Modern.az

“Bu seçkilər ölkə üçün taleyüklü olacaq” - Bəyanat

“Bu seçkilər ölkə üçün taleyüklü olacaq” - Bəyanat

Aktual

26 Noyabr 2012, 12:52

Azərbaycan Ziyalılar Forumu bəyanat verib. Qurum bildirib ki, əsas məqsədi mütərəqqi islahatların reallaşmasında, hakimiyyət və vətəndaş cəmiyyəti arasında dialoqun aparılmasında,   Azərbaycanın modernləşməsində, sabit və dayanıqlı inkişafın davamlı prosesə çevrilməsində ziyalıların rolunun gücləndirilməsinə nail olmaqdan ibarət olan Forum dəfələrlə hökumətə müraciət edərək ölkədə həlli vacib olan, həyati əhəmiyyətli islahatların keçirilməsinə çağırıb.

“Təəssüf ki, ölkə hakimiyyəti Ziyalılar Forumunun təklif və müraciətlərini qulaqardına vurub, sanki bu qurumu görmürmüş kimi davranıb. Bundan əlavə, təxminən bir ildir ki, Ziyalılar Forumunun üzvlərini susdurmaq,  vətəndaş mövqeyimizdən cəkindirmək məqsədilə hakimiyyət bizə qarşı açıq və kobud təzyiqlərə başlayıb”-deyə bəyanatda qeyd edilib.

Qurum üzvlərinə qarşı  “qara piar” kampaniyasının aparılmasını da pisləyib.

Ziyalılar Forumu bəyan edib ki, Azərbaycan xalqı, ölkə üçün, indiki və gələcək nəsillər üçün gələn il Azərbaycanda  keçiriləcək  prezident seçkiləri çox önəmli, taleyüklü hadisədir.

Forum vətəndaş cəmiyyətinin görkəmli nümayəndələri, QHT rəhbərləri, gənclər təşkilatlarının fəalları, tanınmış politoloq və hüquqşünaslarla çoxsaylı görüşləri nəticəsində ədalətli və şəffaf seçkilərin keçirilməsinin ictimai layihəsini hazırlayıb. Bir çox ölkələrin real təcrübəsinə əsaslanan bu layihəyə seçki nəticələrini bütün mümkün saxtalaşdırmalardan qoruyan müasir metodlar daxil edilib. Buraya yerli və beynəlxalq müşahidəçilərin işi, ekzit-polların keçirilməsi, səslərin paralel sayılması və s. üsullar daxildir. Ziyalılar Forumu bu layihənin ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi üçün özünün bütün təsir imkanlarından istifadə etmək niyyətindədir.

Ziyalılar Forumu sosiologiya, hüquq, politilogiya və iqtisadiyyat sahəsindəki ekspertlərlə birlikdə seçkilərdən dərhal sonra ölkə rəhbərliyinin effektiv işləyəcəyinə imkan verəcək proqramların hazırlanmasına başlayıb.

Ziyalılar Forumunun yaxın zamanlarda ictimai təqdimatını keçirməyi nəzərdə tutduğu həmin proqramların əsas istiqamətləri bunlardr:

- hakimiyyətin istənilən səviyyəsində korrupsiyasının qarşısının alınması, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hakimiyyətin qolları arasında effektiv balans yaradan yeni siyasi-hüquqi sistemin qurulması;

- postneft mərhələsinə hesablanan və insanların sosial rifah, ölkənin dayanıqlı inkişafını təmin edən yeni sosial-iqtisadi modelin tətbiqi;

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və süverenliyini bərpa etməyə qadir olan yeni siyasi strategiyanın işlənib-hazırlanması.  

 Azərbaycan cəmiyyətinin yeniləşmək istəyini, həmçinin tarix və gələcək nəsillər qarşısındakı məsuliyyətini nəzərə alan Ziyalılar Forumu ölkənin bütün vətəndaşlarını, ictimai-siyasi qüvvələrini demokratik dəyişikliklər naminə birləşməyə çağırır.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı