Digər sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sistemində də şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları irəli çəkilməlidirlər.
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev qazilərlə görüşdə bildirib.
O xatırladıb ki, şəhidlərin ailə üzvlərinə, müharibə veteranlarına və əlillərinə qayğı və diqqət Azərbaycanda sosial siyasətin başlıca məqsədlərindən biridir. Həmin şəxslərin məşğulluğunun təmini və onların münasib işlə təmin olunması məsələsi də vacib amillərdəndir.
“Bu gün bələdiyyələrin də fəaliyyətində şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsi və onların müraciətlərinə həssas yanaşılması mühüm əhəmiyyət kəsb edir. Yerli özünüidarəetmə orqanlarının yerli sosial müdafiə və sosial inkişaf proqramlarına uyğun olaraq, ilk növbədə, onların səlahiyyətləri və maliyyə imkanları daxilində müraciətlərinə baxılır, qaldırılan yerli məsələlər qısa vaxt ərzində yerinə yetirilir. Şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilir, qaldırılan məsələlərin aidiyyəti olaraq ünvana çatdırılmasınadək onların yanında olurlar. Xüsusən də, həmin ailələrə torpaq sahələrinin ayrılması məsələsi müəyyən güzəştlərin tətbiq edilməsi ilə qanunvericilik qaydasında öz həllini tapır”, - deyə bələdiyyə sədri bildirib.
Təmraz Tağıyev qeyd edib ki, son vaxtlar həmin şəxsləri əhatə edən dövlət orqanlarında olan məşğulluq siyasəti bələdiyyələrdə də həyata keçirilir.
Belə ki, Nərimanov bələdiyyəsində 3 nəfər şəhid ailəsinin üzvləri bələdiyyə qulluğuna işə götürülüb. Ərazidə yaşayan 25 nəfər Vətən müharibəsi qazisi üçün sosial layihə hazırlanıb və uğurla icra olunur. Bələdiyyə iclasının qərarına əsasən, həmin qazilər aylıq müavinət alırlar.
“Hesab edirik ki, belə nəcib təşəbbüslər digər şəhər və rayonların bələdiyyələri tərəfindən də davamlı həyata keçirilməli, şəhidlərin ailə üzvlərinə diqqət daha da artırılmalıdır. Bələdiyyələrin Milli Assosiasiyaları olaraq keçirilən tədbirlərdə yerli özünüidarəetmə orqanlarına bu barədə tövsiyələrimizi çatdırırıq.
Həmçinin bələdiyyələrdə fəaliyyətdə olan şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları ilə müntəzəm iş aparılmalıdır. İstər bələdiyyə seçkilərinin nəticəsində seçilmiş bələdiyyə üzvləri, istərsə də bələdiyyə qulluğunda çalışan qulluqçuların sırasında olan həmin şəxslər bələdiyyə rəhbərliyi tərəfindən xüsusi qayğı ilə əhatə olunublar. Milli Assosiasiyalar olaraq çalışırıq ki, onların xarici təcrübə proqramlarında, ixtisasartırma yönümlü tədbirlərdə növbədənkənar iştirakını təmin edək. Məqsədimiz ondan ibarətdir ki, qeyd edilən sosialyönümlü tədbirlər hər bir bələdiyyədə davamlı olaraq həyata keçirilsin”, - deyən Təmraz Tağıyev fikirlərini yekunlaşdırıb.