mucib Kemalyeri «tarixi-təbii gözəlliyi olan Şuşanın» qurtuluş gününü görün necə təsvir edir: «Şuşaqalada maraq və həyəcanla bizi gözləyən türklərin alqışları içində və tez bir zamanda hazırlanmış üç böyük «Zəfər tağı»nın altından keçərək getdik».
Milli Azərbaycan qüvvələrindən, könüllü dəstələrdən, peşəkar türk hərbçilərindən formalaşdırılan Qafqaz İslam Ordusu üçün bəlkə bu üç tağı yenidən quraq. Təkcə Şuşanın deyil, bir ayın ərzində Zəngəzuru erməni birləşmələrindən qurtaran bir ordunun tarixi təkrarlanmaya bilərmi? Yox! Tarix keçmiş deyil, gələcəyin müəyyənləşmə faktorudur, özü də həlledici faktordur.
Ağsaqqal general Əliağa Şıxlınskinin 26 yaşlı fəxri general Nuru Paşa ilə birgə hərəkət planlarına niyə yenidən qayıtmayaq ki?
Azərbaycanın bütövlüyünü təmin edən, ilk hərbi milli məktəbi yaradan, xalqı öz soy-kökünə qaytaran bir ordunun tarixi babalarımızın yaratdığı tarix deyilmi? Həm də bu ordu tək torpaqlarımızı azad etmədi, sentyabrın 14-dən 15-nə keçən gecə 36 saatlıq döyüşlərdə təkcə Bakını Azərbaycana qaytarmadı. Bu gün ən çox danışılan, müzakirə olunan ortaq türk dili ideyası, eyni mədəniyyət daşıyıcısı olmağımız gündəmə gətirildi. Azərbaycanın türk dünyasındakı önəmini dünyanın xəritəsini müəyyənləşdirənlərin diqqətinə çatdırdı, bu iradəni Almaniyanın, Böyük Britaniyanın, Sovet Rusiyasının qarşısında öz hərbi gücü ilə göstərdi. Türkiyə Azərbaycanın təhlükəsizliyinin, torpaq bütünlüyünün qarantı kimi çıxış etdi.
Bugünkü Türkiyə-Azərbaycan qardaşlığının, strateji müttəfiqliyinin tarixi kökləri də elə bu dönəmə bağlıdır. Ancaq nə fayda ki, Ə.Hüseynzadənin yazdığı kimi Azərbaycanın və Türkiyənin durumu Gəncə hospitalında müalicə alan iki yaralı əsgərin durumunu xatırladır. Bunun nə səbəbdən baş verməsini yeni dünya düzənində, beynəlxalq təşkilatlarda, konvensiyalarda axtaranları anlamaq da çətindir. Çünki verilən cavablar quru və diplomatik bir dillə çatdırılır. Cansıxıcı deyilmi? Torpaq itkisinə və şəhid məzarlarına bürünən məmləkət üçün bu quru və diplomatik cavabın nə faydası var?
Bəs nə etməli?
Siz deyin, tarixə qayıdaq, ya yox?