1990-cı ilin payızı… Sovet imperiyasının sütunları laxlayır, Bakı isə tarixin ən gərgin günlərini yaşayırdı. Tarixin sərt dönüş nöqtəsində olan şəhərin küçələrində siyasi qarmaqarışıqlıq, insanların qəlbində isə həm nigaranlıq, həm də gələcəyə böyük ümid vardı. Artıq Azərbaycanın müstəqilliyinin bərpasından söhbət gedir, bəzi yerlərdə “Azadlıq!” şüarları səslənirdi...
Belə bir mürəkkəb zamanda Türkiyənin o vaxtkı Prezidenti Turqut Özalın həyat yoldaşı Semra Özal Bakıya qonaq gəlmişdi. Onu hava limanında Azərbaycan Respublikası Ali Sovetinin sədri Elmira Qafarova və Prezident Ayaz Mütəllibovun həyat yoldaşı Adilə Mütəllibova qarşılamışdı.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim edtiyi bu foto “Anadolu” Agentliyinin arxivindəndir.
Zaman 23 iyun 1990-cı il... Məkan Bakı şəhəri...
Azərbaycana ilk dəfə səfər edən Türkiyə Prezidenti Turqut Özalın həyat yoldaşı Semra Özal Bakıda müxtəlif görüşlər keçirib. O, Azərbaycan paytaxtına Türk Qadınını Gücləndirmə və Tanıtma Vəqfinin başqanı olaraq gəlib. Səfər isə Azərbaycan Qadınlar Cəmiyyətinin dəvətilə baş tutub.
Bu foto həmin səfərin yadda qalan anlarından birini əks etdirir.
Səfər çərçivəsində Semra Özal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə də görüşür.
Şəkildə: soldan sağa - Allahşükür Paşazadə, Semra Özal və Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Zemfira Verdiyevadır.
O illərdə Türkiyədən gələn hər isti münasibət Azərbaycanda xüsusi duyğular oyadır, qardaş nəfəsi kimi qarşılanırdı. Bu həm də “yanınızdayıq!” mesajı demək idi. Hələ müstəqilliyini rəsmən qazanmamış Azərbaycan üçün qardaş Türkiyənin diqqəti xalqın yaddaşında ümid işığı kimi qalırdı.
Semra Özalın Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyilə baş tutan görüşü də xüsusi əhəmiyyət daşıyırdı. Çünki o dövrdə din, milli kimlik və dövlətçilik anlayışları yenidən formalaşırdı.
Digər tərəfdən, o dövrdə din xadimləri cəmiyyət üçün həm də mənəvi dayaq hesab olunurdu. Şübhəsiz ki, Semra Özal bunları nəzərə alaraq Allahşükür Paşazadə ilə də görüşməyə qərar vermişdi.
Fotoda diqqət çəkən məqamlar var: bir dövrün siyasi ab-havası, diplomatik jestlər, mənəvi yaxınlıq...
Rəsmi protokol çərçivəsində çəkilmiş şəkil olsa da, üzlərdə hiss olunan təmkinin arxasında böyük bir tarixi gərginlik dayanır. Çünki həmin ilin Bakısı artıq əvvəlki Bakı deyildi. Ölkə yeni bir dövrə qədəm qoymqda idi.
Şəkildə diqqət çəkən məqamlardan biri də milli-mənəvi çalarların aydın hiss olunmasıdır. Baş örtükləri, geyim üslubu, insanların baxışları - bütün bunlar 90-cı illərin əvvəlinə xas olan ictimai ruhu əks etdirir...
Ə.Qafarlı